Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin həkimindən “nataraz məsləhət” - GİLEY

12-04-2022, 16:09           
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin həkimindən “nataraz məsləhət” - GİLEY
İmişli rayon sakini, 1974-cü il təvəllüdlü, 2-ci qrup əlil Muradov Habil Şirin oğlu 1983-cü ildən epilepsiya (xəstədə qeyri-iradi qıcolmalar baş verir) xəstəliyinə düçar olur.

Belə bir səbəbdən də o, düçar olduğu xəstəliyə görə 1983-cü ildən 1989-cu ilə kimi pensiya alır. Daha sonra Habil Muradov müəyyən səbəblər üzündən TSEK-da tibbi müayinədən keçməsə də, o, 2013-cü ildən təkrar pensiyasını almağa başlayır. Bütün bunlara baxmayaraq, altı-yeddi ay bundan öncə xəstəyə verilən pensiya tam şəkildə dayandırılır.

Təqribən altı ay bundan öncə isə, onu yaxınları Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparırlar.

Adı çəkilən bu səhiyyə müəssisəsində xəstə həkimlər tərəfindən müayinə olunarkən, onun Maqnetik Rezonans Tomoqrafiya (MRT) olunması məqsədəuyğun bilinir.

Elə ki, Habil Muradovun yaxınları onu Maqnetik Rezonans Tomoqrafiya etdirirlər, o halda bəlli olur ki, xəstənin baş nahiyəsində “ocaq” əmələ gəlib.

Həmin vaxtlarda belə bir xəstəlikdən müayinə və müalicə olunan Habil Muradova aid epiqriz sənədləri ƏƏSMN-nin TSEK-na göndərilsə də, çox keçmir ki, adı çəkilən bu dövlət qurumunun komissiyasından “otkaz” cavabı verilir. Buna görə də, Habil Muradovun yaxınları onu ƏƏSMN-yi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aparmalı olurlar. Elə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin həkimi Ülkər xanım Kərimova xəstəni müayinə edir və o halda o, “Xəstə ruhi-əsəb xəstəxanasında müayinə və müalicə olunmalıdır” deyir.

Həmin vaxt Habil Muradovun yaxınları ona “Xəstə əsəb xəstəsi deyil, epilepsiya xəstəsidir” deyirlər.

Məsələnin təəccüb doğuran tərəfi o olur ki, Ülkər xanım Kərimova xəstəyə normal diaqnoz qoymaq, ona lazımi məsləhətlərini vermək əvəzinə o, özü üçün vəziyyətdən çıxış yolu axtarır.

Az sonra o, “Xəstədə qeyri-iradi qıcolmalar baş verdikdə onu kameraya çəkin ki, əldə lazımi sübutlar olsun” deyir.

Bu da onu söyləməyə əsas verir ki, Habil Muradov qeyri-iradi qıcolmalarla üzüzə qaldıqda onun yaxınları ümumi vəziyyəti kənardan müşahidə etməli və baş verən prosesləri kameraya çəkməlidirlər.

O halda sual oluna bilər ki, görəsən Ülkər xanımın bu cür məsləhəti xəstənin həyatını xilas edə bilər, yoxsa onu çıxılmaz duruma salar?

Axı, o, xəstəyə baxıb bilməlidir ki, Habil Muradov epilepsiya xəstəsidir və onun belə bir xəstəliyə düçar olması rəsmi sənədlər əsasında təsdiq olunub. Təkrar xəstə ilə bağlı kamera çəkilişinin həyata keçirilməsi yöndə Ülkər xanım Kərimovanın verdiyi məsləhəti təhlil etdikdə açıq-aydın görmək mümkün olur ki, bu olduqca anormal və əsası olmayan məsləhətdir.

Baş verənləri təhlil edib belə qənaətə gəlmək olur ki, bugünə kimi müəyyən səbəblər üzündən təqaüdləri kəsilmiş neçə-neçə xəstələrin rəzilgünə salınmalarında, onların Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qapıları arxasında qalmalarında, məhz Ülkər xanım Kərimovanın və onun kimi həkimlərin xüsusi rolları olur.

Çünki, bu şəxsləri sadə insanların gündəlik qayğıları, üzüzə qaldıqları çətinliklərin mahiyyəti, hansı xəstənin epilepsiya xəstəsi olması, onların sağlamlıq durumlarının necə olması və s. heç bir halda düşündürmür. Əgər düşündürsəydi, o halda Ülkər xanım 2-ci qrup əlil, 1983-cü ildən epilepsiya xəstəsi olan Habil Muradova qarşı belə bir “nataraz münasibət”ini sərgiləməzdi. Əslində o, xəstənin ölkəmizdə olmasa da, qardaş Türkiyə dövlətində müayinə və müalicə olunması istiqamətində öz məsləhətlərini bildirib, and içdiyi “Hippokrat andı”na sadiq qalardı.


xeberfakt.az

P.S. Hörmətli oxucular! Bir media qurumu olaraq qeyd olunan bu dövlət qurumunda baş verən çirkin əməllərlə bağlı, məhz bundan sonra da hər kəsi məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.