Səfəvilərin mənşəyi və Zahid Gilani

Bu gün, 17:44           
Səfəvilərin mənşəyi və Zahid Gilani
Uzun illər Azərbaycan tarixşünaslığında dolaşığa salınan və üzərində indiyə qədər müxtəlif spekulyasiyalar aparılan mövzulardan biri də səfəvilərin etnik mənşəyi məsələsidir. Problemin kökü səfəvilərin mənşəyi ilə bağlı ən mötəbər qaynaq hesab olunan "Səffətüs səfa" əsərinin iki nüxsəsində verilən iki fərqli versiyadan gəlir. Belə ki, 1357-ci ildə Şeyx Səfiəddinin müridi Təvəkkül ibn Bəzzaz tərəfindən yazılan farsca orijinal nüxsədə səfəvilərin ilk nümayəndəsi Firuzşahın əl-kürdi Sincani nisbəsi Ə.Kəsrəvi, Z.V.Toqan və digər tarixçilərin səfəvilərin mənşəcə kürd olması tezisini müdafiə etməsinə səbəb olmuşdur. Əsərin 1542-ci ildə şah I Təhmasibin (1514 - 1576) göstərişi ilə türkcəyə tərcümə olunan nüxsəsində isə səfəvilərin soykökü Həzrəti Əliyə dayandırılır. Bu nüxsəyə istinad edən tarixçilər səfəvilərin mənşəcə ərəb olması qənaətindədirlər.
İndi isə məsələni araşdırmaq üçün yola çıxaq. Əvvəla, Səffətüs Səfa əsərinin hər iki nüxəsində nə yazılmasından asılı olmayaraq həm Şeyx Səfiəddin, həm atası Əminəddin Cəbrayıl bütün səfəvi qaynaqlarında "türk gənci", "türk piri" xitablarla xatırlanır. Əsərin türkcəyə tərcümə olunan ikinci nüxsəsində sülalənin soykökünün imamlara dayandırılması, heç şübhəsiz dini-siyasi legitimlik qazanmaq üçün səfəvilərin özləri tərəfindən əlavə edilmiş məlumatlardır. Səfəvilər dövrünü araşdıran əksər tarixçilər bu fikirdədir.
İndi isə səfəvilərin kürd mənşəli olmasına aydınlıq gətirək. Səffətüs səfa əsərinin ilk farsca nüxsəsində Firuzşah Zərrinkülah əl-kürdinin İbrahim Ədhəm övladlarından biri nəfərlə Sincar ərazisindən Azərbaycanı fəth etdiyi və buranın əhalisini müsəlmanlaşdırdığı qeyd olunub. Firuzşahın əl-kürdi nisbəsi onun mənşəcə kürd olduğu və Diyarbəkirin Sincar ərazisindən gəldiyi ehtimalını gücləndirib. Halbuki, İbrahim Ədhəm VIII əsrdə Bəlx şəhərində anadan olan bir türk sufi şeyxi idi. Onun nəslindən istənilən şəxs Azərbaycana qərbdən yox, şərqdən köç edə bilərdi. Yəni, Firuzşahın Azərbaycana fəth hərəkatı Diyarbəkirdən yox, Xorasan üzərindən olmalıdır. Mənbələrdə qeyd olunur ki, Firuzşah Şeyx Səfiəddinin yeddinci nəsil ata-babasıdır. Şeyx Səfiəddinin 1252-ci ildə anadan olduğunu əsas alıb, ondan əvvəl hər əsrə 3 nəsil götürsək, Firuzşahın Azərbaycana təxminən XI əsrin ortalarında gəlmişdir. Beləliklə, ilk qızılbaş hesab olunan səfəvilərin əcdadı Firuzşahın səlcuqlu fəthlərində Azərbaycana gəldiyi məlum olur. Bu da səfəvilərin mənşəcə türk olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Şeyx Səfiəddinin mürşidi Zahid Gilaninin üçüncü nəsil ata babasının da eynilə Firuzşah kimi əl-kürdi Sincani nisbəsi var. Bu məlumat Zahid Gilaninin mənakıbnaməsində yer alır: "Şeyx Tacəddin İbrahim ibn Rövşən Əmir ibn Babil ibn Bəndar əl-kürdi Sincani". Bu şəcərədən yola çıxaraq əksər tarixçilər Şeyx Zahidin ata-babalarının Firuzşah kimi Xorasandan gəldiyi və səfəvilərlə soykök və ya yurd bağlılığının olması qənaətindədir. Şeyx Səfiəddinin də Şirazdan Lənkərana gələrək Şeyx Zahidə mürid olmasının arxasında bu bağlılıq dayanır. Çünki ariflik mərtəbəsinə yüksəlmək üçün Ərdəbildən Şiraza gedən Şeyx Səfiəddinin ata yurdundan bir neçə km-lik məsafədə yaşayan məşhur sufi alimi Zahid Gilaninin adını Sədi Şirazidən eşitməsi və onun məsləhəti ilə Lənkərana getməsi məntiqli görünmür. Digər tərəfdən Şeyx Zahidin yaratdığı Zahidiyyə təriqətində Xorasan təsəvvüf məktəbinin izləri açıq-aydın görünməkdədir. Bu izlərin ən mühümü isə Zahidiyyə təriqətində Xorasan məktəbinə xas olan xəlvətilik elementinin olmasıdır.
Əkbər Nəcəf və Babək Cavanşir, Türk Xaql İslam Anlayışına görə Qızılbaşlıq və Şah İsmayıl Xətayi
Samid Quliyev və Etibar Vəliyev, Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları
Namiq Musalı, Şeyx Zahid Gilani mənakıbnaməsi
Елбрус Вахидов
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.