Vidadi İsayevin referendum sabotajı: müxalifət rayonda mitinqə hazırlaşır
24-08-2016, 11:14
Sentyabrın 26-da keçiriləcək referendum icra hakimiyyəti strukturları üçün bir sınaqdır. Bu prosesdə zəif nəticə göstərən rayonların icra başçıları barəsində ölçü götürüləcəyi istisna deyil. Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Konstitusiyada dəyişiklikləri nəzərdə tutan referendumla bağlı icra hakimiyyətləri təlimatlandırılıb.
Bütün seçkilərdə inzibati resurslarını səfərbər edən İcra Hakimiyyətləri bu dəfə olduqca passivlik nümayiş etdirir. Bu qeyri-fəallığın səbəbi açıqlanmasa da, icra başçılarında olan arxayınlıqla izah edilir.
Cumhuriyyet.az-a verilən xəbərdə bildirilir ki, icra başçıları referendumla bağlı hazırlıq işlərini yüksək səviyyədə qurmasa, xalq arasında maarifləndirmə işlərinin tempini artırmasa və insanları təklif edilən dəyişiklikləri dəstəkləməyə sövq etməsə bu, birbaşa ölkə rəhbərliyinə qarşı siyasi xəyanət kimi qiymətləndiriləcək. Hazırda bir çox rayonların icra hakimləri prezidentə qarşı bu təxribatı dolayısı ilə reallaşdırmaqda davam edir. Onarın sırasında istər paytaxt rayonlarının icra hakimlərini, istərsə də regionları sadalamaq olar. Xüsusilə, il ərzində hakimiyyətin sabit siyasətini pozan və sosial gərginlik yaradan, əhali ilə iqtidarı üzbəüz qoyan, özbaşınalığına görə aksiyalara səbəb olan icra başçılarına qarşı həssas bir nəzarət var. Onların referendumla bağlı hərəkətləri ciddi şəkildə izlənilir.
Mənbənin cumhuriyyet.az-a dediklərinə görə, bu siyahıda Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev xüsusi yer alıb. Rayondakı mənbələrdən daxil olan məlumata görə, Konstitusiya dəyişikliklərini dəstəkləməyin zəruriliyi ilə bağlı təbliğat işinə başlanmayıb. Hər halda avqustun ilk yarısı geridə qalıb və referendumla əlaqədar heç bir rayonda toplantı, ictimaiyyətlə görüş keçirilməyib. Halbuki, rayon ictimaiyyəti ilə toplantı keçirilməli, əhali ilə söhbət olunmalıydı. Bu tənbəlliklə hökumətə xəyanət edən icra hakimiyyəti il ərzində büdcədən taladığı vəsaitlərin bədəlini ödəyə bilər.
Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin durumunu çətinləşdirən digər bir məqam isə rayondakı ictimai-siyasi durumdur. Belə ki, rayon əhalisi hazırki icra başçısının idarəçiliyindən razı deyil və bununla yanaşı rayon rəhbərliyi haqda bəzi neqativ söz-söhbətlər bu narazılığı daha da artırır. Xatırladaq ki, cumhuriyyet.az olaraq bu mövzuya “Vidadi İsayevin gizli dünyası: xanım məmurlar, qızıl mismar və referendum sabotajı” başlıqlı yazımızda ətraflı toxunmuşduq. İndi isə rayondakı mənbələrin verdiyi məlumata görə, qüsurlu idarəçilikdən və əhalinin narazılığından istifadə edən Bərdə müxalifətçiləri bəhrələnmək niyyətindədir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, rayondakı siyasi təşkilatlar referendum öncəsi etiraz mitinqi keçirməyi planlaşdırır.
Heç şübhəsiz hadisələrin bu cür gedişi və Bərdə rayon icra hakimiyyətinin arxayınçılığı icra başçısı üçün yaxşı perspektiv vəd etmədiyi qeyd olunur. Bu eksperimentdən üzüağ çıxa bilməyən icra hakimiyyəti rəhbəri postunu itirə bilər. Hələlik iqtidar elitasından da RİH-nə xüsusi təlimat verilməyib və bu siyasi manipulyasiya məhz onları yoxlamaqdır. Əgər RİH-ləri öz təşəbbüsü ilə referendumla bağlı göstəriş gözləmədən aktiv fəaliyyətə keçməsə, artıq mərkəzi dairələrdə onların barəsində dosye hazırlanacağı gözləniləndir.
teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!