Baş redaktor bir cümləyə görə cəza aldı-AZƏRBAYCANDA İLK

17-10-2015, 20:30           
Baş redaktor bir cümləyə görə cəza aldı-AZƏRBAYCANDA İLK
Fikrət Fəraməzoğlu: “İndiyə qədər heç bir jurnalist başqası haqqında yazılmış yazıda digəri barədə 1 cümləlik qeydə görə cəza almayıb”

Dünən Masallı rayon Məhkəməsi rayon icra başçısı Rafil Hüseynovun JAM.AZ saytının baş redaktoru Fikrət Fəraməzoğluna qarşı iddiası əsasında sonucu proses keçirilib. Məhkəmənin sifariş əsasında çıxardığı qərara əsasən Fikrət Fəraməzoğlu əmək haqqısının 15 faizi tutulmaqla 1 il müddətinə islah işlərinə cəlb olunub.

Baş redaktor bununla bağlı bildirib ki, Masallı Məhkəməsinin hakimi Anar Alməmmədovun sədrliyi ilə 4 aydan çox davam edib. Onun sözlərinə görə, çıxarılmış qərar sifariş əsasnda verilib. “Masallı Məhkəməsinin mənim haqqımda belə qərar çıxaracağını əvvəlcədən bilirdim. Təsəvvür edin ki, Anar Alməmmədov hər gün icra başçısı ilə bir yerdədir və bərabər çörək yeyirlər. Digər tərəfdən, rayon məhkəmələrinin hakimləri kimdirlər ki, icra başçısının sözünü eşitməsinlər. Bildiyim qədər Rafil Hüseynov mənə daha ağır cəza vermək istəyib. Görünür, indiki məqamda daha bir jurnalistin cəzalandırılması hələlik hakimiyyətə sərf etmədiyindən razılıq ala bilməyib”.

Fəraməzoğlu daha sonra qeyd edib ki, Masallının icra başçısı onu Mətbuat Şurasının sədri Əflatun Amaşov haqqında yazılmış yazıya görə məhkəməyə verib. “Mən öz imzamla Əflatun Amaşovla bağlı tənqidi məqalə yazmışdım. Həmin yazıda MŞ sədrinin bir çox icra başçılarından aylıq pul alaraq, onların mətbuatın tənqidindən qoruyacağına dair öhdəlik götürdüyünü vurğulamışdım. Orada həmçinin Masallının icra başçısı Rafil Hüseynovun da adı çəkilirdi. Mənə qarşı qaldırılmış iddia da məhz böyük bir yazının içindəki bircə cümlədən ibarət idi. Azərbaycanda indiyə qədər heç bir jurnalist başqası haqqında yazılmış yazıda digəri barədə 1 cümləlik qeydə görə cəza almayıb. Bu ilk haldır. Və yəqin ki, bundan sonra da olmayacaq”.

JAM.AZ-ın baş redakltoru qeyd edib ki, Masallının icra başçısı ilə toqquması ilk deyil. O vurğulayıb ki, hələ bir müddət əvvəl də Masallı Məhkəməsindən mülki iş üzrə məsələyə baxılıb. “Orada Rafil Hüseynov iddia qaldırmışdı ki, 50000 manat cərimə olunum. Düzdür, prosesin necə keçirildiyindən yalnız qərar çıxarıldıqda xəbərim oldu və bildim ki, 5000 manat cərimə edilmişəm. Bu artıq ikinci haldır. Və sifariş əsasında haqqımda qərar çıxrılıb”.

Fikrət Fərməzoğlu deyir ki, Rafil Hüseynovun onun haqqında tez-tez məhkəməyə müraciət etməsinə səbəb qorxudur. “Etiraf edim ki, bu adam məndən deyil, yazdığımız yazılardan qorxur. Mən özüm Masallıdan olduğum üçün yetərli qədər məlumat almaqla yanaşı, korrupsiya hallarını da müşahidə edə bilirdim. Bu da təbii ki, icra başçısına sərf etmirdi. Ona görə də, bir şəkildə qarşımızı almağa çalışırdı. Xeyli şirnikləndirici vədlərin xeyri olmadı. Axırda da belə yola əl atdı ki, bəlkə susdura bildi. Amma Rafil Hüseynov unudur ki, belə vasitələrlə bizi susdurmaq mümkün deyil. Özünü əziyyətə salıb, bir daha məhkəmələrə üz tutmasın. Rafil Hüseynov sözün həqiqi mənasında başını itirib. Rayonu idarə etmək bir tərəfə, özünü belə idarə edəcək gücdə deyil”.

Baş redaktor sonda onu da bildirib ki, haqqında çıxarılmış qərarla bağlı apelyasiya şikayəti verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.