Kəmaləddin Heydərov: mif və reallıqlar – “FÖVQƏLNAZİR”İN ACİZLİYİ
14-12-2015, 08:58
“Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarışı və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. FHN-dən 3 helikopter və 1 təyyarə, Sərhəd Xidmətindən isə 2 helikopter və gəmilər axtarışa cəlb olunsa da, hələlik neftçilərdən tapılan yoxdur.
Beləliklə, 26 ailə Xəzərin sularına qərq olmuş doğmalarının meyitini qeyri-müəyyən müddətə qədər gözləməyə məhkumdur. Bu qeyri-müəyyənlik hətta sonsuzluğa qədər davam edə bilər. Rəsmi çevrələr “səliqə” və ehtiyatla “təcrübədə meyitlərin tapılmaması halları var” mesajını ictimai rəyə yeridir.
Axtarış işinə cavabdeh olan Fövqəladə Hallar Nazirliyi hələ ki, aciz durumda görünür və hərəkətləri gözləntilərə adekvat deyil. Təbii ki, FHN işçilərini acizlikdə ittiham etmək fikrində deyilik. Bəzi məsələlərdə, məsələn, tikinti şirkətlərinə münasibətdə onlar son dərəcə amansız və qətiyyətli olurlar – tikintinin hər kvadratına görə “dəmir standartlar” tətbiq edirlər. Ancaq kütləvi fəlakət anlarında aciz məxluqa çevrilirlər.
Bu acizlik ilk dəfə 2007-ci ildə – Yasamal rayonunun Murtuza Muxtarov küşəsi, 14 saylı binanın uçması zamanı qeydə alındı. Uçqun nəticəsində 25 nəfər həyatını itirdi. FHN cəsədləri çıxartmaq üçün bir neçə gün vaxt sərf etdi. Təbii ki, “Murtuza Muxtarov 14” saylı ünvan dəniz deyildi ki, dalğalar meyiti çox uzaqlara aparmış olsun, hadisə ərazisi kifayət qədər konkret idi. Ancaq FHN konkret ərazidə meyitləri çıxartmaq üçün xeyli vaxt itirməli oldu. Ancaq peşəkar komanda bunu çox qısa müddətdə icra etməli idi.
Yumşaq desək, FHN onda bu situasiyaya qətiyyən hazır deyildi. O vaxt FHN cəmi 18 aydır yaranmışdı və ola bilsin ki, kütləvi fəlakət anlarına tam hazır deyildi. Ancaq nazirliyin əsasnaməsinə görə hazır olmalı idi. Murtuza Muxtarov küçəsindəki kütləvi faciə anında FHN-in hərəkətlərini bəlkə də “təcrübəsizliyinə” görə bağışlamaq olardı. Ancaq üstündən 8 il keçəndən sonra – hər cür müasir avadanlıq, texnika ilə təhciz edilən FHN-ə (hər il dövlət sərmayələri çərçivəsində nazirliyin maddi texniki bazasının yaxşılaşdırlmasına və modern texnikaların alınmasına yüz milyonlar ayrılır) Binəqədidə yanan binanı vaxtında söndürə bilməməyi və bu səbəbdən də 15 insanın dünyasını dəyişməsini bağışlamaq mümkün deyil.
Hadisə şahidlərinin sözlərinə görə, FHN-nin yanğınsöndürənləri peşəkar davranmayıblar və yanğının söndürülməsi üçün vurulan suların çoxu hədəfdən yan keçib. Təbii ki, faciə zamanı 15 nəfərin dünyasını dəyişməsini təkcə FHN-nin “aktivinə” yazmaq ədalətsizlik olardı. Ancaq peşəkar komanda olsaydı, itkilərin sayının az olacağı yəqin ki, heç kimdə şübhə doğurmur.
Üstəlik ki, yanan binada FHN-nin başqa məsuliyyəti də var – nazirlik tikintidə yanğına həssas üzlüklərin istifadə olunmasının qarşısını almağa borclu idi. Ancaq tikinti şirkətlərinə qarşı qətiyyətli mövqe sərgiləyən FHN nədənsə bu məsələyə çox loyal münasibət göstərib. Kütləvi faciələr zamanı aciz görünən FHN sonrakı proseslərdə kifayət qədər “rentabelli” işləyir. Məsələn, 2010-cu ildə Kür daşqınları baş verdi. Təbii fəlakət səngiyən kimi, FHN zərərçəkənlərə dəyən ziyanı hesablayanda və onlara yeni evlər tikəndə yetərincə “işgüzarlıq” göstərdilər, prosesin monitorinqini aparan hüquq-müdafiəçisi isə türməyə yollandı.
Belə “incə” məqamlarda FHN kifayət qədər sərt və barışmaz mövqe tutur. Bu sərtlik və barışmazlıq təbii ki, nazirliyə başçılıq edən Kəmaləddin Heydərovun imici ilə bağlı məsələdir. Cənab Heydərov kütləvi faciələr zamanı zədələnən imicini “dinc” dövrlərdə belə radikal addımlarla bərpa edir. İnsafən, cənab Heydərov imitasiyanı çox gözəl bacarır. Kütləvi faciələr anında hamı qurbanların aqibətinə ağlayanda kimlərsə çıxıb FHN başçısının peşəkarlığından, təşkilatçılığından, menecerliyindən əfsanələr uydurmağa başlayır. Sanki FHN şefi olmasaydı, qurbanlar daha çox olacaqdı və buna görə də ona hətta heykəl qoymaq lazımdır.
K.Heydərovun funksional öhdəliklərdən kənar fəaliyyəti barədə də əfsanələr dolaşır. Söhbət onun fövqəladə biznes bacarığından gedir. Bəli, onun nəzarətində olan “Gilan-holdinq” ölkənin ən iri biznes strukturlarından biridir. Ancaq holdinq əsasən dövlət sifarişləri və monopoliya üzərində qurulan bir təsisatdır. Bu dövlət sifarişləri kəsilsə və monopoliya aradan qaldırılsa, “Gilan holdinq”in adı nəinki ilk beşlikdə, heç ilk minlikdə də olmayacaq. Məsələn, K.Heydərovun “fövqəladə bacarığı” nəticəsində “Gilan-holdinq” Nizami kinoteatrının təmiri və yenidən qurulması üzrə 53 milyonluq dövlət sifarişini “udub”. Yeri gəlmişkən, “Gilan-holdinq” 53 milyonluq tenderi udan ili hökumət məşğul əhalinin 38 faizinin çalışdığı aqrar sektora cəmi 40 milyon sərmayə yatırmışdı.
Yaxud da holdinqə daxil olan Gilan Tekstil Parkı müəssisəsini götürək. Müəssisə fəaliyyətə başlayandan – 2012-ci ildən ölkəyə tekstil məhsullarının gətirilməsi qeyri-rəsmi qadağan edilib ki, müəssisə məhsullarını rəqabətsiz mühitdə sata bilsin. Belə vəziyyətdə holdinq qurmaq elə də böyük ağıl və bacarıq tələb etmir – inzibati resurslara əli çatmayan adi bir iş adamı belə şəraitdə bəlkə də bundan 10 qat artığını yarada bilərdi.
İnzibati resurslar və böyük dövlət sifarişləri hesabına böyük biznesmenə çevrilmək sadə bir işdir. Bunun ardınca “bəstəkar”, “xeyriyyəçi” kimi tanınmaq ondan da sadədir. Sadə olmayan iş isə funksional öhdəlikləri çərçivəsində kütləvi faciələr zamanı yüksək peşəkarlıq göstərməkdir ki, cənab Heydərov da bu məsələdə həmişə uduzur. Mif və reallıq da bundan ibarətdir.
Qadir İBRAHİMLİ, istiqlal.az