Heykəllər haqqında...

29-09-2024, 07:14           
Heykəllər haqqında...
Mehriban Vezir
Dəbdə olan bir ifadə var, `heç kimi bütləşdirməyin`... `heykəl dövrü deyil` və bu kimi fikirlər...
Lakin... məlum gerçəkdir ki... tarix heykəllər tarixidir və ya heykəlləşmiş şəxsiyyətlər tarixidir.
Avropa, dünyanın ən çox heykəl olan qitəsidir. Bütün böyüklərinə - krallarına, reformistlərinə, sərkərdələrinə, milli, siyasi, ədəbi aydınlarına, hətta əfsanə qəhrəmanlarına heykəl qoyublar. Gələnə- gedənə öz tarixlərini, hətta mifik, metafizik tarixlərini bu əyani vasitələrlə tanıdırlar, deyərdim, heyran edirlər.
Bir anlığa heykəlsiz Avropa düşünün... mümkün deyil...
Heykəllərlə bəzənmiş Afrika da... fantastikadır...
Heykəlsiz milli mədəniyyət, heykəlsiz bəşər tarixi, eləcə də heykəlsiz dövlət tarixi... yoxdur.
Öz böyüklərinin heykəlini dikəltməyən dövlət - işğalçının ayaqaltısıdır... deməkdir.
Heykəl - həm də milli azadlıq rəmzidir.
Lakin...
Qara tale yaşamış, yəni 100 illərlə işğala düşmüş bizim kimi millətlərə öz böyüklərinə deyil, öz böyük düşmənlərinə və ya milli xəyanətkarlara heykəl qoydurublar.
İşğal - milli sərvəti talan etməklə yanaşı, həm də səni sənə unutdurmaq, adını yadından çıxarmaq, milli kimliyinə, tarixinə, mədəniyyətinə, böyüklərinə düşmən etmək hərəkatıdır. Çoxşaxəli, çoxməkrli, çoxqərəzli və... qatil bir sürəcdir.
Bunlar bizim başımza gəlib... eləcə də çox millətlərin çəkdiyi məlum müsibətlərdəndir.
Yeni dövr şüur işğalçılığıdır. Bu, çağdaş Qərb ürünüdür... neoişğalçı `Rəsulzadəyə heykəl qoyma` deməz, amma sənin beyninə yeridər ki, heç kimi bütləşdirmə, bütləri dağıt, heykəl zamanı deyil... öz ölkəsində isə milli dəyərə çevrilmiş şəxsiyyətlərinin bütünü yaradıb, yəni heykəlini dikəldib sənə öz hekayəsini aşılayar, öz tarixini öyrədər. Öz köklərini qoruyar, sənin köklərini isə sənin şüurunla, sənin dilinlə qurutmağa çalışar.
Neoişğalçılıq tarixin bəlkə də ən məkrli dönəmidir... çünkü riyakardır, dili başqa, qəlbi başqadır.
Əgər məlum rus işğalı, əlbəttə, əski rus işğalı Hacı Zeynalabdini evində dustaq edir, adını silirdisə, böyüklərimizi güllələyirdisə, neoişğalın gülə-gülə formatladığı beyin deyir, `Bəli, xeyriyyəçi idi, qız məktəbi açmışdı, amma bu adam öz vaxtında bütün Bakı məhkəmələrini cibində gəzdirir, hakimlərə istədiyi qərarı çıxartdırır, sözünün üstünə söz deyəni qoçularına döydürür, şəhərdən qovdururdu. Bakıda onun əzəmətli heykəlinin olmasına gərək yoxdur.`
Hacının timsalında yüzlərlə böyüklərimizin aqibəti budur…
Bu yerdə, artıq... xidmətləri və şəxsi qüsurları tərəziyə qoyub ağır gələni dəyərləndirmək... kimi həqiqətlər keçmir. Çünkü şüurlar sənə özəl formatlanıb, neoişğalçı öz məkrli işini sənin uyğulanmış ağlınla görür: bütləşdirmə, heykəl qoyma, realist ol, tənqid et, fürsət düşsə təhqir et, vur yerə, sənin böyüklərin elə də böyük deyil...
Nə isə...
Demək istədiyim odur ki, mədəni bəşər hər zaman öz böyüklərinə, xidmətində duranlara heykəl qoyacaq. Tarix heykəllərin tarixidir. Və ya heykəlləşmiş, qəlblərdə heykəl dikəltmiş şəxsiyyətlərin tarixidir.
Allah, millətimizə bir daha düşmənə heykəl qoymaq dönəmi yaşatmasın, öz milli-müqəddəs yükünün daşıyıcılarına heykəl qoymaq şansı versin.
Kollektiv ağlımızı isə məkrli formatlardan qorusun.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.