Demirören qanunlarımızı SAYA SALMIR... - FAKT BUDUR!
24-02-2023, 12:06
Hər addımda, hətta supermarketlərimizdə belə qabağımıza çıxan “Azerlotoreya”dan camaatımızın niyə bu qədər şikayət etdiyini bilmək üçün kiçik bir araşdırma etdim.
“Google”da axtarış edəndə “Azerlotoreya” haqda saytlarımızda gedən xəbərlərə rast gələ bilmədim. Şirkətin saytına daxil oldum. Çox tragikomik bir xəbər diqqətimi çəkdi. Əziz oxucular, sən demə, ötən ay “Azerlotoreya” ASC ilə UNEC arasında memorandum imzalanıb. Memorandum barəsindəki press-relizi oxuduqca, Bakı Dövlət Universitetində 6 il (bakalavr, magistr) boyunca imtahan A4-lərini doldurmaq üçün yazdığım gərəksiz yerə uzadılmış cümlələr yadıma düşdü. Yazılı imtahan verənlər bilir. İmtahanda adətən yaxşı qiymət almaq üçün terminlərdən, “ağıllı sözlər”dən istifadə edərdik. Ağıllı görünmək üçün..
Uzun sözün qısası, bu press-relizdə də “ağıllı görünmək” üçün eyni cümlənin 5 fərqli variantını yazıblar. Məsələnin mahiyyətini isə sizə deyim: “Azerlotoreya”nın dediyindən belə çıxır ki, onlar dünya əhəmiyyətli işlə məşğul olur. İndi də bu işi tələbələrə öyrədib, peşəkar iqtisadçılar yetişdirəcək. Biz tərəfdə bir söz var: “Ayıbına kor olmaq”. Adamlar həm qumarı leqallaşdırır, əlini hər tərəfdən üzüb “qumar”da işıq ucu axtaran kasıb camaatı soyur, həm də bunu fəxr olunası iş kimi universitetlərimizdə təbliğ edir. Və bunu Azərbaycan qanunvericiliyinə zidd olduğu halda edir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində “Reklam haqqında” qanunun 32.6. maddəsinə əsasən, “İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir”. “Azerlotoreya” qanunlarımızı o qədər heçə sayır ki, nəinki 100 metr kənarda reklam yerləşdirmək, təhsil müəssisələrimizin içinə qədər girir. Hətta, tələbələrə dərs deməyə də hazırlaşır.
Üstəlik, əziz “Azerlotoreya” özünü ölkənin qeyri-neft sektoru kimi qələmə verir, hələ varlığını da türk dünyasına töhfə olaraq görür. Camaat qeyri-neft sektoru deyə turizmini, pambığını, sənayesini böyüdəndə, biz də “qumar” işinə başladıq. Ah, vah... Bizim təhsilimiz nə vaxt ölkənin aparıcı universitetində “qumar” təbliği edəcək günə qaldı?!
Çox uzatmayacam. Sizə sözügedən memorandum haqda yazıdan iki cümləni olduğu kimi təqdim edirəm. Professor rektorumuzun universitetdə mərc oyunlarının təbliğinə münasibəti budur:
“UNEC-in rektoru professor Ədalət Muradov qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatı üçün önəmli yer tutan “Azərlotereya” ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağından, bu əməkdaşlığın ölkəyə, eyni zamanda türk dünyasına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib. UNEC-in real sektorla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran rektor, tələbələrin real iş dünyası ilə daha yaxından tanış olması, karyera imkanlarının artırılması, eləcə də müəllimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi baxımından əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb”.
Biz bu cəmiyyətin bisavadından nə gözləyək?!
Ötənlərdə millət vəkili Tahir Kərimli açıqlamasında “Dövlətin rəsmi şəkildə qumarı leqallaşdırması, adına nə qoyur-qoysun - “Poz, qazan”, nə bilim, lotereya - buna nifrət edirəm. Bu, bütün dünyada var. Dövlət belə şeylərdən pul qazanmalı deyil. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Yazıq camaat da dolana bilmir, əlinə düşəni verib, lotereya alır ki, bəlkə, bəxti gətirə, nəsə udar” deyib.
Digər millət vəkili Aqil Abbas "“Azərlotoreya”nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir “taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə “Azərlotoreya”nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir?”, - deyə açıqlama verib.
Bəs lotoreyanın zərərlərindən millət bu qədər narazıdır, millət vəkilləri bu qədər çağırış edir ölkədə sözügedən qurumun fəaliyyəti niyə dayandırılmır?!
Məsələ burasındadır ki, “Azerlotoreya”da bu günə qədər hələ cekpotu da udan olmayıb. Daha dəqiq deyək, şirkətin açıqlamasına görə, məsələn, buraxılan 1 manatlıq 60 milyon biletdən 12 biletdə 25 min manat uduş var. Bu halda sizin o bileti udmaq ehtimalınız 0.00002%-dir. O da əgər varsa... Bu ehtimal o bileti almağa gedərkən qəzada ölmə ehtimalınızdan (piyada olaraq qəzada ölmə ehtimalı 723-də 1) daha aşağıdır.
Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bütün biletlərin arxasında barkodlar olduğunu göstərib. E. Hüseynov satışı həyata keçirən şəxsin bu barkodlar vasitəsilə asanlıqla böyük uduş olan kartları özündə saxlaya biləcəyini açıqlayıb. Odur ki, əziz həmvətənlərim, aldanmayın!
Ardı var... //kommersant.az//