QAÇAQ TAPDIQ və QAÇAQ İSA

Dünən, 10:29           
QAÇAQ  TAPDIQ və  QAÇAQ  İSA
(Yazılı mənbələrə və Oğuz rayon sakinlərinin söylədiklərinə əsasən)

XIX əsrin son rübündən Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması qaçaq hərəkatı idi. Milli müstəmləkə zülmünə qarşı mübarizədə qaçaq hərəkatının böyük əhəmiyyəti olmuşdu. Həmin dövrlərdən qaçaq hərəkatı Oğuzda da (keçmiş Vartaşendə) baş qaldırmışdı. Rayonda bu hərəkatın ən məşhur simaları Qaçaq Tapdıq və Qaçaq İsa olub.
Tarixçi alim H.Manaflı özünün “Şəki üsyanları” əsərində yazır: “Nuxa-Zaqatala dairəsində qaçaqçılıq hərəkatının məşhur simalarından biri də Vartaşen (Oğuz) rayonunun Muxas kəndindən olan Tapdıq Üzeyir oğlu Mikayılov idi. Bolşevik rejiminin müəyyən etdiyi meyarlar baxımından ortabab kəndli zümrəsinə mənsub olan Tapdığın Muxasda balaca bir dəyirmanı vardı. 1918-ci ildə Calud talanı zamanı islamı qəbul etmiş Ağasəf adlı bir nökəri də olub. Bu nökər Tapdığın həyatının sonrakı mərhələsində üzləşdiyi bütün fəlakətlərin əsas baiskarı oldu. On birinci bolşevik ordusu sıralarına qoşulmuş Ağasəf onu yeni ağalarına sovet hökumətinin təhlükəli düşməni kimi təqdim edir. Bu təqdimat Tapdığın boynuna keçirilən ölüm ilgəyinə çevrildi. 1920-ci ilin mayında on birinci ordunun sağa-sola ölüm saçdığı günlərdə onu həbs edib güllələmək üçün Şəkiyə aparırlar. Sanki hər şey bitmiş, ölüm qaçılmaz olmuşdu. Lakin möcüzə baş verir. Tapdıq qaçıb xilas ola bilir. O, 1930-cu ilə qədər yarı qaçaq həyat tərzi keçirir. Bəli, belə hallar da mövcud olmuşdur. Adətən bu cür gün-güzəran sürən adamlar silahı əllərindən yerə qoymadan təsərrüfatla, əkin-biçinlə məşğul olurdular. Qaçaq Tapdıq 1930-cu ildə başlanmış Şəki üsyanında iştirak edir. Üsyan yatırıldıqdan sonra yenidən dağlara-daşlara pənah aparır. Tapdıq bolşevik rejiminin törətdiyi rəzalətlərə qarşı çıxıb, üsyan hərəkatında iştirak edəndə də, ləyaqətinə qarşı yönələn alçaq əmələ görə Muxas kəndində Qazi və Kamil kimi əclafları güllələyəndə də, bacısının namusuna qəsd edən Baş Daşağıllı qoçu Məhəmmədi cəhənnəmə vasil edəndə də qisasçı idi. Şərəf və ləyaqət qisasçısı. Bu elə insanlıq naminə aparılan mübarizə idi. 1930-cu ildə atası Üzeyir kişini və üç əmisini güllələdilər. Doğmalarının məhv edilməsi onun həyatının ən faciəli səhifələrindən biri idi. Qanı-qanından, canı-canından olan əzizlərinin qətlindən irəli gələn ürək çatladan, üzücü kədərlə uzun müddət baş-başa qaldı Tapdıq. Qaçaq Tapdığı xəyanətin qara kölgəsi tora saldı. 1941-ci ilin oktyabrında hakimiyyət orqanları onu Şəkinin Oraban kəndində, evində yaşadığı Gözəl adlı qadının xəyanətindən istifadə edərək qətlə yetirdilər”.
İsa Tapdığın ən yaxın silahdaşlarından idi. O, Oğuzun Ərmənət qışlaq kəndindən olub. Onların adları həmişə qoşa çəkilib.
İsanın doğma bacısının əri rayonda dolq pristavı işləyib. (indiki məhkəmə icraçıları kimi) Ona haqsız olaraq əmr olunub ki, qaynı İsanın əmlakını müsadirə etsin. O da əmri yerinə yetirib. Bir müddət sonra gecə ikən İsa bacısıgilə gəlib öz yeznəsini qətlə yetirib.... Və qaçaq düşüb.
Oğuzun Zərrab kənd sakini, tanınmış ziyalı V.Davudov kəndin yaşlı sakinlərindən eşitdiyi bir hadisəni belə nəql eyləyir: ”Zərrab kəndinin ağsaqqallarından olmuş Qubuş kişinin dediklərindən: -Bir gün kəndə milis rəisi, prokror daha bir neçə nəfər gəldi.Qonşu kəndlər də daxil 20 -yə qədər komsomolçunu bir yerə topladılar. Rəis danışmağa başladı: -Yoldaş komsomolçular, Tapdıqla İsa Aydınbulağın başındakı təpədə Nuxa milisi tərəfindən akrujeniyadadılar. Onlara köməyə gedəcəyik. Sizlərdən silah tutmağı bacaran on nəfər irəli dursun. Mən qarışıq on nəfər irəli durduq. Hərəyə bir beşatılan və 10 ədəd də güllə verdilər. Nə edəcəyimizi anlatdıqdan sonra at furqonu ilə o səmtə yollandıq.( Aydınbulaq kəndı bizim kəndimizdən 7-8 km.qərbdə yerləşirdi.)
Hadisə yerinə çatdıq. Qaçaqlar çılpaq, əsasən qaratikan kolundan ibarət təpənin yuxarısında mövqe tutmuşdular. Təpə aşağıdan tamamilə müasirəyə alınmışdı. Əmr olundu ki, sürünə -sürünə yuxarıya doğru irəliləyək. Bir müddət süründük. Təpənin ucuna xeyli yaxınlaşmışdıq ki, qaçaqlar bizi güclü atəşə tutdular. Güllə yaxınlığımdakı milisin kepkasını başından götürüb atdı. Yerindən qopan dağ aşağı qaçmağa başladı. Xeyli adam hətta tüfəngini də atıb qaçmışdı.
Atışmada ölən və ya yaralanan olmamışdı. Çünki qaçaqlar kimsənin ölməsini istəməmişdilər ....
Axşama yaxın yenidən komanda verildi ki, irəliləyək. Biz təpəyə çatanda orada kimsə yox idi. Qaçaqlar oranı çoxdan tərk etmişdilər...
Bölgə əhalisi qaçaqlara yaxından kömək göstərib. Hətta milisin içərisindən də onlara patron və s. kömək edənlər çox olub. Əhalinin köməyi olmadan sovet hökumətinə qarşı 10-ildən çox mübarizə aparmaq olmazdı.
Tapdıqla İsa qətlə yetrildikdən sonra meytlərini arabanın arxasına bağlayaraq kəndlərdə sürümüş, o zaman üçün qələbəlik həftə bazarı olan Padar bazarında əhaliyə nümayiş etdirmişlər. Bu əməldə məqsəd adamların gözünü qorxuzmaq, həm də şura hökumətinin gücünü nümayiş etdirmək idi...”
Onu da deyək ki, hazırda da Tapdıqla İsa haqqında müxtəlif versiyalar səsləndirilir. Məsələn, Arzu Alisoy babasının dilindən yazır ki, Tapdıq öldürülməyib, Qazaxstan çöllərinə sürgün olunub. Stalinin ölümündən sonra bəraət alıb, Azərbaycana gəlib və Naftalanda məskunlaşıb. İsanı da ora sürgün ediblər. Orada evlənib, oğlu Musa dünyaya gəlib. Bəraət alandan sonra Sumqayıta gəliblər. Nəvəsi Musanın orada yaşadığı söylənilir.
Oğuzun tanınmış təhsil işçilərindən K.Əhmədov da Tapdığın oğlanları Abdulkərimi və Mikayılı gördüyünü və onların Naftalanda yaşadıqlarını təsdiq edir.
Əlbəttə, belə versiyaların doğruluğunu ciddi araşdırmalar ortaya çıxara bilər.
Bizimki isə sadəcə həvəskar araşdırmasıdır.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.