Dəmiryolunda “yeyilən” milyonlar və Cavid Qurbanovun “təmizləmə” əməliyyatı – TƏFƏRRÜAT
25-08-2016, 07:24
Ziya Məmmədovun yeznəsi Seymur Əhmədov niyə məsuliyyətə cəlb olunmur?
Vidadi Baxşəliyev də 7 il ərzində QSC-nin tərkibində fəaliyyət göstərən “Təsərrüfat İdarəsi” MMC-də yoxlamalar aparmalıydı, amma…
Bir neçə gün əvvəl Qafqaznews.az saytında “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən “Təsərrüfat İdarəsi” MMC-də aparılan yoxlamalar barədə məlumat vermişdik. Avqustun 22-də dərc olunmuş “Dövlətin pulunu mənimsiyənlər cəza alacaqmı?!”başlıqlı yazıda bildirilirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkar olunması barədə Qafqaznews.az-a məlumat daxil olub. Belə ki, etibarlı mənbənin verdiyi məlumata görə, Cavid Qurbanov QSC-ə rəhbər təyin olunduqdan sonra, “Təsərrüfat İdarəsi” MMC-ilə bağlı şəhid ailələri tərəfindən QSC-ə şikayət daxil olub.
“Əlbəttə, Cavid Qurbanov öz növbəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində yeni yaradılan Audit xidmətinin rəhbəri Ramin Abdullayevə tapşırıq verib ki, “Təsərrüfat İdarəsi” MMC-də yoxlama aparılsın. Yoxlama aparılıb və nəticədə üç nəfər tutduğu vəzifədən azad olunaraq dəmiryolu sistemindən uzaqlaşdırılıb”, – deyə məlumatda bildirilir.
Yoxlama zamanı Audit xidmətinin rəhbəri Ramin Abdullayevin kimlər tərəfindən razı salındığı barədə şok açıqlama verəcəyik. Söhbət 7 il ərzində QSC-də mənimsənilən bir milyon yarım manatdan artıq məbləğdən gedir. Redaksiyamıza daxil olan məlumata görə, “Təsərrüfat İdarəsi” MMC-də 7 il ərzində 1 milyon 512 min manat pul mənimsənildiyi məlum olub. Bu pullar dəmiryolu sistemində şəhid ailələrinə dövlət tərəfindən ayrılsa da, pullar “Təsərrüfat İdarəsi” MMC-nin bir sıra əməkdaşları tərəfindən mənimsənilib. Pulun mənimsənilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Audit xidmətinin əməkdaşları tərəfindən yoxlama keçirilarif_Əsgərovib və müəyyən olunub ki, 1 milyon 512 min manatlıq mənimsəmə olub.
“Əvvəl cavabdehlərə mənimsədikləri pulun əvəzində 1 milyon rüşvət verməyi təklif olunub ki, onlar barəsində prokurorluq orqanlarına material göndərilməsin. Ancaq cavabdehlər cəmi 100 min manat pul düzəldə biliblər. Pul onlardan alınaraq onların mənimsədiyi 1 milyon 512 min manat pula göz yumulub. Deyilənə görə, həmin şəxslərdən 100 min manat alınandan sonra, onlar sadəcə dəmiryolu sistemindən uzaqlaşdırılıblar”, – deyə məlumatda qeyd olunur.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu yaxınlarda “Təsərrüfat İdarəsi” MMC-dən iki nəfər və QSC-nin kadrlar şöbəsindən bir nəfər işdən xaric olunub. Baş mühasib Ağayeva Almaz, xəzinədar Mehdiyeva Mina, kadr şöbəsinin inispektoru Həsənova Esmira. Bu şəxslərlə əlaqə saxlamağa çalışdıq. Almaz Ağayeva Qafqaznews.az-ın sualına cavab verdi ki, o, öz xahişi ilə ərizə yazaraq işdən azad olunub və “Təsərrüfat İdarəsi” MMC-nin keçmiş rəisinin kadrı olduğu üçün, yeni rəis onunla işləmək istəməyib.
Mehdiyeva Minanın mobil telefonuna dəfələrlə zəng etsək də, zənglərmizə cavab verən olmadı. Həsənova Esmira ilə də əlaqə yarada bilmədik. Çünki bu şəxslərin üçü də Audit xidmətinin yoxlamalarının son nəticəsindən sonra öz xahişi ilə vəzifələrindən azad olunaraq dəmiryolu sistemindən uzaqlaşdırılıblar. Baş mühasib Almaz Ağayevanın keçmiş rəisin kadrı olduğu üçün vəzifədən uzaqlaşdırılması barədə etirafına nəzər yetirərək, araşdırmamızı davam etdirdik. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, baş mühasib Ağayeva Almaz yeni rəislə də hələ 3 ay müddətində işləyib.
Sadəcə Audit xidmətinin apardığı yoxlamaların son nəticəsindən sonra onların üçü də tutduqları vəzifədən azad olunublar. Məlumat üçün bildirək ki, “Təsərrüfat İdarəsi” MMC-nin keçmiş rəisi Seymur Əhmədov Nəqliyyat naziri Ziya Məmmədovun dayısı qızının həyat yoldaşıdır. Seymur Əhmədov Cavid Qurbanov tərəfindən işdən çıxarılsa da, yenə də “Azərbaycan Dəmiryolları” QSC-nin Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin rəisi Anar Əsgərovun (Cavid Qurbanovun keçmiş müşaviri) köməkçisi vəzifəsinə təyin olunub.
Apardığımız araşdırmalar nəticəsində o da məlum oldu ki, “Azərbaycan Dəmiryolları” QSC-nin “Təsərrüfat İdarəsi” MMC-nin yeni rəisi “DəmirBank”-ın keçmiş rəhbəri, Akif Covdarovun yaxın qohumu Roman Əmircanovun doğma qardaşıdır.
Sual yarana bilər ki, QSC-nin “Təsərrüfat İdarəsi” MMC-nin keçmiş rəisi Seymur Əhmədovun rəis işlədiyi dövrdə 1512000 manat pul mənimsənilibsə, niyə o məsuliyyətə cəlb olunmayıb? “Azərbaycan Dəmiryolları”QSC-nin maliyyə xidmətinin tərkibində fəaliyyət göstərən Audit şöbəsinin uzun illər rəisi vəzifəsində işləyən Vidadi Qüdrət oğlunun bu mənimsəmədən xəbəri olmayıbmı? Dəmiryolçuların dediklərinə görə, Seymur Əhmədovla Vidadi Baxşəliyev neçə illərdir yaxın dostluq münasibətindədirlər. Hətta münasibət o yerə çatıb ki, onlar axşamlar bulvarda bir yerdə yürüş “yaparaq” dəmiryolundakı yeyintiləri bir yerdə müzakirə ediblər.
Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Audit xidmətinin rəhbəri Ramin Abdullayev ola bilər ki, nəyəsə və kiməsə də görə 1,5 milyon manat mənimsənilən pulun materiallarını hüquq mühafizə orqanlarına göndərməyib. Ancaq Vidadi Baxşəliyev də 7 il ərzində QSC-nin tərkibində fəaliyyət göstərən “Təsərrüfat İdarəsi” MMC-də yoxlamalar aparmalıydı. Bu cür məsuliyyətsizlik, demək olar ki, 1 milyon 512 min manat mənimsəməyə göz yummaq deməkdir. Qafqaznews.az-a məlumat verən mənbə qeyd edir ki, Vidadi Baxşəliyev Seymur Əhmədovla yaxın dostdur və onlar hətta axşamlar bulvarda yürüşlər edərək, QSC-nin tərkibində fəaliyyət göstərən “Təsərrüfat İdarəsi” MMC də yoxlamalar aparılmasının mümkün olmayacağını müzakirə ediblər. Araşdırmalarımız davam edir, bizi izləyin …
P.S. Vidadi və Qəhrəman Baxşəliyevlər “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovun ən yaxın adamları hesab olunublar. Qəhrəman Baxşəliyev uzun illər “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə xidmətinin tərkibində olan, yük sənədlərinin çeşidlənmə bölməsinin rəisi vəzifəsində işləyib. Oxucuda da sual yarana bilər: Bu qardaşlar Arif Əsgərova nə qədər yaxın olublar ki, o, iki qardaşı QSC-nin maliyyə xidmətində aparıcı vəzifələrə təyin edib. Qocaman dəmiryolçuların dediklərinə görə, iki qardaş üçün bu cür jest ancaq Arif Əsgərov kimi rəhbərdən irəli gələ bilər. Ümid edirik ki, hüquq mühafizə orqanları, bizim məqalələrmizi oxuyub 1 milyon 512 min manatlıq yeyintinin üstünün açılmasında dövlətə və ictimaiyyətə yardımçı olacaqlar.