Məhkəmə sisteminin ƏYRİ-ÜYRÜ PƏNAHOVU... - Camaat bundan ədalət gözləyir... BU DA BELƏ...
5-01-2023, 01:20
Sözün düzü, səbrimizi basıb Məhkəmə-Hüquq Şurasının 2 il öncə, daha dəqiq desək 22 sentyabr 2020-ci il tarixdə Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahovla bağlı qərarını sonadək oxumalı olduq. Təsəvvür edirsiniz, Ədliyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi, hakim T. Mahmudovun məruzəsi, S.Hüseynovun katibliyi ilə Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahov haqqında intizam icraatı üzrə işə baxaraq müəyyən edib. Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov xidməti vəzifələrinin icrasına laqeyd münasibət bəsləyərək məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərliyi lazımi səviyyədə həyata keçirməmiş, icra və əmək intizamına əməl edilməsini təmin etməmiş və çoxsaylı qanun pozuntularına yol vermişdir. Müəyyən edilmişdir ki, məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərinin və şərtlərinin pozulması, həmçinin süründürməçilik hallarına yol verilməsi bir çox hallarda prosessual qanunvericiliyin tələblərinin kobud pozulmasına səbəb olmuşdur. Rayon məhkəməsində seçmə üsulu ilə öyrənilmiş 156 iş və material üzrə 300-dən çox qanun pozuntusu aşkar edilmişdir.
Təsəvvür edirsiniz, 300-dən çox qanun pozuntusu. Bu hələ harasıdır? MPM-in 227.3-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Qanunun bu tələbinə baxmayaraq hakim F.Pənahov qətnamələri tərəflərə 1ay, bəzən 2 ay sonra verirmiş, hətta boşanmaq istəyənlərdən qətnaməni vermək üçün pul alırmış. Nə isə uzun-uzadı MHŞ-nın qərarındakı detallara varmaq istəmirik. Bəli, sonra qərar belə olub: Sabirabad Rayon Məhkəməsinin sədri Pənahov Füzuli Novruzəli oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona töhmət elan edilsin.
Doğrudan da dəhşətdir ee...300 qanun pozuntusu və töhmət. Adam az qalır desin ki, hakim olmaq üçün içdiyin AND sənə qənim olsun, Pənahov. Nə isə indi gəlin görək, Pənahovun keçmişi kim, nəçi olub.
Məlumat üçün qeyd edək ki, Füzuli Pənahov 1990 – 2000-di illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Astara Rayon Məhkəməsinin sədri, 2007 – 2017-ci illərdə Quba Rayon Məhkəməsinin sədri olub, hazırda Sabirabad Rayon Məhkəməsinin sədridir. Füzuli Pənahov hakim kimi ilk “siftə”sini Zəngilanda on bir nəfərdən, hər birindən 65 min manat alaraq həbsdən buraxmağa söz verib...beləcə “rüşvətxorluq” fəaliyyətinə başlayıb. Və neçə ildir o pulu geri qaytarmaq istəmir. Füzuli Pənahov Qubada məhkəmə sədri işləyərkən elə bir səhvə-cinayətə yol verib ki, heç savadsız kənd mollası da belə etməzdi.
Təsəvvür edirsiniz, torpaq-mülkiyyət çəkişməsində adı keçən şəxslərdən biri 4 aydır əsgərlikdə, həqiqi hərbi xidmətdə olduğu halda hakim onun guya məhkəmə prosesində olduğunu məhkəmə sənədlərində qeyd edib. Bunun üstü açılanda Füzuli Pənahov nə desə yaxşıdır: Olub də, texniki səhvdir. İnsanların mülkiyyətlə bağlı TALEHİ həll olunan vaxtda, doğrudanmı, hakim texniki səhvə yol verib, yoxsa, külli miqdarda rüşvət alıb ?
Füzuli Pənahov Qubada məhkəmə sədri olduğu vaxt 9 yaşlı uşağın başına açılan oyunlar, işgəncələr az qala ölkəni silkələmişdi. Xeyli sayda deputat, Qadın-Ailə-Uşaq komitəsi sərt şəkildə məhkəməyə etirazını bildirmişdi. Füzuli Pənahovun yığdığı rüşvət onu o dərəcədə....o hər yerdə deyir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaşı 70-i keçib, mən niyə getməliyəmki?
Bu adam özünü gah zəngilanlı, gah da saatlılı, gah sabirabadlı, gah lökbatanlı kimi qələmə verir. Buna başa salan yoxdur ki, yerini-yurdunu danma. Əldə etdiyimiz məlumatlara görə, Füzuli Pənahov hal-hazırda Zəngilanlıdır, çünki Sabirabadlı olaraq, Sabirabadın məhkəmə sədri olmaq olmaz. Görün saxtakarlıq hansı həddə çatıb. Biz eşitdiyimizi yazmışıq, səhvdirsə Füzuli Pənahov desin ki, səhvdir.
P.S. Növbəti sayımızda Füzuli müəllimin şəxsiyyət vəsiqəsi ilə bağlı müəmmalı məsələlərə toxunaçağıq. //gundelik-baku.com//