Şirvan icra başçısının müəmmalı tenderlər silsiləsi - Eyni qaliblər fərqli ADLAR

27-07-2021, 00:15           
Şirvan icra başçısının müəmmalı tenderlər silsiləsi -
Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Teref.az xəbər verir ki,“Ölkə.az”ın məlumatına görə, tenderin qalibi “Aztimont” ASC olub. Qalib şirkətlə 593,288 min manat dəyərində satınalma müqaviləsi bağlanıb.

“Aztimont” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 50,432 min manatdır.

Qeyd edək ki, ötən il ərzində Şirvan şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri ilə bağlı 3 tenderdə “Aztimont” ASC-ni qalib elan edib və şirkətə ümumilikdə 1,458 mln manat ödənilib. Maraqlıdır ki, həmin dövrdə şirkətin adı “Aztimont” ASC deyil, “Azərtikinti-Quraşdirma-Servis-23” ASC olub.

Eləcə də, daha əvvəl Şirvan şəhər İcra Hakimiyyətinin və İcra Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin elan etdiyi 3 tenderi eyni şəxsə məxsus iki şirkət udub. Belə ki, Şirvan şəhərinin abadlaşdırılması ilə bağlı tenderlərin birində “Delta-İnşaat” MMC, digər ikisində “Next-Təchizat” MMC qalib olub və şirkətlərə ümumilikdə 824,417 min manat ödəniş edilib.

“Next-Təchizat” və “Delta-İnşaat” MMC-lər 2012-ci ildə bir gün fərqlə 26 və 27 yanvar tarixlərində yaradılıb və qanuni təmsilçiləri İbrəhimov Əlimurad Nuralı oğludur. Şirvan şəhəri, M. Rəsulzadə, ev 14 ünvanında qeydiyyatda olan şirkətlərin nizamnamə kapitalı 50 manatdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.