Şəhid anasından Prezidentə şok müraciət:”Gözü görməyən nəvəmi ön cəbhəyə aparıblar”

22-07-2016, 17:27           

Şəhid Azad Bayramovun anası Ağabanu Ağayeva Ali Baş Komandan, Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraiciət ünvanlayıb. Həmin müraciətin Yenilik.Az-a daxil olmuş nüsxəsini olduğu kimi dərc edirik:

Yazıb Sizə məlum edirəm ki, mən şəhid Bayramov Azad Muxtar oğlunun anasıyam. Oğlum 1993-cü ildə Füzuli rayonu Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Bundan başqa digər övladlarım da hərbi xidmətlərini şərəflə başa vurub vətən qarşısında borclarını yerinə yetiriblər. Hazırda nəvəm Muxtarzadə Söhrab Bəyoğlan oğlu həkim sanitar kimi ön cəbhədə hərbi xidmətdədir və bununla qürur duyuram.

Digər nəvəm Muxtarzadə Xəyyam Bəyoğlan oğlu göz zəifliyindən əziyyət çəkir və gözü 1 metr o tərəfi görmür. Sumqayıt şəhər hərbi həkim komissiyasının və Sumqayıt şəhər Göz xəstəxanasının müayinəsi də göstərir ki, Muxtarzadə Xəyyamın bir gözü cəmi 10 faiz görür. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqüayıt şəhər şöbəsinin rəisinə şikayət etsək də biganəliklə üzləşdik və bizə bildirildi ki, “Gedin Müdafiə nazirliyi ilə danışın, bizdən tələb edirlər göndəririk”. Bundan sonra gözü faktiki olaraq görmək imkanından məhrum olan nəvəmi 11.07.2016 tarixdə ön cəbhəyə, Beyləqan ərazisində yerləşən hərbi hissəyə göndərdilər. Gözü görməyən bir gənci hansı məntiqlə ön cəbhəyə göndəriblər?

Hesab edirəm ki, bu şəhid ailəsinə qarşı haqsızlıqdır, mənim nəvəmi kiminsə övladının əvəzinə ora yollayıblar. Ona görə də şəhid anası olaraq qəti surətdə tələb edirəm ki, bu qanunsuzluq faktı araşdırılsın, günahkarlar cəzalandırılsın və nəvəm arxa cəbhədəki hərbi hissələrdən birində xidmətini davam etdirmək üçün yeri dəyişdirilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.