Göyçay rayon Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinin ərazisini kənd sakinləri zəbt edib VİDEO

28-02-2021, 08:40           
Göyçay rayon Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinin ərazisini kənd sakinləri zəbt edib VİDEO
Teref.az yazır ki, uzun illər bərbad vəziyyətdə olan Göyçay rayonunun Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinin binasını əsaslı şəkildə təmir ediləndən sonra yenidən qapılarını müəllim və şagirdlərin üzünə açdı. Açılışa məktəb kollektivi sevinsə də məktəbin yaxınlığında yerləşən bir neçə ailə sevinmədi. Çünki onların məktəbin həyətyanı sahəsindən qanunsuz istifadə etdikləri yol təmir zamanı bağlanıldı. Qeyd edək ki, ümumiyyətlə təjhsil ocaqları qapalı müəssisə olduğundan qanunvericiliyə uyğun olaraq həyətyanı sahə tam hasara alınmalı, yad şəxslərin təhsil ocağının həyətyanı sahəsinə girişi tam qadağan edilməlidir. Bu isə sözü gedən sakinlərin haqsız narazılığına səbəb olub.

Göyçay rayon İcra Hakimiyyətinin Ləkçıplaq kəndi üzrə icra nümayəndəsi Aydın Əliyev bildirir ki, son günlər Ləkçıplaq kənd 1 saylı tam orta məktəbi haqqında sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə əsassızdır. Belə ki, məktəbin təmirindən sonra məktəbyanı ərazilərin hasara alınması tam qanuna uyğundur.

Aydın Əliyev deyir ki, Göyçay rayon İcra Hakimiyyəti başçısının tövsiyəsi ilə əvvəlcədən nəzərdə tutulmuş xəritəyə uyğun olaraq həmin sakinlərə alternativ yolun açılması təklif edilib. Lakin... “Biz texnika gətirib həmin alternativ yolu açanda həmin sakinlər özlərini texnikanın qarşısına atdılar və işimizə mane oldular. Bura məktəbdir. Qapalı müəssisədir. Biz istəmirik ki, məktəbin həyətindən kimsə yad adamlar istifadə etsin. Burda yayda məktəblilər həyətdə oynayacaq. Bu qanunu pozmaq deməkdir”.

Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinin müəllim kollektivi də təhsil ocağının yaxınlığında yaşayan sakinlərin haqsız iddialarından narazıdırlar. Məktəbdə 22 ildir tarix müəllimi işləyən Təranə Vəliyeva deyir ki, özünün də təhsil aldığı bu məktəbdə məktəb kollektivindən kənar şəxslərin məktəbin girişinə icazə verilməsi yol verilməzdir, çünki bu təhlükəsizlik normalarının pozulmasına gətirib çıxara bilər:

“Bizim xəyallarımızda olan belə bir məktəbi yenidən təmir etdirdikləri üçün hörmətli Mehriban xanım Əliyevaya, Cənab Prezidentimizə, zəhməti keçən hər kəsə təşəkkür edirik. Biz istəmirik ki, məktəbimizin həyəti kənar şəxslərin gediş gəliş yeri olsun. Əvvəlki vaxtlardakı kimi antisanitariya olmasın, Mal qara məktəbin həyətində otlamasın. Bunlar yolverilməzdir. Uşaqlar həyətə düşəndə tam təhlükəsiz olsunlar”.

30 ildən artıqdır məktəbdə ingilis dili fənnini tədris edən Ceyran Şıxıyeva da deyir ki, sosial şəbəkələrdə yayılan informasiyalar həqiqəti əks etdirmir. Müəllimlərin və məktəb rəhbərliyinin heç kəslə şəxsi ədavəti yoxdur. Məktəbin həyətindən keçən yol tam qanuna uyğun şəkildə bağlanıb.

Yaranmış problemlə bağlı kənd Bələdiyyəsində iclas keçirildiyini deyən bələdiyyə sədri Məbud Məmmədov bildirdi ki, əslində həmin narazı şəxslərə alternativ yol bu gündə təklif edilir. Hansı ki, digər qonşular həmin yoldan istifadə edir. Lakin sözü gedən şəxslər alternativ yoldan birmənalı imtina edərək məhz məktəbin həyətindən keçməklə evlərinə getmək istəyirlər:

“Biz yol davası edən Yasif Cavadova alternativ yol çəkirdik. Hansı ki, qardaşı məhz ordan istifadə edir. Lakin onlar razılaşmırlar. Elə hey deyirlər ki, məktəbin həyətindən istifadə edəcəklər. Biz bütün qanunlar çərçivəsində yolu bağlamışıq. Çünki bura məktəbdir. Kən sakinləri də, məktəbə gələn uşaqların valideynləri də məktəbdən yol olmasının qəti əleyhinədirlər”

Qeyd edək ki, Cavadovların iddia etdiyi ərazidə vaxtilə məktəbin labaratoriyası yerləşib. Sakinlər həmin ərazini qanunsuz olaraq zəbt edib və məktəbin ətrafında qeyri qanuni yaşayış evləri tikiblər.
Ilahe Veliyeva
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.