Tarixin dərinliyindən - ALƏMŞAHBƏYİM XATUN
Bu gün, 08:54

Dünya şöhrətli rəssam Sakit Məmmədov uzun əsrlərdir tarixin sükutuna bürünmüş bir obrazı yenidən canlandıraraq həm tariximizə, həm də milli sənətimizə dəyərli töhfə vermişdir. O, Şah İsmayıl Xətainin anası Aləmşah xatunun təsvirini yaratmaqla, Səfəvi dövrünün bir çox sirrlərindən birini üzə çıxarmışdır.
Tarixi mənbələrə görə, Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayıl və onun ardınca gələn Şah Təhmasib dövründə xanımlar, analar və saray hərəmləri barədə yazmaq və məlumat vermək həm saray tarixçilərinə, həm də o dövrün digər tarixçilərinə qadağan edilmişdi. Hətta onların rəsmlərini çəkmək və portretlərini yaratmaq haqqında düşünmək belə mümkün deyildi. Bu qadağalar nəticəsində onlarla tarixi şəxsiyyətin adı və izi zamanla silinmiş, onların kimliyi haqqında məlumatlar itmişdi.
Lakin Sakit Məmmədov, bu qadağanı aradan qaldıran sənətkar oldu. O, uzun illər apardığı araşdırmalar, qədim miniatürlər və dövrün sənədlərinə əsaslanaraq Şah İsmayılın öz əsərlərindən və şeirlərindən də ilham aldı. Nəticədə, 500 ildən sonra ulu hökmdarın anası Aləmşah xatunun möhtəşəm obrazını yaratdı. Bu portret yalnız bədii dəyəri ilə deyil, həm də tarixi əhəmiyyəti ilə seçilir. Çünki bu əsər, unudulmuş bir simanı yenidən Azərbaycan xalqına və tarixinə bəxş edir.
Xalq rəssamı Sakit Məmmədovun bu işi, təkcə bir sənət əsəri yaratmaq deyil, həm də tarixdə mövcud olmuş qadağaları aşaraq yeni baxış bucağı təqdim etməkdir. O, həm tarix elminə, həm də təsviri sənətə misilsiz töhfə verərək, gələcək nəsillərə dəyərli irs qoymuşdur.
Aslan Ismayilov
TEREF