'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...' - Eldar Mahmudovun da adının keçdiyi ŞOK DƏLƏDUZLUQ...

23-02-2021, 10:45           
'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...' -
Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev onun etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edir ki, əksinə, adıçəkilən şəxsin ona bu qədər borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.

Bu cinayət işində Quliyevdən başqa da zərərçəkmiş qismində tanınanlar var. Təqsirləndirilən şəxs isə bildirir ki, 919 min manat Quliyevdə qaldığına görə başqalarına olan borcunu ödəyə bilməyib, nəticədə ağır duruma düşüb.

39-yaşlı Şeydayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, məhkəmədə ifadəsində bildirib ki, uzun müddət bizneslə məşğul olub, Sumqayıtda klinikası vardı, dayısı da oranın direktoru idi. 2013-cü ildə Türkiyədə biznesində ziyana düşmüşdü, bu üzdən borcları yaranmışdı, ödənilməli böyük məbləğdə krediti vardı. Ona görə də klinikanı satmaq qərarına gəlib, qiymətini də 5 milyon manat müəyyənləşdirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ərəfədə Əziz Quliyev gəlib, o dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyevin klinikanı alacağını söyləyib: "Ramiz Mehdiyevə "ağsaqqal" deyirdi. Bildirmişdi ki, klinikanın satışıyla bağlı işlər ağsaqqalın köməkçisi Anar vasitəsilə həll olunur. 5 milyon desəm də, 4 milyon 200 min manata razılaşıblar. Düzü, Əziz demişdi ki, klinikanı özü işlədəcək, Ramiz Mehdiyevin sayəsində o da pul qazanacaq".

Şeydayev deyir ki, klinikaya görə ilkin olaraq ona 150 min manat ödənilib. Qalan pulun böyük bir hissəsi də "Azəriqazbank"dan götürülüb. Banka da Quliyevlə birlikdə gediblər. Orada bankın rəhbəri, o vaxt deputat olan Çingiz Əsədullayevlə görüşüblər: "Banka gələndə Əziz məlumat verdi ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardır. Çingiz Əsədullayevlə görüşdən sonra pul məsələsi həll olundu. Bankdan götürüb mənə ödədi. Qaldı 919 min manat, onu sonra ödəmədi. Tələb edəndə məni hədələməyə başladı. Dedi ki, söz-söhbət ağsaqqala çatsa, sənin üçün yaxşı olmayacaq...".

Təqsirləndirilən şəxs bildirib ki, özü Mehdiyevlə əlaqə yaradıb, problemi çatdırmağın yollarını axtarmağa başlayıb. Prezident Administrasiyasının idarə rəisi ilə görüşsə də, bu cəhdi nəticə verməyib. Daha sonra Mehdiyevin kürəkəni, o zaman deputat olan İlham Əliyevlə əlaqə yarada bilib: "İlham Əliyevlə görüşdük, Əziz Quliyev də orada idi. Məni dinləyəndən sonra Əzizə dedi ki, "bizim adımızdan istifadə edirsən?". Bu biri tərəfdən də məni günahkar çıxardı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm? Çünki o vaxt mən pulumu ala bilməyəndə hüquq-mühafizə orqanlarına şikayət etmişdim, necə var, hər şeyi olduğu kimi bildirmişdim".

Bir neçə il öncə yerli media orqanlarında da Şeydayevin Quliyevdən 919 min manata görə Səbail rayon Polis İdarəsinə şikayət etməsi haqda məlumat yayılmışdı.

Mehdiyevin kürəkəni ilə görüşün də nəticə vermədiyini vurğulayan Şeydayev iddia edir ki, şikayətlərindən sonra onu iş yerindən tutub Milli Təhlükəsizlik Nazirliyinə aparıblar. Bir gün orada saxlayıblar, döyüblər: "2014-cü ildə ofisimdə oturduğum vaxt MTN işçiləri başıma torba keçirib apardılar. Dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqarın tapşırığıdır. Nə qədər döydülər... Tələb elədilər ki, Əzizdə pulum olmadığını, onu şantaj etdiyimi yazım. Məcbur qalıb yazdım. Beləliklə, o oldu zərərçəkmiş, mən oldum cinayətkar...".

Şeydayev ifadəsində bunları danışanda zərərçəkmiş Quliyev və nümayəndəsi heç bir fikir bildirməyib. Amma onlar məhkəmə zalında jurnalistlərin iştirakına qadağa qoyulmasını istəyib. Səbəbi də belə izah edib ki, "prosesdə mötəbər şəxslərin adları hallandırılır".

Növbəti məhkəmə iclasında zərərçəkmişlər dindiriləcək.

Şeydayev CM-in 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşdə zərərçəkmiş sayılan Quliyev Əziz Göyüş oğlu Bakıda Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "İstanbul" klinikasının da sahibi olub.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə, hakimiyyətdən sui-istifadə və digər ittihamlar üzrə təqsirli bilinsə də, ona həmin maddələr üzrə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs kəsilib. Sonradan həbsdən buraxılıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu. Sonradan onlar məhkəmə qarşısına çıxarılaraq müxtəlif həbs cəzalarına məhkum edildilər, bir qismi isə bir müddət sonra azadlığa buraxıldı.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.