Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin fəaliyyəti yoxlanılmalıdır
24-07-2016, 11:12
Baş həkim Eldar Hacıyevin rəhbərlik etdiyi bu tibb müəssisəsində istənilən həkimin qəbuluna girdikdə xəstədən mütləq pul tələb olunur
Qəzetimizin ötən saylarından birində “Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində təhlükəli əməliyyatlar” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yerli mənbələr tərəfindən bizimdovr.az-a təqdim olunan məlumatlar əsasında hazırladığımız bu yazıda sözügedən tibb müəssisəsinin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallardan bəhs olunurdu. Mövzuya dair dərc etdiyimiz digər materiallarda da qeyd olunduğu kimi, bu gün ölkənin səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, respublikamızda ümumilikdə bu sahədə vəziyyət hələ də ürək açan deyildir. Dəfələrlə qeyd olunduğu kimi, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də bu zaman həkimlər tərəfindən irəli sürülən pul tələbləri ilə bağlı mövzular hər zaman həm media, həm də ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. O cümlədən, qəzetimizin ötən saylarında bu mövzuda dərc olunmuş materiallar Cəlilabad sakinlərinin də diqqətini bəzi məqamlarla cəlb etmişdir. Bu xüsusda bizimdovr.az-a bir müddət əvvəl daxil olmuş məlumatlarda Cəlilabad Müalicə-Diaqnostika Mərkəzinin və xüsusilə də bu tibb müəssisəsinin baş həkimi Eldar Hacıyevin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Aldığımız məlumatlardan birində deyilir: “Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində istənilən həkimin qəbuluna girdikdə xəstədən mütləq pul tələb olunur. Xəstə dövlət tibb müəssisələrində xidmətlərin pulsuz olduğunu xatırlatmaq istəyəndə isə, həkimlər çox nəzakətlə cavab verirlər ki, məndən inciməyin, çünki mən baş həkimə həftəlik haqq verirəm...” Digər tərəfdən isə, bu səhiyyə müəssisəsində əhaliyə tibbi xidmətlər göstərən həkimlərin peşəkarlığı da şübhə altındadır. Belə ki, Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində 07.04.2016-cı il tarixində baş vermiş ölüm hadisəsi də bu şübhələrin artmasına ciddi əsaslar verib. Bizdə olan məlumata görə, həmin vaxt Cəlilabad şəhər sakini Hüseynov Məhəmməd Xanlar oğlu burun çəpərində əməliyyat olunmaq üçün Diaqnostika Mərkəzinə müraciət etmişdi. Cərrah Xəyal həkimin və həkim-anestezioloq Sənubər Manafovanın nəzarəti altında əməliyyata alınarkən isə, Məhəmməd Hüseynov “narkoz” maddəsinin artıq dozada verilməsi səbəbindən dünyasını dəyişmişdir.
Bu məlumatlardan bir qədər sonra, redaksiyamıza daxil olmuş digər açıqlamalardan isə, belə qənaətə gəlmək olur ki, müəssisənin baş həkimi Eldar Hacıyevi burada əldə olunan gəlirlərdən başqa heç nə narahat eləmir. Həmin məlumatda deyilir: “Eldar Hacıyev USM və tomoqrafiya müayinəsi şöbələrinin qapıları önünə yaxın adamlarından xüsusi nəzarətçilər qoyub. Onların vəzifələri bu şöbələrə müraciət edən xəstələrin say qeydiyyatını aparmaqdan ibarətdir. Belə ki, hər bir xəstə yalnız adını baş həkimin “nəzarət dəftəri”nə yazdırdıqdan sonra içəri daxil ola bilər. Bununla da baş həkim gün ərzində neçə xəstənin USM və ya tomoqrafiya otağına girməsindən xəbər tutur və günlük alacağı pulun məbləğini müəyyənləşdirir...”
Bundan başqa isə, məlumatlarda Eldar Hacıyevin dövlət büdcəsindən ayrılan vəsaitlərin də mənimsənilməsinə davamlı olaraq yol verildiyi iddia olunur. Məsələn bildirilir ki, təkcə bu il Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin cari təmir xərcləri adı altında büdcədən 10 min manat vəsait ayrılmışdır ki, bu pulun hara sərf olunduğunu bilən də yoxdur. İddialara görə, eyni prosedur Diaqnostika Mərkəzinə guya ki, dəftərxana ləvazimatlarının alınmasına ayrılmış 43 min manatlıq vəsaitlə də həyata keçirilib.
Təbii ki, bütün bu ittihamlar kifayət qədər ciddi səslənir. Bununla belə, düşünürük ki, Səhiyyə Nazirliyi tərəfindən Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin fəaliyyətinin yoxlanılması bir çox məqamlara aydınlıq gətirə bilər.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.