"“Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov gəlsin bir gün viran qoyduğu mənim evimdə yaşasın"... - "...görək bunu necə qəbul edər"

18-02-2016, 14:15           

Ağdaş rayonu Əmirarx kənd sakini Həmidov Ruslan Oruc oğlu mətbuat vasitəsilə ölkə prezidenti İlham Əliyevə şikayət məktübu ünvanlayıb.

Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik: ”Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun qanunsuz hərəkətləri nəticəsində külli miqdarda kompensasiyamız mənimsənilmiş, həyətyanı sahəmiz zəbt edilmiş, hamamımız sökülmüş, ən əsası isə 5 nəfərlik ailə üzvlərimizin həyatı ciddi təhlükə qarşısındadır.
Belə ki, Kürdəmir-Yevlax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ağdaş rayon ərazisindən keçən hissəsində mənim qanuni evimin 34 sot həyətyanı sahəsinin 6 sotu plana düşdü. Buna görə mənə cəmi 5000 manat kompensasiya təklif olunduqda, buna etiraz edib razı olmadım. Çünki həmin 6 sot həyətyanı torpaq sahəmin üzərində 85 ədəd bol məhsul verən meyvə ağacları və hamam var idi.

Həmçinin bəzi qonşuların 6 sotdan az torpaq sahələrinə görə mənə veriləcək kompensasiyadan dəfələrlə çox kompensasiyanın verildiyini nəzərə alıb, ailəliklə buna etiraz etdik.

Vətəndaşları aldadan “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun sifarişi ilə məni 14 dekabr 2015-ci il tarixdə qanunsuz olaraq 15 gün inzibati qaydada həbs etdilər. Guya mən yol çəkilişinin aparılmasına maneçilik yaratmışam.
1AARayon Polis Şöbəsinin Müvəqqəti Saxlama yerində həbsdə olduğum zaman notarius ora gəlib mənə 5000 manat kompensasiyanın alınmasına razı olmağıma dair saxta sənədə imza etdirdi. İmza etməyəcəyim təqdirdə ailəmi və azyaşlı uşaqlarımı da həbs edəcəkləri ilə hədələdilər. Bu bəlkə də Azərbaycan tarixində görünməmiş bir vəhşilik və özbaşınalıqdır.

Gəlin baxın görün evim, həyətyanı sahəm hansı vəziyyətdədir. Magistral yol evimin 4 metrliyindən keçir ki, bu hər an həyatımızı ciddi təhlükə qarşısında qoyub. 85 ədəd meyvə ağacımı kəsdilər. Yeni inşa edilmiş hamamımı sökdülər. Ağır tonajlı avtomobillərin hərəkətindən evim silkələnir, divarları çatlayıb. Ev tamamilə qəzalı vəziyyətdədir. Magistral yolun hündürlüyü evimin damı ilə bərabərdir.

Himayəmdə üç azyaşlı uşağım var. Artıq uşaqlarım ev dustağı olublar, həyətə çıxmağa qorxurlar. Belə olduqda vətəndaşa düzgün kompensasiya verilməlidir ki, başqa yerdən ev alsın və ya inşa etdirib oradan köçsün.
Bütün bu müsibətləri “Azəryolservis” ASC-nin rəhbəri Saleh Məmmədov və onun mafiyası bizim başımıza gətirdi. Prezident cənab İlham Əliyevin bu vəhşiliklərdən, saxtakarlıqlardan xəbəri yoxdur. Dövlət buna görə pullar ayırıb göstərişlər verib.

Ancaq “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov bizə düşəcək qanuni kompensasiyamızı saxtakarlıqla mənimsəyib bizə cüzi pul verməklə həm bizi, həm də Prezidenti aldadır… “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov gəlsin bir gün viran qoyduğu mənim evimdə yaşasın, görək bunu necə qəbul edər, yaşaya bilərmi?
Qətiyyən yaşaya bilməz, çünki belə bir məmurun möhtəşəm villalarının həyətindəki it damıda belə deyil. Məni qanunsuz həbs etdirib hədə-qorxu ilə 5000 manat kompensasiya almağıma dair saxta sənədə imza etdirsələr də, həmin pulu almadıq…

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, sizdən xahiş edirəm qərb bölgəsinə səfər edərkən Ağdaş rayonunun Əmirarx kənd ərazisində Kürdəmir-Yevlax magistral yolunun düz 4 metrliyində yerləşən Saleh Məmmədovun virana qoyduğu evimizə düşüb gözlərinizlə baxın görün burada insan yaşayarmı?

Sizdən xahiş edirəm bizə kömək edin, kompensasiyamız düzgün verilsin və vətəndaşların haqqını yeyən Saleh Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.