Bakıda məmurların savaşı - FOTO - VİDEO

11-06-2021, 08:52           
Bakıda məmurların savaşı - FOTO - VİDEO

Xeyli müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşıllıqların məhv edilməsi, inaası qanunla qadağan olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirilməsi və digər çoxsaylı qanunsuzluq əməllərinə qol qoyulması və s. sanki adi hala çevrilib. Belə ki, bu rayonun ərazilərində ağaclar mütəmadi kəsilir və onların yerində müxtəlif mərtəbəli yaşayış evləri, digər təyinatlı obyektlər və s. inşa olunur. Hətta, hansısa işbazlar yaşayış binalarının zirzəmilərini ələ keçirmək üçün, ilk əvvəl piyadaların ötüb geçdikləri səkiləri hasara alırlar, az sonra qarşılarına qoyduqları məqsədlərini həyata keçirirlər. Məsələn, hal-hazırda Nəsimi rayonu, 20 Yanvar küçəsi 21/27 ünvanında yaşanan mənzərə də, məhz belə bir qanunsuzluq əməllərindəndir. Yəni, hansısa işbaz, yaxud da işbazlar qeyd olunan ünvanda qeyri-yaşayış sahəsini ələ keçirmək üçün piyadaların ötüb keçdikləri səkini hasara almışlar ki, bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Elə ki, sakinlərin şikayətləri əsasında həmin ərazidə olduq və qol qoyulan qanunsuzluq əməlləri ilə bağlı müəyyən çəkiliş həyata keçirmək istədik, o halda qarşı tərəf bizə heç cür imkan vermədi. Belə olan təqdirdə çəkilişimizi kənardan həyata keçirməyə məcbur olduq və qol qoyulan qanunsuzluq əməlləri ilə bağlı Nəsimi MKTB-nin rəisi Nizami Axundovla əlaqə saxladıqda o, “Mən kiməm ki, ərazini sata bilim, əslində mən məişət tullantılarını təmizlətdirən şəxsəm. Yaxşı olar ki, qeyd olunan ərazinin hansı vəzifə sahibi tərəfindən kimə satılması məsələsini Nəsimi RİH-nin başçısı Asif Əsgərovdan və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevdən soruşasınız” dedi. Bu şəxsin belə bir cavabından sonra Nəsimi RİH-nin başçısı Asif Əsgərovla əlaqə saxlayıb məsələlərə münasibətini öyrənmək istəsək də, bu yöndə cəhdimiz baş tutmadı. Çünki, adı çəkilən bu şəxs telefon zənglərimizin heç birinə cavab vermədi. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevlə də əlaqə saxlamaq cəhdimiz baş tutmadığından, bu şəxsin köməkçisi Leyla xanımla əlaqə saxlamağa məcbur olduq. Köməkçinin verdiyi cavab o oldu ki, “Mən Nəsimi MKTB-nin rəisi Nizami müəllimlə əlaqə saxlayaram, o da sizin suallarınızı cavablandırar” vədini versə də, bu yöndə etdiyimiz cəhdlərin heç biri baş tutmadı. İkinci dəfə etdiyimiz telefon zəngimizə isə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti rəisi köməkçisinin verdiyi cavab o oldu ki, “Rafail Mehralıyev məişət tullantılarını təmizlətdirməklə məşğul olan idarənin rəisidir. Buna baxmayaraq, o da tapşırar və sizi maraqlandıran suallara Nəsimi MKTB-nin rəisi Nizami Axundov cavab verər” desə də, budəfəki cəhdimiz də heç bir nəticə vermədi. Hətta, Fövqəladə Hallar nazirliyinin qaynar xəttinə etdiyimiz telefon zəngimizin heç birinə cavab verən də olmadı. Artıq qeyd olunan ərazidə həyata keçirilən tikinti işləri başa çatdırılmaq üzrə olsa da, biz səlahiyyətli dövlət qurumlarının heç birindən bu yöndə atılan addımlarla bağlı doğru-dürüst cavab əldə edə bilmədik.

Onu da qeyd edək ki, Nizami Axundov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun yaxın qohumu olduğundan o, çox zaman ünvanlanan sualları cavablandırmır. Nəsimi MKTB-nin rəisinin daşıdığı bugünkü vəzifəyə sahib olmasında Cavid Qurbanovun xüsusi rolu olur. Yəni, iddialara görə Nizami Axundov daşıdığı vəzifəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin xeyr-duası əsasında sahib ola bilir. Düzdür, ilk əvvəl belə bir təyinatın baş tutmasına nə Nəsimi RİH-nin başçısı Asif Əsgərov, nə də ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyev razı olmurlar. Elə ki, Cavid Qurbanov bu yöndə təpkilərini artırır, o halda Asif Əsgərov razı olduğunu elan etsə də, Rafail Mehralıyevi “yola gətirmək” mümkün olmur. Bir qədər vaxt keçdikdən sonra isə, hansısa “sehrli əl” Rafail Mehralıyevin baş üzərinə “qonur” və sonra bu şəxs də razı olduğunu bildirir. Söylənilənlərə görə Cavid Qurbanov yaxın qohumunu belə bir vəzifəyə əyləşdirdikdən sonra o, bu gün heç də dinc durmur. Yəni, Cavid Qurbanov yaxın qohumunu Nəsimi RİH-nin başçısı postuna gətirmək üçün, hal-hazırda həm təbliğatını həyata keçirir, həm də lazımi təsirlərini artırmaqda davam edir.

Bu yöndə baş verənlər onu sübut edir ki, Asif Əsgərovun icra başçısı olduğu Nəsimi rayonunda maddi maraqların təmin olunması üçün hər çür çirkin əməllərə qol qoymaq, sanki adi hala çevrilib. Düşünürük ki, zamanı çatanda “ağ atlılar” qol qoyulan qanunsuzluqlara cavabdehlik daşıyan hər bir vəzifə sahibini “məhşər ayağına” çəkib, məhz onlara hüquqi müstəvidə hüquqi cəzalarını verəcəklər.

P.S. Hörmətli oxucular! Məşhur blogger Mehman Hüseynovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevi ifşa etdiyi videosunu da sizlərə təqdim edirik. Videoya diqqətlə baxın və lazımi nəticəni ortaya çıxarmağa da çalışın.

Nyus.Az





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.