Salyanda şikayətçilərə təzyiq edirlər: "Pulumuzu vermirlər, krediti ödəyə bilmirik"

12-07-2016, 14:18           

Bir müddət əvvəl redaksiyamıza Salyan rayonunun Sarvan kəndindən daxil olmuş şikayət məktubunu təqdim etmişdik. Məlumat üçün bildirək ki, Sarvan kəndində fəaliyyət göstərən şəhid Elnur Səmədov adına tibb məntəqəsinin əməkdaşları olan şikayətçilər Mərkəzi Xəstəxanadan onlara çatmalı olan pulu ala bilmirlər. Belə ki, tibb məntəqəsinin 6 əməkdaşı 2015-ci ilin yanvar ayında 2 nömrəli Bakı Baza Tibb Məktəbinə kursa göndərilib. 20 günlük kurs müddəti üçün Səhiyyə Nazirliyi onların hər birinə təxminən 300 manat pul ödəməlidir. Amma aradan 16 ay keçməsinə rəğmən tibb işçiləri pullarını ala bilməyiblər.

Şikayətçilər bildirir ki, bu günə qədər şikayət etməkdikləri yer, döymədikləri qapı qalmyıb. Hətta prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya şikayət məktubu yazıblar. Şikayət araşdırılması üzrə aidiyyatı qurumlara göndərilib, amma nəticəsi olmayıb. Sevindik Hətəmov Salyana icra başçısı təyin olunandan sonra - mart ayında onun qəbulunda da olublar. İcra başçısı tezliklə problemin həll olunacağına söz verib. Amma aradan 4 aydan artıq vaxt keçsə də, heç bir yenilik yoxdur.

Sarvan sakinləri bildirmişdi ki, onların kəndində pulunu ala bilməyənlərin sayı 6 nəfər olsa da, rayonun digər kəndlərində daha çoxdur. Şorsulu və digər kəndlərdən kursa göndərilən tibb işçiləri də eyni aqibətlə üzləşib. Şikayətçilər deyir ki, tez-tez Salyan Mərkəzi Xəstəxanasının mühasibatlıq şöbəsi ilə əlaqə saxlayırlar. Amma artıq orda da bunlarla rişxəndlə danışırlar. Son danışıq zamanı isə təxminən belə bir cavab alıblar: "Guya prezidentə şikayət etdiniz, nə dəyişdi ki? Özünüzü biabır etməyin. Pul olanda, veriləcək".

Şikayət məktubunu dərc etdiyimiz gündən bir ay ötüb. Amma hələ də tibb məntəqəsinin əməkdaşları pullarını ala bilməyiblər. Bu müddətdə döymədikləri qapı, şikayət etmədikləri məmur qalmayıb. Amma hələ də dərdlərinə əlac edən tapılmır.

Kənd sakini Anar Sadıqov Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, tibb məntəqəsinin əksər işçiləri kursa getmək lazım olan vəsaiti banklarından kredet götürüb: "Kursa yollananlardan biri mənim həyat yoldaşım olub. Biz kasıb insanlarıq. Ailəmizi çətinliklə dolandırırıq. Tibb məntəqəsinin işçiləri kursa göndəriləndə lazım olan xərcləri ödəmək üçün mən də bankdan kredit götürmüşəm. İndi ödəyə bilmirəm. Çünki Mərkəzi Xəstəxana işçilərin haqqı olan pulu ödəməkdən imtina edir. Mənim əlavə qazancım yoxdur ki, bu işə görə götürdüyüm krediti ödəyib. Həmin pul verilməlidi ki, banka olan borcu bağlayım".

Kənddən əldə etdiyimiz məlumata görə, şikayətçilər mətbuata müraciət etdikdən sonra Mərkəzi Xəstəxana rəhbərliyi onlara təzyiq etməyə başlayıb. Belə ki, müxtəlif şəxslər şikayətçilərə zəng edərək onları hədələyib, şikayəi etməmələri tapşırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.