"Azərsığorta”nın Tovuz filialında “əmək haqqı” MAXİNASİYASI - İTTİHAM VAR

23-08-2016, 22:42           
"Azərsığorta”nın Tovuz filialında “əmək haqqı” MAXİNASİYASI - İTTİHAM VAR
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlara dair açıqlamalar təqdim olunmaqdadır. Həmin açıqlamalarda bildirilir ki, filialın rəhbəri Raya Bayramovanın fəaliyyəti sığortalıların və şirkətin potensial müştərilərinin ciddi narazılıqlarına səbəb olur. Belə ki, Raya Bayramova mütəmadi olaraq müştərilərin hüquqlarının ciddi şəkildə pozulmasına şərait yaradır. Biz artıq qeyd etmişdik ki, bu gün "Azərsığorta”nın Tovuz filialının əksər əməkdaşları Raya Bayramovanın ailə üzvləri və yaxın qohumlarıdır. Məsələn, filialın bütün idarəçiliyini hazırda Raya xanımın qızı Vüsalə həyata keçirir. Eyni zamanda da, mənbə bildirir ki, Vüsalə xanım həm də Tovuz musiqi məktəbində müəllimə işləyir. Digər tərəfdən isə, yeni aldığımız digər bir məlumatda vurğulanır ki, bu və ya digər səbəbdən Raya Bayramovanın ailə üzvlüyündən çıxarılan şəxs, dərhal "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialında yaradılmış "ailə podratı”nda malik olduğu hüquqlarından da məhrum edilir. Bu xüsusda açıqlama verən mənbə, deyilənlərin təsdiqi kimi, vətəndaş Əzimov Elşad Yusif oğlu ilə Raya Bayramova arasında yaranmış münaqişənin təfərrüatlarını misal göstərir. Mənbə bildirir ki, Elşad Əzimov bir neçə il bundan əvvəl Raya xanımın qızı ilə ailə həyatı qurub. Bundan sonra, Raya Bayramova öz prinsiplərinə sadiq qalaraq, kürəkənini də rəhbərlik etdiyi filiala sürücü vəzifəsinə işə götürüb. Dörd il bu vəzifədə çalışan Elşad Əzimov hər ay öz əməkhaqqını maaş kartı vasitəsilə deyil, əlbəəl Raya xanımdan alıb. Həm də bu zaman ona verilən məvacib, ştat cədvəli ilə nəzərdə tutulan məbləğdən az olub. Bütün bu müddət ərzində isə, kürəkənin maaş kartı Raya Bayramovada olub. Lakin, bir il bundan əvvəl Elşad Əzimov öz həyat yoldaşı ilə, yəni Raya Bayramovanın qızı Vüsalə xanımla boşanıblar. Təbii ki, keçmiş kürəkən tutduğu vəzifədən də dərhal azad olunub. Bundan sonra, Raya xanım məhkəməyə müraciət edərək, Elşad Əzimovdan qızının xeyrinə hər ay 80 (səksən) manat məbləğində aliment tutulması barədə qərar verilməsinə nail olub. Lakin hazırda heç bir yerdə işləməyən Elşad Əzimov bu məbləği də ödəyə bilmir. Bunun əvəzində isə, keçmiş kürəkən dörd il ərzində Raya Bayramovanın onun məvacibindən hər ay "tutduğu” məbləğlərin hesablanmasını və alimentin də həmin məbləğdən çıxılmasını təklif edir. Amma bu təklif təbii ki, Raya xanım tərəfindən qətiyyətlə rədd edilir. Üstəlik filial rəhbəri öz keçmiş kürəkənini (və keçmiş sürücüsünü) həbs etdirəcəyi ilə də hədələyir. Xatırladaq ki, dərc etdiyimiz ötən yazılardan birində "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialında yer almış başqa bir oxşar maxinasiyadan da bəhs olunmuşdu. Qeyd olunmuşdu ki, hələ yeddi il bundan əvvəl Raya Bayramova rəhbərlik etdiyi filiala Etibar Hüseynov adlı bir vətəndaşı "işə götürüb”. Amma məsələ bundadır ki, bu yeddi il ərzində həmin vətəndaş öz iş yerində üst-üstə bəlkə də heç on yeddi dəfə maaş almayıb. Onun əvəzində isə, bütün bu illər ərzində maaş cədvəlinə qol çəkərək əmək haqqını alan da məhz Vüsalə xanım olub. Mənbə bildirir ki, hazırda Etibar Hüseynov bu məsələ ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Rublika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.