GÖYÇAY MƏRKƏZİ XƏSTƏXANASINDA HƏKİM OTAQLARI SATILIR? - ÖZƏL - YENİLƏNİB

13-12-2015, 20:24           
GÖYÇAY MƏRKƏZİ XƏSTƏXANASINDA HƏKİM OTAQLARI SATILIR? - ÖZƏL - YENİLƏNİB
Baş həkim Famil Zeynalov Səhiyyə Nazirliyinin göndərdiyi dializ aparatını nədən qəbul etmədi?

Müxtəlif dövlət qurumlarına rəhbər təyin olunan bir çox məmurun həmin görəvə özünün şəxsi əmlakı müstəvisindən yanaşdığı haqda informasiyaları illərdir ki, əksər mətbuat orqanları dərc edirlər. Dəyişən nə isə demək olar ki, yoxdur. Əslində vəzifəyə bu prizmadan yanaşmaq yalnız fərdin şəxsi keyfiyyətləri ilə bağlı deyil. Bu həm də təyin edən orqanın dövlət görəvinə münasibətidir. Bütün övladlar tez böyüyüb atalarına oxşamaq istəyirlər. Ölkədə dövlət görəvinə də münasibət belədir. Hər təyin olunan, bacardıqca tez, təyin edənə bənzəmək istəyir. Uşaq və ata münasibətlərində olduğu kimi. Əgər təyin edən, təyin etdiyinin təyinatını, hansısa maraqların təmin olunmasından sonra gerçəkləşdiribsə, ikinci şəxs təyinat almaq üçün istifadə etdiyini və əlavəsi haqda mütləq düşünəcəkdir. Və bu hal onda dövlət görəvindən sui-istifadə meylləri yaradacaq.
Conflict.az-a Göyçay rayon Mərkəzi Xəstəxanası ilə bağlı daxil olan məlumat da, əsasən yuxarıda qeyd etdiyimiz məsələyə bənzəyir. Mənbənin veridiyi məlumata görə bir müddət əvvəl təmir edilərək, yenidən istifadəyə verilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimlər üçün nəzərdə tutulmuş iş otaqları baş həkim Famil Zeynalov tərəfindən həkimlərdən təxminən 3 min manat məbləğ alındıqdan sonra əyləşib işləmək üçün icazə verilir.

Bu rəqəm tibb bacıları üçün isə təxminən 1000 manat civarında müəyyən edilib. Məlumatda o da bildirilir ki, məbləği ödəyə bilməyəcəyini söyləyərək etiraz edənlərə baş həkim müəyyən məbləğdə “güzəştlər“ də edir. “Etiraz edənlərə güzəşti etməyə məcburdur” – söyləyən mənbə baş həkimin bunu məsələnin böyüməmsi üçün etdiyini söylədi. Mənbənin məlumatında o da qeyd olunur ki, təmir zamanı Mərkəzi Rayon Xəstəxanası rayondakı Uşaq və Dəri-Zöhrəvi xəstəxanalarında fəaliyyət göstərirdi. Mərkəzi rayon xəstəxanası təmir edilsə də, həmin xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır. “Lakin bu F.Zeynalovu qətiyyən narahat etmir” – deyən mənbə əlavə olaraq bildirdi ki, rayonda təxminən 1700 nəfər rəsmi qeydiyyatda olan vərəm xəstəliyindən əziyyət çəkən şəxslər var. Rəqəmin əslində daha çox olduğunu söyləyən mənbə onu da bildirdi ki, bu qədər təhlükəli və keçici xəstəliyin daşıyıcısı olan rayonda həmin sahə üzrə cəmi bir həkim, yalnız kiçik otaqda fəaliyyət göstərir. Halbuki xəstəliyin sağalmasına qədər həmin şəxslər təcrid edilmiş şəkildə müalicə olunmalıdırlar. Lakin bu məsələ rayon Mərkəzi Xəstəxanasının baş həkiminin maraq dairəsində deyil. “Çünki bu xəstəliyə tutulanların əksəriyyəti imkansız ailədən olduqları üçün Famil həkim dispanserinin yaradılmasına maraq göstərmir. İmkanı olanlar isə müalicə üçün onsuzda paytaxda və ya xaricə gedirlər” – deyən mənbə, böyrək çatışmamazlığından əziyyət çəkən xəstələrində Göyçayda ciddi problem yaşadıqlarını bildirdi. Xəstəxananın təmirindən sonra açlışda iştirak edən Səhiyyə naziri Oqtay Şirəliyev bu xəstəlikdən əziyyət çəkən insanların əlavə zaman və vəsait itirməmələri üçün xəstəxanaya quraşdırılması üçün dializ aparatı hədiyyə edir.

Lakin xəstəxananın təmiri zamanı bu aparatın yerləşdirilməsi üçün məkan nəzərdə tutulmadığı üçün baş həkim dializ aparatını təkrar nazirliyə geri qaytarır. Ən qəribəsi isə odur ki, nə nazir Oqtay Şirəliyev, nə də nazirliyin digər rəhbərliyi bu məsələ ilə qətiyyən maraqlanmayıblar. Olan isə xəstələrə olub. Məlumatı verən mənbə bildirdi ki, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr hal-hazırda dializ üçün böyük məsafə qət etməklə, əlavə vəsait xərcləməklə Ağdaş rayonuna gedirlər. Mənbə onu da qeyd etdi ki, rayon Mərkəzi Xəstəxanasında artıq həkim çatışmamazlığı da hiss olumaqdadır. Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlər içərisində əsas kontingent yaşlı həkimlərdilər. Məsələn xəstəxanada kardioloq kimi fəaliyyət göstərən hər üç həkimin yaşı 60-dan çoxdur. Mənbə bildirir ki, buna səbəb Tibb Universitetini bitirib rayonda işləmək istəyən gənc həkimlərdən işə götürülmələri üçün tələb olunan vəsaitin miqdarının çoxluğu, onların paytaxtda özəl klinikalara üz tutmalarına səbəb olur. Məlumatı verən mənbə onu da qeyd etdi ki, hal-hazırda 10 gündən çoxdur ki, Maliyyə nazirliyi tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasında yoxlamalar aparılır.

Dekabrın 25-də bitməsi nəzərdə tutulan yoxlamaların gedişi zamanı baş həkimin “məzuniyyətə çıxması” hər kəsi təəccübləndirmişdi. Lakin həftənin ikinci günündən yenidən işə qayıdan baş həkim haqqında xəstəxana kluarlarında informasiyalar gəzir: “Famil həkim işini paytaxtda həll edib”. Kiminlə?
Məlumatı dəqiqləşdirmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamaq cəhdimiz alınmadı.
P.S. Xəsarət alan rayon sakinlərindən birinin yaxını bu gün (13.12.2015) redaksiyaya telefon açaraq bildirdi ki, xəstəxanaya apardığı xəstəni Göyçay rayon Mərkəzi Xəstəxanasında həkimə göstərmək üçün gətirilən xərəyi qucaqlarında yuxarıya qaldırıblar. Çünki təmir zamanı xəstə daşıyan təkərli xərəyin hərəkət etməsi üçün çıxış nəzərdə tutulmayıb. Rayon sakini maraqlı sual da verdi: Görəsən artıq çəkili xəstənin palataya yerləşdirilməsi üçün baş həkim nazirlikdən kran alıbmı? Bundan başqa qəbul şöbəsinin də foyedə olması həm xəstələrin, həm də həkimlərin narazılığına səbəb olur. Şöbənin bu formada fəaliyyət göstərməsi ciddi problemlər yaradır. Müraciətlər müxtəlif insanlar tərəfindən edilir. Birinin gözü qarşısında digərini müayinə etmək nə dərəcədə doğrudur? - deyə sual verən rayon sakininin sualına Səhiyyə nazirliyinin rəsmiləri də cavab versələr daha məqsədəuyğun olardı.

Redaksiya yazıda adı çəkilən qurum və şəxslərində mövqeyini dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.