Deputat Cavid Osmanov haqqında şok faktlar: Saxta diplom, dini təhsil, fərarilik… — BU NƏDİ BELƏ?

28-03-2023, 10:33           
Deputat Cavid Osmanov haqqında şok faktlar:
Milli Məclisin deputatı Cavid Osmanov haqda sensasiyalı hesab edilə biləcək və onun qanunverici orqanda fəaliyyət göstərməsini sual altına salacaq məlumatlar ortaya çıxıb.

Demokrat.az-ın redaksiyasına daxil olan məlumatlar onu deməyə əsas verir ki, Cavid Osmanovun təhsili saxta, özü isə fəraridir.

06.02.1975-ci ildə anadan olmuş Cavid Həmid oğlu Osmanovun orta məktəbi 1992-ci ildə bitirdiyi, universitetə isə 5 il sonra 1997-ci ildə qəbul edildiyi onun tərcümeyi-halında qeyd olunur. Lakin redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Cavid Osmanov orta məktəbi bitirdikdən 5 il sonra – 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına heç bir imtahan vermədən qeyri-qanuni yolla daxil olub. Həmin universiteti isə 2000-ci ildə, yəni cəmi 3 il ərzində bitirib.

Azərbaycanda bakalavr pilləsi 4 ildir, necə olur ki, Cavid Osmanov bu təhsil pilləsini 3 il ərzində bitirir və diplom ala bilir?!

Ortaya başqa bir sual da çıxır ki, bəlkə Cavid Osmanovun bundan əvvəl hansısa təhsil müəssisəsinin saxta diplomunu əldə etmiş, Dövlət İdarəçilik Akademiyasına ikinci təhsil almaq adı ilə daxil olubdur?!

Əgər belədirsə, Cavid Osmanov özünün niyə Wikipediya səhifəsində və Milli Məclisin elektron səhifəsində birinci təhsili haqqında məlumat vermir?

Bizi də maraqlandıran elə budur. Çünki redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, Cavid Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra ərəb ölkələrinin birinə dini təhsil almaq adı ilə getmiş, 1 ildən sonra oradan qovulmuş və geri qayıtmışdır.

1993-cü ildə hərbi xidmətə çağırılmış Cavid Osmanov saxta arayışlar əldə etməklə hərbi xidmətdən yayınıb. Bu həmin dövr idi ki, ermənilər torpaqlarımızın işğalına davam edirdi və xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətən oğullarını Qarabağın müdafiəsi üçün orduya yazılmağa çağırışlar edirdi. Qarabağda erməni işğalçılarına qarşı ölüm-dirim savaşı gedən vaxt Cavid Osmanov saxta sənədlərlə Vətənin müdafiəsindən yayınmış, Ordudan fərarilik etmişdi.

Diplomu saxta, keçmiş fərarinin qanunverici orqanda fəaliyyət göstərməsi, deputat kimi xalqın və dövlətin maraqlarından danışması gülünc, həm də ziyanlıdır. Məhz bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin spikeri, hörmətli Sahiba xanım Qafarovaya müraciət edir və ondan bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə köməklik etməsini xahiş edirik.

1. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra hansı xarici ölkəyə dini təhsil almaq adı ilə getmişdir?

2. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1993-cü ilin aprel ayından hərbi mükəlləfiyyətçi olduğu halda hansı əsaslarla Vətənin müdafiəsində iştirak etməmiş və Ordudan yayınmaq üçün hansı saxta arayışlar əldə etmişdir?

3. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov orta məktəbi bitirdikdən 5 il sonra 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına necə və hansı əsaslarla qəbul olunmuşdur? Bu əsaslar Azərbaycan Respublikası qanunları ilə ziddiyət təşkil edirmi?

4. Niyə həmin Akademiyadakı təhsil müddəti 3 il olmuşdur? (1997-ci ildə daxil olub 2000-ci ildə bitirdiyini özü rəsmi sənədlərdə qeyd edir )

5. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanovun 1-ci Ali təhsili varmı? Harada və qanuni əsaslarla təhsil almışdırmı? Əgər həqiqətən o 1-ci təhsilini qanuni şəkildə almışsa, nə üçün bütün rəsmi sənədlərdə 1-ci təhsilini gizlətməyə üstünlük vermiş və heç bir yerdə bunu qeyd etmək istəməmişdir?

Ümid edirik ki, hörmətli spiker Sahibə xanım Qafarova bu məsələlərin araşdırılması üçün təcili göstəriş verəcək və nəticəsi barədə də Milli Məclis tərəfindən bizə məlumat veriləcəkdir. Çünki Milli Məclisin hər bir üzvü Vətəni canından çox sevən, pak və təmiz, savadlı və əqidəli şəxslərdən ibarət olmalıdır. Xalq namizədi haqqında həqiqəti bilməlidir ki, seçdiyi namizədin kimliyini dəqiq bilsin.

Eyni müraciəti Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqova da ünvanlayır və bu məsələlərin araşdırılmasını xahiş edirik. Çünki YAP təkcə ölkəmiz və regionumuzun yox, dünyanın ən böyük və nüfuzlu partiyalarından biridir. Ulu Öndərin qurduğu, Prezident İlam Əliyevin sədrlik etdiyi bir partiyada təhsili və hərbi xidməti haqqında şübhəli məqamlar olan bir şəxsin təmsil olunması və bu partiyanın üzvü kimi qanunverici orqanda da təmsil olunması qəbuledilməzdir.

P.S. Bu yazıda adıçəkilən deputat Cavid Osmanov əvvəlcədən ona ünvanladığımız İnformasiya Sorğumuzu cavabsız qoyub.

Demokrat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.