Səhiyyə sitemi necə iflic duruma salınıb... - İTTİHAM VAR

27-05-2016, 15:54           

Səhiyyə Nazirliyi əslində gözlə görünən bütün həqiqətlərimizin geniş ictimaiyyətdən gizlədilməsi cəhdlərinin girovuna çevrilib. Ölkədə tibbi xidmətin keyfiyyəti ilə bağlı narahatlıq keçirən, tənqidi fikirlər bidirən və əlaqədar qurumların diqqətini problemlərimizin həllinə yönəltməyə çalışan mütəxəssislərimizi topa tutmaq əvəzinə Azərbaycanda səhiyyənin mövcud durumuna dəstək verilə biləsi bir mühit formalaşdırmaq doğrudanmı çətindir? Bu və digər önəmli məqamlarla bağlı Gundelik-Baku.com-u məlumatlandıran mənbənin sözlərinə görə, Oqtay Şirəliyev səhiyyəsini tənqid atəşinə tutanları kollektiv ədalətsizlikdə suçlamaq olar. Lakin belələri öz yanaşmalarında maraqlı tərəf olduğunu sətiraltı da olsa biruzə verməyə bilməz. Çünki bundan qazanc əldə etməyin yoluna-yolağasına bələdçiliyi var. Məlumatlı şəxs bildirir ki, Azərbaycanda səhiyyənin vəziyyətini yarıtmaz hesab edənlərin əsas arqumentlərindən biri elə ali tibbi təhsildə kadr hazırlığının müasir tələblərdən xeyli aşağı səviyyədə olması ilə bağlıdır: «Bu problemin həllinə çalışmaq əvəzinə uzun illərdən bəri Azərbaycan səhiyyəsində kadr hazırlığı və həkim səviyyəsizliyinin məntiqini az qala nağıllar aləmində sadəlövhcəsinə axtaranları fərqli istiqamətə yönləndirmək, yaxud da az qala Hippokratın özünü də kölgədə qoymuş həkimlərimizin peşəkarlığına yeni dastanlar qoşmaq daha münasib deyilmi? Bəli, biz də deyirik ki, Azərbaycan səhiyyəsində inkişaf var. Lakin bu inkişaf əsasən səhiyyəmizin maddi-texniki bazasının genişləndirilməsi ilə bağlı dövlət səviyyəsində görülən işlərə şamil edilə bilər. Ölkə rəhbərliyinin birbaşa göstərişləri və Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən neçə-neçə mühüm layihələr Azərbaycanda səhiyyənin inkişafına bütün gərəkli maddi-texniki təminatı ortaya qoyub. Bunun qarşılığında səhiyyə naziri Oqtay Şirəliyev dövlətin mənafeyi naminə məsuliyyətlə işləməyə ən azı borclu idi. İndi buyurub siz də baxın, görək bir-birindən gözəl, müasir tibbi texnologiyanın ən son nailiyyətləri ilə zəngin, bəlkə də dünyanın ən qabaqcıl ölkələrinin belə həsəd apara biləcəyiı səhiyyə obyektlərinə malik Azərbaycanda xəstələr müalicə üçün niyə xaricə üz tutur? Bax, problem bundadı! Müasir tibbi texnika ilə davranmağı bacaran həkimlərimizi bu gün barmaqla saymaq olar. Hanı o tərifəlayiq bildiyimiz ali tibbi təhsilin yetirmələri?» Mənbənin iddiasına görə, səhiyyəmizin kadr potensialının inkişafı elə ciddi maneələrə bağlıdır ki, görünən və görünməyən süni əngəllərin yaradılması nəticəsində yüksək peşəkar gənc həkim kadrlarımız da təminatsızlıq üzündən xaricə üz tutmaq məcburiyyətində qalırlar. Burda məsələnin maddi tərəfinə də diqqət yetirmək lazımdır. Özünüz düşünün, ölkəmizdə tələb olunan minlərlə manat müalicə haqqının müqabilində yaxın xaricdə bir neçə yüz manata sağlamlığın bərpası mümkündürsə, bu imkanı kim əldən qaçırar? Fakt budur: vətəndaşların əksəriyyəti öz sağlamlığını Azərbaycan həkimlərinə etibar etmir. Zəngin insanlar müalicə almaq üçün Avropaya üz tutur, orta və imkansız təbəqə isə borc-xərclə yavaş-yavaş İrana-Turana ayaq açır. Bu baxımdan yüksək peşəkarlığı, dəyərli və dərin təcrübəsi ilə dünyanı hələ sovet dönəmindən bəri fəth etmiş hörmətli tibb mütəxəssislərimizdən səhiyyəmizin bu acınacaqlı durumuna obyektiv yanaşma gözləməyə hər birimizin haqqı var. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.