Batin alimi yazır: Batin fəlsəfəsində imam Mehdi kimdir?

Bu gün, 16:31           
Batin alimi yazır: Batin fəlsəfəsində imam Mehdi kimdir?
Bu gün insanlar axirətdə gələcək xilaskarı gözləyir ki, müxtəlif dinlərdə o müxtəlif adlarla qeyd olunur. Qədim Misir mətnlərində Qor Allahı, buddistlərdə - Maytreya, zərdüştilərdə Saoşyant, yəhudilərdə Moşiax, xristianlarda Messiya adlanan İsa peyğəmbər, İslamda - zamanın sahibi Mehdi kimi məlumdur. Bütün bu adlar qədim müdriklərin məntiqində rəmzlər hesab olunur ki, onların əsil mənaları məhz qədim Misir fəlsəfəsinin məntiqi ilə izah olunur. Tövratda samitlərin bu batini mənaları - ilk varlıqların vahid "səfa" dili, yəni sufi məntiqi, Quranda isə Süleyman peyğəmbərə verilmiş "quş dili" adlanır. Batini-Quran kitabımda mən əksər rəmzlərin batini mənalarının açmasını vermişəm.

Misir mənbələrinə görə, dünyanın hökmranı kimi doğulmuş Asar (Azər), yəni Osiris Allahı, yer kürəsində ədalətli cəmiyyət, göydə isə cənnət yaradır. Lakin axirətdə o paxıl qardaşı Set tərəfindən parçalanıb, öldürülür. Asar Allahının oğlu Qor isə, tam kamilliyə çataraq, yaradılışın sirlərini dərk edir və anası İsida ilə birlikdə ölmüş atasını dirildir. Burada Mehdi rolunda Asar oğlu Qor çıxış edir ki, batini mənada bu "dirilmə" - pir, yəni firon Amonun ruhunun İlahla vəhdəti ilə bağlıdır. Firon Amon İlahın, yəni ilkin materiyanın sirlərini dərk etdikdən sonra, onunla vəhdətə nail olur və Gel şəhərinin göylərində Asar və ya Atum adlanan kosmik Allah, onun daxilində isə ölüm şahlığı - cənnət yaradır. Pir Amonun fiziki ölümündən sonra, ruhu Asar (Atum) Allahın ruhuna çevrilərək, göydəki bu kosmik Allaha həyat verir. Mən, internet səhifələrimdəki - "Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər" adlı məqalədə bu haqda ətraflı yazmışam (1). Axirətdə pir Amonun ruhu, padişahlar və peyğəmbərlər nəslindən olan xilaskarın bədəninə tənasüh edir və yaradılışla bağlı İlahi sirləri bildiyi üçün, kosmik Asar (Atum) Allahını dirildir. Bundan sonra Asar Allah yenidən dünyaya hökmranlıq etməyə başlayır. Başqa sözlə, qədim Misir yazılarında Mehdi obrazında olan Qor Allahı - axirətdə insan kimi doğularaq, kamilləşmiş və "atası" Asar Allahının yaradılış sirlərini dərk edərək, göydə bu yaradılışı təkrarlayıb, onu dirildən müdrikdir.

Buddistlər axirətdə gələcək Mehdini - Maytreya adlandırırlar ki, mətnlərə görə o da tam kamilliyə çataraq, insanlara İlahi məntiqi anladacaq və gələcək dövrün müəllimi olacaq müdrikdir. Batini mənada Maytreya rəmzi "Atum-Ra" deməkdir ki, bu da elə qədim Misirin Asar Allahının digər adıdır. İnanca görə Budda Sakyamuni özü onu əvvəldən varis seçmiş, başına kamillik tacı qoymuş və məhz o, Buddanın təliminin təzahürü olacaqdır. Ərəb mənbələrində Sakyamuni rəmzi Sökmən kimi qeyd olunur və onun eli də Azərbaycan Atabəglər Ailəsinin Xelat, yəni Gelat, Gel elidir. Mən internet səhifələrimdəki - "Budda - göydə Allah yaratmış Azəri bəgidir" adlı məqalədə bu haqda yazmışam (2). Başqa sözlə, Maytreya - insan kimi doğularaq kamilləşmiş və öləndən sonra, ruhu Azərbaycan göylərində Allaha çevrilərək, sonrakı dövrün sahibi olacaq müdrikdir.
Atəşpərəstlikdə Azər, yəni Asar (Osiris) Allahı Zərdüşt adlanır ki, sufi-batinilərdə bu adlar eyni mənalı olub - "Ra günəş Allahının ruhu (İssi)" deməkdir (3). Bu dində axirətdə zühur edəcək Qor rolunda, Zərdüşt (Azər) nəslindən olan Saoşyant çıxış edir. Sufi-batini mənada Saoşyant rəmzi "göylərinin ruhu" anlamındadır. Allahın iradəsi ilə möcüzəvi surətdə doğulan Saoşyant, axirətdə şərə qalib gələrək, İlahi haqq-ədaləti bərpa edir. Başqa sözlə, Saoşyant - Amon Allahın ruhunu daşıyan müqəddəsdir ki, axirətdə o, İlahi hakimiyyəti bərpa edib, Asar (Azər) Allahını, onun cənnətindəki ölülərin ruhlarını dirildir.

Yəhudi peyğəmbərlərinin kitablarında Moşiax kimi də qeyd olunan xilaskar Mehdi, müxtəlif obrazlarda, müxtəlif adlar altında çıxış edir. Bu yazılara görə xilaskarın ruhu - "dünyanın" yaradıldığı zaman yaradılmış, bütün yaradılış proseslərini "görmüş" və buna görə də bütün İlahi sirləri bilir. Çox əziyyətlər, xəstəliklər görən xilaskar axırda Allaha çevrilərək göylərə sahib olacaqdır. Xilaskar haqqında ən geniş məlumatlar verən peyğəmbər Yeşayadır ki, o Mehdini - ideal hökmdar, Allah qorxusu ilə hökmranlıq edən, hikmət və dərrakəli, cəsarət və iman ruhlu şah adlandırır. Yeşaya peyğəmbərə görə xilaskarın heç bir görkəmi və əzəməti olmayacaq. O, insanlar tərəfindən rədd edilmiş, kədərli və qəm-qüssəli olacaq. İnsanlar ondan üz döndərərək, ona xor baxacaq və onu heç kim sayacaqlar: "O bizim dərdlərimizi götürüb, kədərlərimizi daşıdı; lakin biz elə bilirdik ki, o, Allah tərəfindən cəzalandırılıb və əzab çəkir. Biz qoyunlar kimi azmışdıq və Rəbb hamımızın günahını Onun üzərinə qoymuşdu. O, əzab çəkdi, amma könüllü olaraq əziyyət çəkdi və ağzını açmadı" (4).
Batini mənada Moşiax rəmzi - "şah ümmətindın olan göy insanı" deməkdir. Tövratda bu xilaskar - ismaililərin Gelad elindən, Parandan (Faran) gələcək nur kimi də qeyd olunur ki, Paran səhrası, Albaniyanın Gelarkün paronterlərinin, yəni firon-bəglərinin Sünikdə "tikdikləri səhra" mənasındadır. Başqa sözlə Moşiax - ruhunun əzəldən yaradıldığı və göydəki Paran səhrasında axirətə qədər qalmış və yalnız axirətdə şah nəslində doğulacaq, İlahi sirləri bilən Gelad-Gelarküni piridir.
Xristianlarda xilaskar "İsa" adlanır ki, bu rəmz sufizmdə ruh, yəni firon Amonun göydə ölümsüzlük qazanmış və axirətdə bir insanın bədəninə köçəcəyi ruhudur. Xristianlar İsa peyğəmbərə Xristos (Xris-Teos) deyirlər ki, bu da batini mənada Xris, yəni qədim Misirin Xoris, Xor, Qor Allahı anlamındadır. Yunanlar onu - müdrikliyi haqqında rəvayətlər danışılan Bakxoris adlandırırdılar və bu rəmz Bəg-Xoris, yəni Bəg-Xristos fikrini ifadə edir. Bakxoris qədim Misir yazılarında "Bakı Xoru", "Bakının Ağası Xor" və s. də adlandırılır. İsa peyğəmbərin Qalileyadan olan nazaretli adlanması, onun Gel, Gelad elinin ismaili-nizari natiqi olması deməkdir. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri İsa peyğəmbəri Yaşua (Yeşua) adlandırırdılar və bu da "Ya-Şiə" mənasındadır. Mən, “İsa peyğəmbər də seyid olub!” adlı məqalədə göstərmişəm ki, xristianlıq da şiəlik kimi məna etibarilə axirətdə gələcək Mehdi inancı ilə bağlıdır (5).

Hədislərin batini mənalarında Mehdi imam Əli hesab olunur ki, xristianlar onu - ruhunun cənnətə diri-diri götürüldüyü İlya adlandırırlar. Məhşur isveçrə kimyagəri Paraselsə görə, bütün sirlər yalnız İlya ustadın, yəni imam Əlinin gəlişindən sonra açılacaq. Paracels “Filosofların Tinctura kitabı”nda yazır: “Transmutasiya ilə bağlı hələ də çoxlu sirlər var ki, onları az adam bilir, çünki onlar kiməsə açılanda belə, dərhal ictimai mülkiyyətə çevrilmir. İncəsənətlə yanaşı, İlya ustadın zühuruna qədər Tanrı onu gizli saxlamaq üçün hikmət də vermişdir. O zaman sirrlər aydın olacaqdır...". Paracels xüsusi nəzərə çatdırır ki, "Məndən sonra dünyaya hələ şöhrətini bilmədiyi, lakin çox şey aşkar etmək qismətində olan biri gələcək... Mənim kitabım ondan əvvəl gəlib ki, Müəllim üçün Şaha layiq yol hazırlasın...” (6). Bu o deməkdir ki, İsa və ya İlyanın əsas fəaliyyəti, qədim sirləri açıb, həqiqətləri insanlara çatdırmaq olacaqdır. İsanın, öləndən üç gün sonra dirilməsi isə, onun fiziki ölüb, ruhunun Allaha çevrilməsi mənasındadır.
Bütün bunlar o deməkdir ki, xristianlıqda İsa peyğəmbər - Qalileya, yəni Gel-eli, Gelad adlanan ismaili-nizarilərin Midiya elindən olacaq və qədim həqiqətləri açıb insanlara çatdıracaqdır.
İslamda imam Mehdi ikili obrazda, yəni əvvəldə gəlmiş və axirətdə gələcək pir Amonun ruhu obrazında - həm Məhəmməd peyğəmbər və həm də varis imam Əli kimi qeyd olunur. Peyğəmbərimizin "Rəbbin adı ilə oxuması" onun, yazıların batini mənalarını açaraq "oxuması" mənasındadır. Burada oxumaq rəmzi "ikra" rəmzi ilə verilir ki, batini mənada bu - oxuyanın kari (kurra), yəni əvvəldə gəlmiş və Quranın batini mənalarını bilən Qor Allahları nəslinin nümayəndəsi olması anlamındadır. Tövratda bu Qor Allahları nəsli - Aqar, yəni İsmaililərin anası Həcər, Qacar nəsli kimi qeyd olunur. Başqa sözlə, sufi-batini məntiqdə "Midiya maqı" mənasını verən Məhəmməd rəmzi - Midiyanın Gelad elindən olan ismaili seyididir. Batini mənada Əhməd və Mehdi rəmzləri də Midiya və Atum rəmzləri ilə eynidir.
İsmaili fəlsəfəsində peyğəmbər rolunda natiq çıxış edir ki, o yazıların və Quranın batini mənalarını bildiyi üçün "danışan Quran" adlanır. Axirətdə gələn son natiq öz Quranını gətirərək, bütün qədim yazıların batini mənalarını açacaq. Mən, internet səhifələrimdəki "Oxuduğumuz Quran - həqiqi Quran deyil!" adlı məqalədə göstərmişəm ki, sufilərə görə həqiqi Quran - Lövhi Məhfuzda qorunan və axirətdə gələcək və batini sirləri bilən natiq olacaq (7). Başqa sözlə, Əhya gecəsi endirilən Quran kitabı, sufi məntiqində "Danışan Quran", yəni ismail natiqi - kutb (kutub) mənasındadır. İslamda bu natiq - "elm şəhərinin qapısı" adlanan imam Əlidir. İfrat Gelad şiələri imam Əlini - "Əli-İlahi" mənasında Allah adlandırırlar ki, "Tövrata görə imam Əli - İslamın Allahıdır!" və mənim bu adda məqaləmdə bu haqda ətraflı məlumatlar var (8).
Batini mənada "Əli" rəmzi - el, yəni vilayət, ölkə, dünya mənasındadır və Orxon-Yenisey yazılarında Türk xanı iddia edir ki, məhz o Tanrıda olmuş və ondan El yaratmışdır. Başqa sözlə, Türk xanı göydə İlahdan El, yəni El-İlah - Allah yaratmışdır. Qədim mətnlərdə El rəmzi Gel kimi də yazılır və batini mənada bunlar eyni mənalıdır. Mənbələrdə imam Əlinin qardaşı Aqil adlanır ki, Buxarinin hədisinə görə Məhəmməd peyğəmbərin evi məhz Aqilə çatmışdır. Aqil rəmzi batini mənada həm Gel (Hel) eli və həm də İlah mənasındadır. Başqa sözlə, sufi məntiqində Məhəmməd peyğəmbərin evi - Türk xanının Gel şəhərinin göylərində İlahdan yaratdığı cənnət Elidir. Qədim Misir mətnlərinə görə də pir Amon - Asar (Osiris) və ya Atum adlanan kosmik Allahı Gel (Geliopol) şəhərində yaratmışdır. Deməli, imam Əli obrazı, axirətdə göydə yenidən yaranacaq Asar (Atum) Allahın obrazıdır. İslamda Asar Allahı - Sarallah kimi qeyd olunur və bu ad imam Əlinin oğlu imam Hüseynə aid edilir.
Alban mənbələrində Əli rəmzi Alu kimi qeyd olunur və Alban ölkəsinin digər adı sayılır. Batini mənada Alban rəmzi Nəbi-eli kimi də oxunur və bu da göydəki peyğəmbər vilayəti deməkdir. Albaniya - Gelarküni Ərənşahlarının Sisakan nəslinin ölkəsidir ki, batini mənada Gelarküni rəmzi Gelar-kəyan, Gelar-koen, Gelar-Kənan və s. dərin mənalar verir. Gelar və ya Gilar rəmzi qədim mənbələrdə Raquil, Raxil, Erakl, Araqil, İrakl və s. kimi də yazılır və Gel, Gelad, Xelat eli ilə bağlı rəmzlər kimi keçir. Mən, “Великие деяния сыновей Иакова и Рахили” adlı məqalədə göstərmişəm ki, bütün qədim Allahlar, padşahlar və peyğəmbərlər, o cümlədən əvvəldə və axırda gələn Allah məhz Gilar eli ilə bağlıdır (9).

Sisakan rəmzi Tövratda Skiniya kimi qeyd olunur və İlahın sakin olduğu çadır, məkan, varlıq, bədən deməkdir. İlahla vəhdətdə olan müqəddəslər qədim Misirdə pir, yəni firon adlanırdı. İran mənbələrdə bu fironlar - farnbaq, frataraka, yəni firon-bəg (pir-bəg), firon-türk (piri-türk) kimi keçir. Bu isə onların - sufizmin tərikə (türük/türk) yolu ilə bəqa fazasına qalxması və bu fazada İlahla vəhdətə nail olması ilə əlaqədardır. Başqa sözlə, Gelarkünin Sisakan nəsli - Gelar elində, bəqa-bəglik məqamında İlahla vəhdətə nail olmuş Türk pirlərinin nəslidir. İmam Mehdinin mənbələrdə baqiətullah adlanması da, onun sufizmin bəqa fazasına yüksəlmiş bəg, yəni elmi ilə "Allahın sübutu olan bəg" olması anlamındadır.
Bütün bunlar o deməkdir ki, Batin fəlsəfəsində imam Mehdi - pir Amonun göydə ilk yaratdığı Asar dünyasının sonunda gələcək və ölmüş Asar Allahını dirildəcək insandır. Adi insan kimi doğulan bu xilaskar, İlahi sirləri açıb, həqiqətləri insanlara çatdıracaq. Öləndən sonra isə onun ruhu, yəni İsa, göydə yaranacaq ikinci ruhlar dünyasının - Əli vilayətinin ruhuna çevriləcək. Beləcə, əvvəldə gəlmiş və 5514 il ömür sürmüş Günəş Allahı Ra-Amonun yerinə, axirətdə gələcək və 2246 il ömür sürəcək Ay Allahı Mehdi keçəcək. Bundan sonra iki dünyada zamanın sahibi məhz imam Mehdi olacaq və o öz cənnətinə, əvvəldə ölümsüzlük qazanmış ruhlardan başqa, yalnız ona biət edən möminləri qəbul edəcək.

Ədəbiyyat
1. Məqalə: "Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər", sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1260
2. Məqalə: "Budda - göydə Allah yaratmış Azəri bəgidir", sayt: https://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1
3. Məqalə: "Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir", sayt: https://firudin.blogspot.com/2021/05/zrdustilik-azri-seyid-bglrinin-ilahi.html?m=1
4. Əhdi-ətiq, Yaşaya, 53:2-7
5. Məqalə: “İsa peyğəmbər də seyid olub!”, sayt: https://firudin.blogspot.com/2024/02/isa-peygmbr-d-seyid-olub.html?m=1
6. Кеннет Райнер Джонсон, "Феномен Фулканелли", sayt: https://litmir.club/br/?b=123080&p=32
7. Məqalə: "Oxuduğumuz Quran - həqiqi Quran deyil!", sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1
8. Məqalə: "Tövrata görə imam Əli - İslamın Allahıdır!", sayt: https://firudin.blogspot.com/2024/07/tovrata-gor-imam-li-islamn-allahdr.html?m=1
9. Məqalə: “Великие деяния сыновей Иакова и Рахили”, sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1

Firudin Gilar Bəg
25.03.2025












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.