Dövlət Əmək Müfəttişliyi Xidməti hədəfdə - ittihamlar

14-07-2016, 12:12           

Bu gün ölkə mətbuatında fəaliyyəti tez-tez müzakirələrə səbəb olan dövlət qurumlarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətidir (DƏMX). Qeyd edək ki, qəzetimizin ötən saylarında bu mövzuda bizimdovr.az-a daxil olan məlumatlar əsasında hazırladığımız bir neçə tənqidi material dərc olunub. Demək lazımdır ki, daxil olan şikayət məktublarında daha çox Xidmətin şəhər və bölgələrdə fəaliyyət göstərən regional müfəttişliklərində müşahidə olunan qsnun pozuntularından bəhs olunur. Qeyd etmək yerinə düşər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, cənab Səlim Müslümov da öz çıxışlarında dəfələrlə bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb. Nazir bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin öz vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. Lakin bu gün də davam edən müəyyən prosesləri müşahidə etməklə belə qənaətə gəlmək olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəni və xüsusilə də Xidmətin rəis müavini Anar Quliyevi mövcud durum tamamilə qane edir. Belə ki, aldığımız məlumatlarda Xidmətin struktur bölmələrinin işində müşahidə olunan bütün qanun pozuntularının başında məhz Anar Quliyevin durduğu iddia olunur. Artıq qeyd olunduğu kimi, Xidmətin regionlarda fəaliyyət göstərən müfəttişlikləri yerli müəssisələrdə əmək məcəlləsinin maddələrinə riayət olunmasına, eləcə də həmin müəssisələrdə çalışan insanların hüquqlarının təmin olunmasına nəzarəti həyata keçirməlidirlər. Lakin müxtəlif mənbələrin iddiasına görə bu qurumlardan əksəriyyətinin rəhbərləri daha çox nəzarət etdikləri müəssisələrin rəhbərləri ilə yolverilməz sövdələşmələrə girərək, işçi və fəhlələrin qanuni hüquqlarının pozulması hesabına şəxsi mənfəət əldə etmək taktikasına üstünlük verirlər. Belə ki, müfəttişliklər tərəfindən müəssisələrdə yoxlamalar subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə, aidiyyəti olan dövlət qurumunun müvafiq çıxarışları olmadan aparılır. Halbuki, Dövlət Əmək Müfəttişliyi tərəfindən hər hansı bir idarə, müəssisə və təşkilatda yoxlama bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin yazılı əmri və ya sərəncamı əsasında həyata keçirilə bilər. Həmin əmrin və ya sərəncamın əsli idarə, müəssisə və təşkilata təqdim olunmalıdır. Bəzi hallarda isə, ayrı-ayrı müəssisələr fəaliyyət göstərdiyi halda onlarda yoxlamaların guya ki, “müəssisənin fəaliyyətinin dayanması” səbəbindən təxirə salındığı barədə yuxarı instansiyaya məruzə edilir. Eyni zamanda da bəzi müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu da diqqəti cəlb edir. Məlumatlarda bildirilir ki, Anar Quliyev sürəkli olaraq müfəttişlikləri müəssisələrdən rüşvət toplamağa təhrik edir. Bu yolla yığılan məbləğlər isə təbii ki, sonda Xidmət rəisinə təqdim olunur.

Daha sonra, aldığımız açıqlamalarda vurğulanır ki, Anar Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında öz qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə də öz mövqeylərini möhkəmlətməyə çalışır. Belə ki, əldə etdiyimiz məlumata görə, Anar Quliyev hazırda Şəmkir ƏSMM-nin direktoru vəzifəsində çalışan qohumu Azad Şərifovu da, bu mərkəzin DSMF-nin Şəmkir rayon şöbəsi ilə birləşməsindən sonra yaranacaq yeni qurumun rəhbərliyinə gətirməyə hazırlaşır. Qohumlardan söz düşmüşkən, bizimdovr.az-a təqdim olunmuş daha bir açıqlamaya görə, Anar Quliyev keçmiş MTN generalı Akif Çovdarovla da yaxın qohumluq əlaqələrindədir.

Bundan başqa isə, aldığımız məlumatlarda həm Fuad Əlizadənin, həm də Anar Quliyevin bir neçə mülk və kommersiya obyektlərinin sahibi olduqları iddia olunur...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.