YAĞIŞ - KƏMALƏ SƏLİM MÜSLÜMQIZI
12-07-2017, 22:17
Yağış
Onda boğulmağın verdiyi əzablar başlandı. Lakin Martin öz sönən zəkası ilə başa düşdü ki, bu əzablar hələ ölüm deyildir. Ölüm əzab vermir. Bu hələ həyatdı, həyatın son sarsıntınsı, son əzabları idi. Bu, həyatın ona vurduğu son zərbə idi.
“ Martin İden “ Cek London
-Nə istəyirsən məndən? Niyə allahın verdiyi ömrü qoymursan adam kimi yaşayım?
- ...
-Yenə su aldı ağzına. Dillən də, de görək qarnının ağrısı nədi?
- Heç nə.
-Bəs niyə qaşqabağını tökmüsən, hə? Hər gün ümidlə baxıram üzünə, bəlkə bir dəfə gülümsəyəsən mənə. Ancaq o qədər eqoistsən ki onu da mənə çox görürsən.
-...Eqoist hansı xalqın sözüdür səncə?
-Başlatma mənə xalqından. Vallahi vurub öldürərəm səni!
-Sən xoşbəxtsən vallah. Mənsə nə qatil ola bilirəm, nə də mərhum.
-Az nəyin əskikdi? Hansı kişi mənim qədər pul qazanır həə? Evim, bağım, maşınım. Əlini isti sudan soyuq suya salmırsan. Xanım kimi yaşayırsan eyy xanım kimi. Evinizdə iki siçan dalaşsa, biri tələyə düşərdi. Sarayda yaşadıram səni. Daha nə istəyirsən ki?
-...Məndən aldığını geri qaytara bilərsən?
-Az nəyin var idi ki sənin? Atanın bir ayda qazandığını bir gündə xərcləyirəm mən.
-...Bəs atam qədər hörmət sahibisən?
-Kimə lazımdı o hörmət? Qırx il tarixdən dərs dedi, öləndə dörd dənə biti də tapılmadı.
-...
- Yalan deyirəmsə de də, sən ki mahirsən səhv tutmaqda.
-Şirxan, xahiş edirəm...
-Şirxan deyən dilinə qurban. Az vallah mənim qədrimi bilmirsən ey sən. Mən səndən ötrü dünyanı dağıdaram, qışda dağdan qar gətirərəm. Bilmədin də qədrimi, bilmədin.
-Mən işimə qayıtmaq istəyirəm.
-Kimə lazımdı sənin işin? Aldığın maaş heç ayaqqabının pulu eləmir.
-Pul hər şey deməkdir məgər?
-Bəs nə deməkdir? Bir ay təpik döy, get, gəl, bəs arvadağa axırda diş qurtdalamağa çöp alacaq.Vallah ağıl yoxdu səndə.
-...Məni niyə o həkimin yanına apardın?
-Hansı həkimin?
-...
-Kimi deyirsən?
-USM həkimini .
-Nolub ki?
...
-Yazığın biridi ki o. Yoxsa nəsə qələt eləyib, gedim vurum ağız- burnunu dağıdım.
-Ufff...
-Nolub axı sənə?
- ...Mən evimizə gedirəm.
-Nə olub ki? Xəstələnən var?
-...
-Neçə saatlığına gedirsən?
-Hmm...
-Yaxşı, gözlə aparım.
-Lazım deyil.
-Niyə ki?
-Qayitmayacam.
-Nəə? O nətəər olur?
-Həmişəlik gedirəm.
-Həə belə de...Bizim nəsildə arvad boşamırlar , qadası. Böyük tikəni qulağın boyda edib itlərə yedizdirərəm, amma boşamaram. Qandın?! Qulağında sırğa elə bunu birdəfəlik...
Elə ancaq özünü düşün sən. Mən qohum-qardaşın üzünə nə cür baxacam bəs, heç onu düşünürsən? Bir dənə uşaq doğub onsuz da məni rüsvay etmisən hamının yanında, camaatın üzünə də baxa bilmirəm. Danışdığı sözə bax...
-...Oğlunu misal çəksəydin barı...
-Onu da sən düşünsənə. Məndən yekədi ey boyda. Tay-tuşunun üzünə necə baxacaq, həə? Anam atamı bəyənmədi, atdı getdi deyəcək tifil utana-utana?
-...
-Bütün qohumların mənə pul borcludu. Nə vaxt qaytaracaqlar?
-Sənə yalvardım ki heç kimə borc verməyəsən. Niyə verirdin axı?
-Həə indi belə olur daa. Pis gündə gəlib qapımda it kimi yalvarıb-sıtqıyanda niyə qovmadın qapıdan? İndi nə başımı xarab edirsən həə? “Yaxşılıq eləyən evinə salamat getmə “ dir ey sizinki.
-...
-Noldu, söz ehtiyatın tükəndi, ay filoloq xanım?
-...Əvvəllər də belə olmusan görəsən, ya illər keçdikcə belə dəhşətli məxluqa çevrilmisən?
-Həyatınızı xilas eləyəndə dəhşətli deyildim səncə?
-...
-Mənim bir dənə günahım var, o da səni sevməyimdir.
-...Onda o sevginə and verirəm səni, gəl ayrılaq.
-... Ayrılanda oğlumuzun təhsil haqqını ödəyə biləcənmi ?
-Nəə? İndi də oğlumla təhdid edirsən?
-Təhdid niyə? Bir dəfə də olsun oğlumuz deməmisən ki. Həmişə oğlum deyirsən də. Onda zəhmət çək, təhsil haqqını da tək ödə.
Budaqda yellənən yarpaq kimi asılısız ey məndən, amma qabağıma keçib yekə-yekə danışmağı bilirsiniz.
-Sən, sən...
-Həə, xanım qız, mən.
-Sən insan ola bilməzsən.
-Düz deyirsən, acından ölən qohum-əqrəbana niyə sədəqə paylayıram ki sonra da belə mükafat alım səndən?
-...Mən sənə bir şey deməliyəm.
-Buyur.
-...
-Noldu sənə? Halın pisdi, Arzu? Həkim çağırım? Axı noldu sənə? Sənə gələn mənə gəlsin. Ay insafsız, ölərəm axı sənə bir şey olsa. Ürəyindi?
-Yox.
-Bəs nə oldu?
-...
-Allah, bir dünya kitab oxuyanda baş qalmazmış. Ay Arzu, nə oldu axı sənə?
-Mən...Mən başqasını sevirəm.
-Nəə? Nə dedin?
-...
-Sən nə dedin?...İt qızı it. Ağzından çıxanı qulağın eşidir, həə?! Kimdi o?! Kimdi?! Qonşulardan bilən var bunu?
-Nəyi?
-Zəhrimarı. Sevgilini tanıyan var?
- Heç özüm tanıyıram ki...
-Nəə? Nə sayaqlıyırsan? Söz soruşdum, cavab ver! İfritənin biri ifritə! Demək qoynumda ilan bəsləmişəm. Əclafın biri əclaf! Kimdi ooo?!
-Xahiş edirəm...
-Kəs səsini, nankor! Danışma, sus, heç nə demə...
-...
-Dur, dur get yat.
-...
-Hə get yat. Xəyallarını da qoy balışın altına.
-Nəə? Bəs...
-Hə yatmağın məsləhətdi. Yəqin sənin əsəblərin bir az korlanıb, ona görə belə danışırsan. Get dincəl.
-...
- “Ay allah, görən o kimdi? Harda görüblər bir-birilərini? Kim cürət edib mənim arvadıma yan baxa bilər? Bilən varsa biabır oldum, batdım mən. Görəsən mən tanıyıram kimdi? Qohumdu ya qonşu? Allah, sən özün məni rüsvay olmaqdan qoru...
Mobili həmişə ortalıqda olub, necə əlaqə saxlıyıb ki bunlar? Bəlkə ev telefonuyla? Allah, sən ağlımdan muğayat ol. Kimsə bilsə mən batdım. Abrım getdi, biabır oldum...
Yəqin mən onu bir az sıxıram, ona görə belə deyir. Gərək işə çıxmağına razılıq verəydim. Yoxsa allah göstərməsin başına hava zad gələr, onsuz da nəsillərində var bunların...
Yoox, olmaz. İşə çıxmağına icazə versəm, sonra da ayağını dirəyib boşanmağa israr edəcək. Bilir axı üzüyumşağam...
Bu kim olar, ay başına dönum? Bəlkə aldadır məni, boşanmağa razılıq verim? Allah, sənə qurban olum, nə ola heç kim xəbər tutmaya...”
-Ata.
-Həə.
-Nə olub?
-Heç nə.
-Sən məni eşitmirsən axı.
-Heş zad olmuyub. Sən get gir otağına, qapını da möhkəm bağla. Ölsək də xəbərin olmasın.
-Gəlib neyniyim ee? Adamın ürəyi sıxılır sizin yanınızda.
-Niyə ki?
-Ev deyil ey, fəxri xiyabandır sanki...
-Çox sağol.
-İncimə ata, vallah bezdim bu gərginlikdən.
-Ə,yavaş danış, anan eşitməsin. Onsuz da hey-heyləri ayaq üstündədi. Neyləyim, a bala? Mən köpəyoğlu sizə çox yedin demişəm heç? Ha istəyirəm mehribançılıq olsun, anan hər şeyi kor qoyur daa.
-Anam hanı?
-Otağında.
-... Anamla məktublaşmağa başlamısınız?
-Nə deyirsən, a bala? Heç zarafat edəsi halda deyiləm.
-Vallah düz sözümdür. Bax, anamın xəttidir.
-Nə məktub ə. Birdən məhkəməyə ərizə zad yazmış olar ee.
-Məhkəməyə niyə ?
-Ver bura görüm... Neylədin, neylədin sən, ay bədbəxt?!
-Ata...Nə yazıb ki anam?
-...
-Anaa! Anaaa!!!
-Yox, sən baxma!
-Burax məni! Anaaa! Buraaax!!!
-Oğlum, dayan, baxma. Qurbanın olum, keçmə içəri.
-Ata, niyə? Niyə belə etdi anam?
-Bizi düşünmədi də, bala.
-Niyəə?
-Bilmirəm. Onun qədəri də beləymiş, mənim balam.
-...
-O məktubu ver mənə. Aç əlini, mənim balam. Oğlum, bu barədə heç kimə heç nə demə. Yaxşımı, ələlxüsus da o dördgöz dayına. Oldumu, mənim balam?
-...
-Belə olmasını heç birimiz istəməzdik. Mən ananı dünyalar qədər istəyirdim, o məni istəməsə də. Kişi ailəsinin sözünü kənara çıxarmaz.
-Ata...
-Can bala, daha bizim bir-birimizdən başqa heç kimimiz yoxdu.
-Bəs dayım?
-...
-...Ata, gör necə yağış yağır. Anam belə yağışı hər şeydən çox sevirdi... Göylər də anam üçün ağlayır.
-Nəə?... Yağış bizi bədbəxt etdi desənə...