Gəncədə xaraba günə qalan Rəsulzadə parkı... - FOTO

26-01-2021, 12:09           
Gəncədə xaraba günə qalan Rəsulzadə parkı... - FOTO
"Mən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini bilməyən, Cümhuriyyət haqqında təsəvvürü olmayan, onun ənənələrini qorumayan və öz həyatında Cümhuriyyət qurucularını yaşatmayan adamlara verilən bir medalı haram hesab edirəm. Bu, sözügedən məsələ ilə bağlı mənim qəti mövqeyimdir. Bu cür adamlardan kimlər medal alıbsa, onlar bu medala layiq deyillər".
Azərbaycanın xalq şairi, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı ötən il belə bir açıqlama ilə çıxış edəndə təəccüblənməmişdim. Hətta, samballı siyasət və qələm adamının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif olunan şəxslərdən danışarkən sözügedən medalı alan, lakin ona layiq olmayan kəsləri qınaması ürəyimdən olmuşdu.
Çünki, məsələn, illər öncə bütün ölkə ictimaiyyətinin qəzəbinə tuş gələn bir deputatın - Gəncədə Məmməd Əmin Rəsulzadəni təhqir etmiş millət vəkili Naqif Həmzəyevin də bu medala hansı mənəvi haqla layiq görülməsi zehinlərdə acı təəssüfdən, gen-bol suallardan, alovlu narazılıqdan başqa bir şey ifadə etməmişdi.
Naqif Həmzəyevin timsalında, Gəncəni təmsil edən digər deputatlar da sinələrində daşıdıqları o şanlı medalın ağırlığından görünür ki, hələ də xəbərsizdirlər. Amma, Məhəmmədəmin babanın ruhunu incidən, onun bugünlə səsləşən dövlətçilik ideyalarına xor baxanlar təkcə bir neçə deputat olsaydı dərd yarı olardı...
Ötən gün Cümhuriyyət banisi Rəsulzadənin Gəncədəki yeganə büstünü və "Dəmiryolçular parkı" kimi tanınan xarabazarı ziyarət edərkən şəhərin dəmiryolu vağzalının qarşısındakı biabırçılığı seyr edib o deputatları da, medallarını da bir yana qoyub bir çoxlarının Azərbaycanlı olduğuna belə utandım. Onu anladım ki, bizlər xeyli qədirbilməz, xeyli unutqan, tarixi şəxsiyyətlərimizə qarşı da bir xeyli eqoistik.
Rus müstəmləkəçiliyi dönəmində erməni generalı - marşal Baqramyanın heykəli ucalan və 1988-ci ilə kimi çılçıraqlı təmiz park indi zibilliyi ilə, üfunət qoxulu köhnə və uçuq ayaqyolusundakı eybəcər durumu ilə məşhurdursa başqa cür düşünməyə əsasımız da qalmır.
Şəhərin Heydər Əliyev (əvvəlki Şah İsmayıl Xətai prospekti) küçəsindəki cəngəllik ərazidən bəhs etmək, Rəsulzadəni məhz orada görmək, saysız-hesabsız küçə itlərinin o aralıqlarda ölüb çürümələrini adi xəbər kimi qeyd etmək doğrudan çox çətindir.
Bu parkın acı taleyi gündə yüzlərlə insanın köksünə dağ çəkir, ətrafdakı sakinlərdə və bütövlükdə Gəncə ictimaiyyətində müqəssirlərə qarşı ikrah hissləri oyadır. Şəhərin ziyalıları, eləcə də hər il bir neçə dəfə bu məkana ziyarətə gələn müsavatçılar yaşananları parkın yeganə keşikçisi və qonağı olan ulu öndər Rəsulzadənin özünə və dövlətçilik ideyalarına qarşı haqsızlıq hesab edirlər.
“Axı niyə məhz belə olmalıdır?! Cümhuriyyətimizin parlaq liderinin adının əbədiləşdirilməsi işi bizə miras qoyub getdiyi ölkənin ikinci böyük şəhərində nə səbəbə belə çirkin qaranlıqlara qərq edilməlidir? Bu nə laqeyidlik, bu nə yanaşma, acaba?!..” - deyə düşünənlər Gəncədə yetərincədir.
Sabiq icra başçısı Elmar Vəliyevin dönəmində illərlə başına torba keçirilən tarixi şəxsiyyətimizin kiçik barelyefini belə yerləşdirməyə Cümhuriyyətimizin ilk paxtaxtı olmuş Gəncədə fərli bir məkan tapılmayıbsa, sözün bitdiyi yerdir. Rəsulzadə heykəli məhz gorbagor Baqramyanın nəhəng heykəlini əvəz edib deyəmi Rəsulzadə ruhu bunca biganəliklə öz varislərinə incik salınır?,.. bax buna cavab axtarmağın özü belə çətindir!
Durumu anlayanlar düşünür ki, ya park Rəsulzadəyə görə, ya da Məmmədəmin babamız yiyəsiz buraxılmış bu parka görə cəzalandırılır.
Təsadüfi deyil ki, 2010-2015-ci illər ərzində (düz 5 il) Rəsulzadənin büstü parkda təmir adı ilə örtülü saxlanılmaqla insanların ziyarətinə də həsrət qalmışdı. Və o illərdə Prezident İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə dair verdiyi sərəncamın mənəvi-siyasi mahiyyəti bəzi başbilənlərin Azərbaycan Demokratik Respublikasının banisinə olan patoloji münasibətini müsbət yönə dəyişdirə bilməmişdi.
Həmin məsələ ilə bağlı qalmaqal illərlə ictimai müzakirəyə çıxarılmış, məlum deputatın sayıqlamaları ilə müşaiyət olunmuş, Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin: “Dəmiryolçular parkı Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansındadır və hər hansı təmir-tikinti yaxud başqa fəaliyyətləri QSC həyata keçirir. Ona görə də bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur” - kimi absurd tezisli rəzilliklə yekunlaşmışdı.
Rəsmi bilgilərə görə, sözügedən büst 1991-ci ildə Azərbaycan yenidən müstəqil olduqdan sonra ölkə ərazisində Məhəmməd Əmin Rəsulzadəyə qoyulmuş ilk büstdür. Bu ilk baxışda sevindirici haldır. Lakin, görünür hazırda da Azərbaycan Dəmir Yolları QSC-nin sərəncamında olan park-ərazi sözügedən qurumun rəhbəri Cavid Qurbanov və ətrafı üçün də heç bir önəm daşımır. Necə ki, daşımayıb, baş dəmiryolçuların heç biri müstəqillikdən bəri Gəncəyə gəlsələrdə bu parka baş çəkməyiblər.

Biganəlik və ögeyliyin həddi isə nəinki Rəsulzadənin heykəlinə, parkın özünün də qorunub saxlanmasına siraət edib. Baxımsız parkda istirahət və əyləncə üçün də heç bir şərait qalmayıb. İnfrastruktur tamamən dağıdılıb, adicə təmizlikdən, parkdakı qocaman ağaclara qulluqdan da söhbət açmağına dəyməz.
Şəhər rəhbərliyi və Kəpəz icra başçısı Eldəniz Xudiyevin, 100-lərlə işçisi olan Gəncə Kommunal Təsərrüfat İstehsalat Birliyinin isə başı özlərinin xeyrinə olan işlərə, “ölü canlar”ın adına ciblərinə qoyduqları maaş kartlarını almağa qarışdığı üçün parkın məhz QSC-nin ixtiyarında olması işlərinə yarayır. Onun da ayrıca hesabı sorula bilər ki, “DOST İŞ” xəttilə bir neçə nəfəri bu parka cəlb edib günaşırı səliqə-səhman yaratmaq hansı səbəbə mümkün olmayıb? Hansı qadağalar, kimin hiss və duyğuları vacib olanı durdurub?
Bir faktı da qeyd etməliyəm.
Parkdakı bunca neqativin içində yalnız "Şam Bağı" adlı ikimərtəbəli iaşə obyekti göz oxşayır. Anlaşılır ki, parkın dəfələrlə hasarlanması, büstün zaman-zaman insanların ziyarətindən təcrid edilməsi parkda qurulmuş kommersiya maraqlarından da qaynaqlanıb.
Yararsız şəkilə salınmış bir parkda yeganə dəbdəbənin, həvəsin bir kafeyə qonması heç təsadüfə oxşamır. Dedi-qodulara inansaq, deyilən ikimərtəbəli obyekt 2011-12-ci illərdə sabiq icra başçısı Elmar Vəliyevin razılaşması əsasında Kəpəz İHB-nin hazırki icra başçısı Eldəniz Xudiyevin yaxını olan bir iş adamına dəyər-dəyməzə satılıb. Park ərazisindəki bu tikiliyə son illərdə Cavid Qurbanovun da göz yumması qaçılmaz olub. Bu da o deməkdir ki, əslində parkı umursamayanlar maddi maraq yaranarsa hər an Rəsulzadə heykəli qarışıq parkı qarışbaqarış satmağa, özününküləşdirib talamağa belə qadirdirlər.
Beləliklə, problemi dediksə, çözüm yollarını araşdırıb tapmaq, təkliflər vermək də yerinə düşər. Hesab edirəm ki, park təcili olaraq ona sahib çıxmayan Azərbaycan Dəmir Yolları QSC-nin mülkiyyətindən alınaraq ya Gəncə İcra Hakimiyyətinin və ya yerli bələdiyyə qurumunun istifadəsinə (sərəncamına) verilməlidir. Onsuz da sözügedən park SSRİ vaxtı dəmiryolçular üçün nəzərdə tutulmuş funksiyasını çoxdan itirib.
Parkı ən müasir tələblərə cavab verəcək səviyyədə inşa edərək sakinlərin istifadəsinə verməklə Rəsulzadə dəyərlərini də yaşatmaqdan daha yaxşı çözüm onsuz da yoxdur. Buna dair bütün həqiqətlər və parkın gələcək taleyilə əlaqədar məsələlər isə ölkə başçısı cənab İlham Əliyevə mütləq məruzə edilməlidir ki, yerli məmurların özfəaliyyətləri bundan sonra təkrarlanmasın!
Ayrıca Rəsulzadənin baxımsız büstünə gəlincə, xatırladım ki, üzümüzə gələn həftənin sonu – 31 yanvar 2021-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş mərhum Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 137-ci ildönümüdür. Bu əlamətdar gün münasibətilə yaxşı olardı ki, Gəncə şəhər rəhbərliyi və şəhərin “Cümhuriyyət medal”lı millətvəkilləri yeni əməli ideya ilə çıxış etsinlər. Bari bu ildən etibarən “ADY - QSC”-nin “zibilliyinə” “əsir düşmüş” büstün Gəncədə daha səmərəli məkana köçürülməsinə, hətta Rəsulzadəyə daha müasir yeni heykəlin inşa olunmasına şərait yaradılsın.
İnanırıq ki, Nazirlər Kabineti və uzun illərdir parka sahib çıxmaq istəməyən Gəncə icra hakimiyyəti formal olaraq “ADY”-nin ixtiyarında saxlanılan parka və öz həyatı ilə hər kəsə örnək olan Rəsulzadənin zavallı heykəlinə sahib çıxmağı düşünər!
İnqilablar şəhərimizin layiqli küçə və ya prospektlərindən birinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi təşəbbüsü də cümhuriyyət liderinə ən qiymətli ad günü təbriki olardı...
Mərhum xalq şairi Zəlimxan Yaqubun Rəsulzadəyə yazdığı “KİŞİ” şeirindən iki bəndi də yada salmaqla mövzunu sonuclandırıram.
**********
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm.
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!
**********
Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!...
Xoş ümidlərlə - 137 yaşlı ruhun şad olsun cumhuri - qurucu BABA! Sən rahat ol, adın və heykəlin zatən təmiz qəlblərdə, zehinlərdədir!..
Osman Nərimanoğlu
Demokratik.Az




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.