ADEKVATLIQ HARMONİYASI...

3-10-2024, 08:04           
ADEKVATLIQ HARMONİYASI...
Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin rəsm və heykəl təsvirinə olduqca ciddi yanaşmaq lazımdır. Hər bir cizgi insanı sənətinə adekvat təsvir etməlidir.
Lakin zaman gedir, təsviri sənətdədə dəb axınları öz yerini alır. Klassik ustadlar Leonardo da Vinçinin, Mikelandjelonun yerinə pikassolar gəlir. Günümüzdə təsviri sənətdə ekspressionizm, kubizm, syürrealizm, kinetik təsvir daha populyarlaşır. Amma qızıl qayda həmişə aktualdır: insanın həyat tərzi, fəaliyyəti, sənəti onun təsvirində oxunmalıdır.
Əslində istənilən dahi bir əsərə irad tutulması mümkündür - görmə, duyma, assosiyasiya fərdi hissiyatlardır. Bununla belə, təsvirdə adekvatlıq harmoniyası mütləq meyardır və gözlənilməlidir. Məsələn, müğənninin təsviri ilə döyüş zabitinin təsvirində kolossal fərq ilk baxışdan gözə çarpmalıdır.
Məhz bu reallıq üçün, rəssam, heykəltəraş daima natura axtarışında olur. Çox görkəmli Azərbaycan məşhurlarını indiki nəsil görməyib. Lakin dahi sənətkarlarımız tək bir sifət cizgisi, mimika, baxış, duruş, kinetika fraqmenti ilə hafizəmizdə parlaq, bənzərsiz obrazlar kimi qalıb. Xüsusən, incəsənət xadimlərinin təsvirlərini ,, balta" vasitəsi ilə çapmaq, onların mahiyyətini əks etdirmir.
Müstəntiq-yazıçı Lev Şeyninin bir hekayəsi var. Məşhur qanuni oğru üzün müddət ,,kəşfiyyat" aparandan sonra, zəngin bir mənzilə girir. Otaqların birindən körpə ağlamağı eşidir. Başlayır uşağı sakitləşdırməyə. Elə uşaqla bir yerdə özüdə yuxuya gedir. Sonda, milis onu şirin yuxudan oyadıb aparır. Bu hadisə oğru aləminə yayılandan sonra binəva oğru ,,tacından" imtina edir. Evi qarət edən cinayətkarı beşikdəki ağlayan uşağa layla çalması təsvirini kim real qəbul edər?
Odur ki, təsviri sənətdə hər bir şəxs çobanı çoban, müğənnini müğənni, alimi alim, aşıqı aşıq, döyüşçünü döyüşçü kimi görmək istəyir. Təsvir olaraq, rəsm, heykəl göz üçündür. Hər gözləri ilə baxıb duyan insanında, gördüyünü deməyə haqqı var. Və burada ,,xiyar" söhbəti keçmir...
Zahid Teymurov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.