`Arkoz Holdinq`in rəhbərliyi İLK ƏVVƏL FƏHLƏLƏRİ HƏDƏLƏDİ, AMMA... - "Biz də razılaşdıq və tətili dayandırıb..."
17-03-2023, 12:23
Naxçıvanda "Arkoz Holdinq"ə məxsus yüzlərlə etirazçı fəhlənin tələbi qismən yerinə yetirilib. Holdinqə məxsus zavod və fabriklərdində çalışan işçilər üç aylıq maaşlarının gecikdirilməsinə etiraz olaraq, martın 13-dən tətilə başlamışdı. Teref.az-ın məlumatına görə, onlar „Gündəlik Naxçıvan“a bildirirdilər ki, maaşları ödənməyincə aksiyanı davam etdirəcəklər. Fəhlələr deyir ki, məsələ ictimailəşdikdən dərhal sonra, holding rəhbərliyi etirazçı fəhlələri qəbul edib. Uzun danışıqlardan sonra, hər iki tərəf razılığa gəlib: „İlk günlərdə tətil etdiyimizə görə bizi hədələyirdilər, deyirdilər ki, özünüzü öldürsəz də xeyri yoxdur, işə çıxmayan qovulacaq. Məsələ ictimailəşən kimi tez əl-ayağa düşdülər, bizi qəbul etdilər. Dedilər ki, müvəqqəti maliyyə problemini nəzərə alıb, işə davam edək. İki aylıq maaşımızı köçürəcəklərinə söz verdilər. Digər bir ayı da martın sonunda verəcəklər. Biz də razılaşdıq və tətili dayandırıb, işə davam etmək qərarı verdik. Bizim problemi paylaşan hər kəsə təşəkkür edirik“. Holdingdən „Gündəlik Naxçıvan“a bildirdilər ki, yaxın günlərdə fəhlələrin iki aylıq maaşı hesablarına köçürüləcək.