“Tender kralı“ bu sahəni də monopoliyaya alıb - “Yağlı-duzlu“ korrupsiya

16-01-2024, 11:24           
“Tender kralı“ bu sahəni də monopoliyaya alıb -
Son günlər Bakıya yağan qar hər il olduğu kimi bu il də bu sahəyə məsul olan qurumların bacarıqsızlığını ortaya qoydu. Hər il olduğu kimi, bu il də dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq küçələrə nə duz səpildi, nə də qar təmizləndi. Bəs dövlət büdcəsindən hər il küçələrin qardan təmizlənməsi, yolların buz bağlamamasına görə texniki duzun səpilməsi üçün nə qədər vəsait ayrılır, bu vəsait kimlər tərəfindən necə xərclənir?

AzFakt.com xəbər verir ki, Bakıya yağan qarın təmizlənməsi, küçələrə texniki duzun səpilməsinə cavabdeh qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Departamentin tabeliyində olan Sanitariya və Texniki Təmizlik İdarəsinə yolların təmiz saxlanması üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.

Lakin bu vəsaitlər uzun illərdir Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev və onun komandası tərəfindən mənimsənilir.

Qeyd edək ki, Rəfail Mehraliyev rəhbərlik etdiyi qurumun ən "yağlı" təşkilatına Sanitariya və Texniki Təmizlik İdarəsinə öz qohumu, həmyerlisi Mübariz Hüseynovu təyin edib.

Bu qohumlar illərdir ki, əl-ələ verib büdcəni talamaqla - ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məlumata görə Departamentin və eləcə də Sanitariya və Texniki Təmizlik İdarəsi tenderlərini əsasən ölkədə "tender kralı" kimi ad çıxarmış Ramazan Mirzəyevin şirkətlərinə verir.

Ramazan Mirzəyevə məxsus olan şirkətlər uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin tenderlərində birmənalı olaraq qalib edilir.

Rəfail Mehralıyevlə yaxın dost və həm də şərik olan Ramazan Mirzəyevin tenderlərdə qalib etdirdiyi MMC-lər əsasən kasıb-kusubun, fəhlələrin adlarına rəsmiləşdirilir.

Lakin bəzi MMC-lər Ramazan Mirzəyevə yaxınlarının, qohumlarının, həmkəndlilərinin adlarına olur.

Belə təşkilatlardan biri də Sanitariya və Texniki Təmizlik İdarəsinin üst-üstə 4 milyon manatlıq tenderində qalib olan Fidan-TM şirkətidir.

Fidan TM şirkəti 15 ildən artıqdır fəaliyyət göstərir.

Şirkət ancaq Rəfail Mehraliyevin rəhbərlik etdiyi Departamentdə olan müəssisələrlə tender yolu və ya birbaşa müqavilələrlə əməkdaşlıq edir.

Şirkət rəsmi olaraq Ramazan Mirzəyevin həmkəndlisi Ələsgər Hüseynovun adına olsa da faktiki olaraq Ramazan Mirzəyevin komandası tərəfindən idarə edilir.

Son olaraq Sanitariya və Təmizlik idarəsi Fidan Tm şirkətinə avtomaşınların təmiri və texnizi duzun alınması üçün yarım milyon manatdan artıq vəsait ayrılıb.

Hazırda Bakıya yağan qarın küçələrdən təmizlənməməsi və küçələrə duzun səpilməməsi isə ayrılan vəsaitin mənimsənildiyi barədə səslənən fikirlərin həqiqiliyini göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.