Türk tarixində geopolitik qırılmalar və ya fay xətləri – III YAZI
4-10-2024, 10:04
Şiəlik siyasi ideologiyaya çevrilməsəydi...
Əvvəli: BURDA
Geopolitik Qırılmanın Nəticələri
İdeoloji kontekstdə geopolitik qırılma nəticəsində yeni fay xəttinin formalaşması təkcə 100 illik Osmanlı-Səfəvi müharibələrinə təkan vermədi. Əsas hadisələr bu tarixdən sonra başladı; ideoloji-coğrafi qırılma arxasınca yeni coğrafi qırılmanı gətirdi. Yüz illik müharibə nəticəsində zəifləmiş hər iki imperiyanın torpaqlarına yavaş-yavaş yeni və daha gənc imperiya sahiblənməyə başladı. Bu, XVII əsrdən sonra sürətlə böyüməyə başlayan Rusiya imperiyası idi. Kim nə deyirsə desin, Azərbaycan tarixşünaslığında diqqətdən kənarda qalan 100 illik Osmanlı-Səfəvi müharibələri Rusiya imperiyasının güclənməsinin əsas səbəbi idi. Bu çərçivədə türk dünyasının qırılma nöqtələrini dərinləşdirən bir neçə mühüm məsələyə də diqqət yetirməkdə fayda var.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində Səfəvilər sürətlə zəifləyərək, osmanlılara dirəniş göstərmək üçün Rusiya imperiyasına sığınmağa başladı. Rusiyadan tələb olunan dəstək imperiyanın tədricən Xəzər sahillərinə doğru irəliləməsinə yol açdı və tezliklə Osmanlı ilə Səfəvilər arasında düşmənliyi daha da dərinləşdirməyə nail olan I Pyotr Xəzər sahillərinin işğalına girişdi. XVIII əsrin əvvəllərində Osmanlı və Rusiya imperiyalarının təmas xətti, mübahisəli torpaqlar tarixi türk torpaqları, yəni Azərbaycan idi. 100 illik müharibələr Azərbaycanın Rusiyanın pəncəsinə düşməsi üçün əlverişli şərait yaratmışdı.
Bundan sonra biz Rusiya imperiyasının iştahasının daha da qabardığını, Peterburqda bütün Qafqazı, sonra isə Qara dənizi ələ keçirmək planlarının ortaya çıxmasının şahidi olacağıq. Ruslar tatarlara məxsus geniş çölləri, Ötükən ormanlarını və orada qurulan dövlətləri ələ keçirdikdən sonra şimaldan cənuba enərək, türklərin yaşadığı digər bölgələri də fəth etməyi düşündülər.
Tarixi proseslərin məntiqi deyir ki, şiəlik siyasi ideologiyaya çevrilməsəydi, 100 illik müharibələr olmazdı, 100 illik müharibələr olmasaydı, Osmanlı və Səfəvilər sürətlə zəifləməzdi, hər iki türk imperiyası sürətlə zəifləməsəydi, Rusiya imperiyası Azərbaycanı parçalayıb sonra bütün Qafqazı, Krımı və Qara dənizi ələ keçirə bilməzdi.
Rusiya İmperiyası parçalanmaya yeni şəkil verdi - 1813 və 1828-ci illərdə bağlanan Gülüstan və Türkmənçay sülh müqavilələri ilə Azərbaycanı iki yerə bölərək, 1918-ci ildə hakim olduğu Qafqazda, tarixi Azərbaycan torpaqlarında heç zaman var olmayan Ermənistan adlı yeni dövlət yaradıb, fay xəttini daha da dərinləşdirdi, coğrafi qırılmanın yeni şəklini yaratdı, başqa sözlə, Turanı ikinci və daha həssas nöqtədən qırdı və onun yerinə Avrasiyanı və Avrasiyaçılıq nəzəriyyəsini ortaya atdı. Bu hadisə İran şovinist dairələrinin Güney Azərbaycan adlandırılmağa başlanan bölgəyə tam şəkildə sahiblənməsi üçün əlverişli şərait yaratdı. Rusiya daha sonra işğal etdiyi Quzey Azərbaycanda öz hökmranlığını möhkəmləndirmək üçün məzhəb zəminində düşmənliyi qızışdırmağa başladı. Ruslara dirənişin sərt olduğu sünni bölgələrinə amansızcasına divan tutuldu, yerli əhali katorqalara göndərildi, mühacirətə zorlandı və nəticədə Azərbaycanın quzeyində də sünnilərin sayı kəskin şəkildə azaldı, Azərbaycanın şimalında Şah İsmayılın tamamlaya bilmədiyi işi ruslar əsasən tamamlamış oldu. Bir sözlə, XIX əsrdən başlayaraq, Rusiya imperiyası Osmanlı ilə müharibədə bayrağı Qərbdən alaraq, Xəzər dənizi və Qara dəniz hövzələrinin hakimi oldu.
1925-ci ildə İranda Pəhləvilər hakimiyyətə gəldilər. Bu, 642-ci ildə Sasanilərlə ərəblər arasında Nəhavənd döyüşündən və İran coğrafiyasında fars hökmranlığının sona çatmasından düz 1283 il sonra ilk fars sülaləsinin hakimiyyətə qayıdışı idi.
Birinci Dünya Müharibəsi zamanı İran müharibə edən bloklar arasında strateji mövqedə olduğundan həm çar Rusiyasının (sonra isə Sovet Rusiyasının), həm də İngiltərənin ölkəyə təsiri müharibə boyu artdı. 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə Qərbin əndişələri daha da gücləndi və İranda türk əsilli Qacarlar sülaləsini hakimiyyətdən uzaqlaşdırmaq planını gerçəklişdirməyə başladılar. İran və Anadoluda iki böyük türk dövlətinin mövcudluğu Qərbi narahat etməyə bilməzdi. Bölünmüş Azərbaycan məsələsinə görə ruslar da Pəhləvi xanədanının hakimiyyətə gəlməsinə mane olmadı. Başqa sözlə, İrandakı türklər siyasi iqtidarını itirir, ikinci dərəcəli bir xalqa çevrilir, Azərbaycanın quzeyi isə Rusiyanın (sonra da sovetlərin) nəzarətində qalır və Türkiyə Cümhuriyyəti ilə Orta Asiya arasında uçurum daha da dərinləşdirilmiş olurdu.
Bu məqamda “Tərəfdaşlıqdan Doğan Mübarizə” nəzəriyyəsinə qayıtmaqda fayda var. Bu yeni nəzəriyyəyə görə, tərəfdaşlıqdan doğan mübarizənin iki mərhələsi var. Birinci mərhələdə tərəfdaşlar ümumi məqsədi qorumaq və inkişaf etdirmək üçün birgə mübarizə aparır, aralarında heç bir ziddiyyət və ya çatışma olmur, əksinə, sıx birlik yaranır. Zamanla bir çox ümumi nəsnələr formalaşdırırlır.
İkinci mərhələdə hər bir tərəf ortaq nəsnəyə tək sahib olmaq üçün mübarizə aparmağa başlayır, keçmiş tərəfdaşlar rəqibə, bir çox hallarda isə düşmənə çevrilirlər. Bu məntiqə görə, bu gün İranda farsları və türkləri bir arada tutan əsas birləşdirici qüvvə-şiəlik ideologiyası tezliklə bölücü gücə və ortaqlıq nəzəriyyəsinin əsas prinsiplərindən olan “şəriksiz nəsnəyə sahib olmaq” mərhələsinə keçə bilər. Bu, qaçılmaz tarixi qanun kimi görünsə də, onun reallaşması uğrunda mübarizə də, şübhəsiz, bir zərurətdir.
Mədəniyyətdəki Qırılmalar və ya Ana dili problemi
İran teokratik rejimi son illərdə zəifləsə də, yenə də öz gücünü qoruyub saxlaya, Azərbaycan üçün hazırladığı mürtəce ssenariləri həyata keçirə bilir. Bu ssenarilərin ən qorxulusu dil sahəsində ortaqlıq siyasəti, yəni İranda islam ümmətinin ortaq dilinin yaradılması siyasətidir. Bu siyasət çərçivəsində Güney Azərbaycanda Azərbaycan dili din və məzhəbçilik adıyla məhv edilməkdədir.
Bu plan iki fərqli istiqamətdə həyata keçirilir.
Birincisi, Azərbaycan dilində təhsil üçün bütün imkanları aradan qaldırmaq və ədəbi dilin, elmin, elmi dilin formalaşmasının qarşısını almaqdır. Bu gün Güney Azərbaycanda ədəbi dil yoxdur. Pəhləvi sülaləsi (1925-1979) ilə başlayan fars şovinist siyasəti dili ən zəif məişət dili səviyyəsinə endirdi. Bu sülalənin hakimiyyəti dövründə Azərbaycan dilində təhsil verən məktəblər (Azərbaycan dilində təhsil verən sonuncu məktəb 1946-cı ildə bağlanmışdır) və mətbuat orqanları ləğv edilmiş, ədəbi-elmi birliklərin fəaliyyəti dayandırılmışdır. XX əsrin mühüm mədəni proseslərindən biri olan ədəbi dilin formalaşma imkanları aradan qaldırıldığı üçün Güney Azərbaycanda elmi dil və elm də formalaşa bilmədi. Bu gün Azərbaycan Respublikasında və İranda yaşayan 50 milyonluq Azərbaycan xalqının elmi və mədəni yükünün əsas çəkisi şimaldakı azərbaycanlıların çiyinlərindədir. 10 milyon əhalisi olan Azərbaycan Respublikası 50 milyonluq böyük ailə üçün elm və mədəniyyət yaratmalıdır. Bu da bir gerçəklikdir ki, 10 milyonluq şimal əhalisi bu böyük yük üçün lazım olan lokomotiv funksiyasını yerinə yetirə bilmir. 50 milyon əhalisi olan Azərbaycanın hər bir fərdi bu işə öz töhfəsini verməsə, dünyada elm və təhsil sahəsində rəqabəti yalnız şimalın gücü ilə həyata keçirib ciddi uğurlar əldə etmək çox çətin olacaq.
İkinci istiqamət, Azərbaycan dilinin strukturunun dəyişdirilməsinə yönəlmiş mürtəce fəaliyyətdir. Bu məkrli planı həyata keçirmək üçün dindən və dindarlardan bir vasitə kimi istifadə edilir. Dilə dini anlayışlar adı altında yeni hibrid sözlər əlavə olunur və artıq köhnə ərəb və fars sözləri ilə dolu olan Azərbaycan dili daha da ağırlaşdırılır. Ortalama 70-80 kəlmə ilə danışan indiki Güney Azərbaycan əhalisinin dilinə diqqət yetirsəniz, on kəlməlik cümlədə 2-3 türk kəlməsinin işləndiyini görəcəksiniz. Proses belə davam edərsə, yaxın zamanlarda bu sözlərin sayı daha da azalacaq.
Milləti yaşadan dildir; dil yoxdursa, millət də yoxdur. İranda türk dilinin ortadan qaldırılması təşəbbüsləri mədəni sahədə geopolitik qırılma kimi dəyərləndirilə bilər. Bu baş verərsə, orta çağlarda yaradılan geopolitik qırılmanı ortadan qaldırmaq imkansız hala gələcək.
(Davamı olacaq)
Xaləddin İbrahimli
pressklub