Nəsimi polisinin “görmədiyi” “Hills”-də qanunsuz miqrantlar problemi

25-08-2016, 07:16           
Nəsimi polisinin “görmədiyi” “Hills”-də qanunsuz miqrantlar problemi
Pritonu işlədən Şirin Abdullayev ölkəmizdə qeyri-leqal şəraitdə yaşayan bu qızların sənədlərini girov saxlayır

Qəzetimizin ötən saylarından bir neçəsində dərc etdiyimiz materialda Nəsimi RPİ-nin bəzi bölmələrinin ərazisində əxlaq məsələləri ilə bağlı baş verən ciddi qanun pozuntularından bəhs olunurdu. Yazıda qeyd olunmuşdu ki, bəzi polis əməkdaşları, o cümlədən rəhbər vəzifəli şəxslər rayon ərazisində yaşayış binalarının, hətta məktəb və digər ictimai müəssisələrin yaxınlığında kafe, sauna, otel və digər adlar altında fəaliyyət göstərən pritonlarda baş verənlərə göz yummaqla, yerli sakinlərin haqlı etirazlarına əsas verirlər. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, əsrlər boyunca istənilən ictimai-siyasi formasiyalarda “ən qədim peşə” sahiblərinin xidmətlərinə tələbat daima olub və bundan sonra da bu sahədə qarşılıqlı münasibətlərin hansısa dəyişikliklərə məruz qalacağı ehtimalı çox azdır. Lakin istənilən halda, fahişəliyi şaxələnmiş biznes fəaliyyəti kimi təşkilatlandıran və bu məqsədlərlə təcrübəsiz gənc qızları belə əxlaqsızlığa sövq etməkdən çəkinməyən insanlara qarşı mübarizə bütün sivil cəmiyyətlərdə qətiyyətlə aparılır. Bu problem bizim də hər zaman diqqət mərkəzində saxlamağa çalışdığımız mövzulardandır. O cümlədən, bir müddət əvvəl bizimdovr.az-a daxil olmuş növbəti məlumatlardan birində də bu kimi əxlaqsızlıq yuvalarından birinin paytaxtın Nəsimi rayonu ərazisində, Səməd Vurğun və Tolstoy küçələrinin kəsişməsində yerləşən “Hills” massaj salonunun olduğu bildirilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz müxtəlif yazılarda da biz dəfələrlə qeyd etmişik ki, əvvəllər həqiqi massaj salonları yerli iş adamlarının və məmurların dəstəyi ilə çinlilər tərəfindən yaradılırdı. Təbii ki, burada işləyən mütəxəssislər də həmin ölkədən gələn əmək miqrantları idi. Lakin sonradan bu fəaliyyət sahəsi azərbaycanlı iş adamları üçün də cəlbedici oldu. Nəticədə isə, bu müəssisələrin sayı yağışdan sonra göbələk kimi artmağa başladı. Az müddət sonra isə, massaj salonlarından kütləvi şəkildə intim xidmətlərin təklifi üçün istifadə edilməyə başlandı. Bu tip “massaj salonlarına” cəlb olunan qızların əksəriyyəti isə ümumiyyətlə tibbi massajın nə olduğundan və onun hansı üsullarla həyata keçirildiyindən tam bixəbərdirlər. Bununla belə, “Hills” massaj salonunun fəaliyyəti bəzi sırf özünəməxsus cəhətləri ilə də seçilir. İlk növbədə mənbə bildirir ki, Mehman Həsənov adlı şəxsə məxsus olan bu obyekti Abdullayev Şirin Tapdıq oğlu adlı digər bir vətəndaş icarə əsaslarında işlədir. Lakin bu şəxslər arasında heç bir rəsmi icarə müqaviləsi də bağlanmayıb. Sadəcə olaraq, tərəflər şifahi “centlemen sazişi” əsasında müəyyən razılığa gəliblər ki, bu da ilk növbədə vergi maxinasiyalarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədini güdür. İkinci bir tərəfdən, mənbə bildirir ki, bu gün “Hills” massaj salonunda cinsi istismara məruz qoyulan qızların arasında xarici vətəndaşlar da kifayət qədərdir. Deyilənə görə, ölkəmizdə qeyri-leqal şəraitdə yaşayan bu miqrant qızların hətta şəxsiyyətlərini təsdiq edən sənədlər də pritonun sahibləri tərəfindən alınaraq saxlanılır. “Hills”-in fəaliyyəinə dair aldığımız ən dəhşətli açıqlama isə bundan ibarətdir ki, bu pritonda hətta yetkinlik yaşına çatmamış qızların da cinsi istismara məruz qoyulduqları iddia olunur.

Göründüyü kimi, “Hills” massaj salonunun fəaliyyəti ilə istər Dövlət Miqrasiya Xidmətinin, istərsə də hüquq-mühafizə orqanlarının yaxından maraqlanmaları üçün kifayət qədər əsaslar mövcuddur. Bununla belə, Nəsimi Rayon Polis İdarəsinin əməkaşları hələ də “Hills” massaj salonunda baş alıb gedən rüsvayçılığa göz yummaqda davam edirlər. Bu isə sakinlərin müəyyən şübhələrinə əsas verir...

Adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
bizimdovr.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.