Kür Su Kəmərləri İdarəsində «boru əməliyyatı»ndan qazanılan milyonlar…
24-08-2016, 09:14
Eldəniz Həsənov bu məsələdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovun adından istifadə edir O, üzləşdiyi çətinlikləri Hacıqabul rayon icra başçısının birinci müavini Sahib Aslanov, o cümlədən qardaşları Rasim və Xaliq Həsənovların yardımı ilə dəf edib Hacıqabul rayonu Talış kəndində yerləşən, Bakı şəhərini içməli su ilə təmin edən «Azərsu» ASC-nin nəzdindəki Kür Su Kəmərləri İdarəsi və onun rəisi Eldəniz Həsənovla bağlı redaksiyamıza kifayət qədər ilginc bilgilər daxil olub. Belə ki, adıçəkilən qurumun rayonda Talış Su Kəmərləri İstismarı İdarəsi kimi tanındığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, hazırda bu müəssisədə 400-450 nəfər işçi çalışsa da, onların bir çoxu «ölü can»lardır. Əldə etdiyimiz məlumatlarda deyilir ki, Kür Su Kəmərləri İdarəsində «ölü canlar» təcrübəsi geniş tətbiq olunur: «Deyilənlərə görə, qurumun rəhbəri Eldəniz Həsənov idarənin ştat cədvəlində onlarla özü olmayan «işçilər»in adlarını saxlayır və hər ay onlara yazılan əmək haqqlarını da öz cibinə qoyur. Çünki adları müəssisədə işdə gedən «işçilər»in çoxu idarənin qapısını belə, tanımır. Onu da nəzərinizə çatdırım ki, Kür Su Kəmərləri İdarəsində dövlət vəsaitlərinin «nağdlaşma» üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Eldəniz Həsənovun özünə qaytarılır». Bu arada, mənbənin Gundelik-Baku.com-a verdiyi informasiyada o da qeyd olunur ki, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənovun qardaşı da hazırda Hacıqabul rayonunda mühüm postda təmsil olunur: «Belə ki, onun qardaşı Xaliq Həsənov Hacıqabul rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. Məhz o, bir sıra mühüm məsələlərdə Eldəniz Həsənova yaxından köməklik göstərir, qardaşını ciddi cəhdlə müdafiə edir. Onu da bildirim ki, Kür Su Kəmərləri İdarəsinin rəisinin digər qardaşı Rasim Həsənov isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru vəzifəsində çalışır. Deyilənlərə görə, o da qardaşının bir sıra əməllərini yoluna qoymaqda ona yaxından köməklik göstərir. Eldəniz Həsənovun özünə gəlincə, onun adı bu günə kimi əsasən qalmaqallı olaylarda hallanıb. Lakin hər dəfəsində də qardaşlarının köməkliyi ilə üzləşdiyi çətinlikləri dəf etməyi bacarıb». Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənovun əməllərinə görə qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, son zamanlar adıçəkilən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilir: «Deyilənlərə görə, Kür Su Kəmərləri İdarəsinin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda dövlət vəsaiti göyə sovrulub. Həmin texnikanın yenilərilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Onu da qeyd edim ki, Kür Su Kəmərləri İdarəsinin rəisi nəzarətində olan ərazi üzrə yerin üstündəki su borularını kəsdirib satıb. Deyilənlərə görə, Eldəniz Həsənovun tabeliyində çalışan müəssisənin əməkdaşları su borularının yerləşdiyi ərazilərə gedir, dəmirləri yerdən çıxarıb, sonra da maşınlara yükləyərək lazım olan ünvana göndərirlər. Nəzərinizə çatdırım ki, bu məsələdə Kür Su Kəmərləri İdarəsinin rəisinin əsas himayədarı məhz Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini «Hacı Sahib» ləqəbilə tanınan Sahib Həbib oğlu Aslanovdur. Deyilənlərə görə, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənov «Hacı Sahib»lə birgə artıq yerin altındakı su turbalarını çıxarıb satmağa başlayıb. Məsələnin maraqlı tərəfi isə ondadır ki, həmin su boruları çıxaraldığı yerdəcə «metallom»a satılır». Artıq yerli sakinlərin bağ sahələrindəki, bostanlarındakı su turbalarının da çıxarılaraq satılmağa başlanıldığını deyən mənbə iddia edir ki, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənov bu məsələdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovun adından istifadə edir: «Deyilənlərə görə, Kür Su Kəmərləri İdarəsinin rəisi Qorxmaz Hüseynovun adından istifadə edərək deyir ki, «Azərsu» ASC-nin sədrinin bu məsələdən məlumatı var və su boruları onun göstərişinə əsasən satılır. Qeyd edim ki, 1000 və 1200-lük su turbalarının bir metri 150 manata, 377-lik su boruları isə bir metri 25 manata satılır. Bu isə onu deməyə əsas verir ki, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənov «boru əməliyyatı»ndan külli miqdarda vəsait, milyonlar əldə edir. Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə, Kür Su Kəmərləri İdarəsində yaşanan digər neqativ halların üstü açıla bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Biz isə inanırıq ki, nə Qorxmaz Hüseynovun nə də ki, adı hallanan digər şəxslərin bu qəpik-quruşa ehtiyacı var.