Cahangir Əsgərov getdi, Samir Rzayev gəldi, AZAL-da nə dəyişdi ki? - Soyğunçuluq, inhisarçılıq, qonşulara belə baha qiymət...
13-06-2024, 13:11
AZAL düzəlmir ki, düzəlmir. Bu şirkətin keçmiş rəhbəri Cahangir Əsgərovda bütün günahlar görülürdüsə, indi o da yoxdur, bəs niyə dəyişikliklər müsbət istiqamətdə deyil?! Milli Məclisdə deputatların biletlərin baha olduğu deməkdən dilləri qabar olmuşdu, amma AZAL öz modunda qiymət siyasətini yürütməkdə idi. Sonra ictimai rəyə təlqin olundu ki, Cahangir Əsgərov getməsə düzələn deyil. Bu da oldu, prezident vəzifəsindən kənarlaşdırıldı, amma yeni şəxs də sürpriz addımlar atmadı. Ümumiyyətlə, olduqca banal və absurd məsələdir ki, yaxın qonşu ölkələrə baha qiymətə uçasan. Bir şengen ölkələrə baxın: Romadan Budapeştə, Berlindən Madridə, Parisdən Amsterdama sözün əsl mənasında su qiymətinə uçuşlar var. Çünki eyni zonadır və nə üçün yaxın məsafəyə təyyarə biletləri baha olmalıdır? Bu mənada AZAL qardaş Türkiyəyə, Gürcüstana, Rusiyaya, Qazaxıstana, Belarusa, İrana, bütövlükdə keçmiş sovet respublikalarına qiymətləri ucuz etməlidir. Axı bir fransız alman şəhərinə 40-50 avroya, hətta daha ucuz qiymətə uça bilirsə, niyə dost gördüyümüz Minsk şəhərinə 70 manata getməməliyik? Nə üçün 1 saatlıq yol olan Tiflisə uçuş 40-50 manat olmamalıdır? Rusiyaya niyə od qiymətinə uçmalıyıq, bəyəm bu ölkə uzaq Şərqdir, yoxsa "qara qitə"də yerləşir? Türkiyəni qeyd etməyə ehtiyac yoxdur, qardaş ölkəyə qiymətlər fantastikadır. Yəni dünyanın hər yerində qonşu ölkələrə təyyarə biletləri ucuzdur, bizdə isə əlçatmaz olub. Çünki AZAL inhisarçı və soyğunçu qiymət siyasətini dəyişmək istəmir. Özləri də yaxşı bilirlər ki, Tiflisə uçmaqla Naxçıvana gediş təxminən eyni vaxtdır - 1 saata. Amma qiymətlər fərqli təklif olunur. Bu da tamamilə analoqsuz rüsvayçılıqdır. AZAL-ın rəhbərliyi də, sıravi işçiləri də yaxşı bilirlər ki, Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Moldova kimi ölkələrə qiyməti çox ucuz etmək olar, bunu avropalılar edirsə, bizim təyyarələrin onlardan xərc fərqi nədir ki?
Anaxeber.info bildirir ki,
AZAL turizm şəhərlərinə uçuşların biletlərini yenidən bahalaşdırıb. Əksər şəhərlərə təşkil olunmuş aviauçuşlar üzrə biletlərdə 200-300 manat bahalaşma müşahidə olunur.
Hazırda Bakı-Antalya reysləri üzrə ekonom uçuşların qiymətləri gediş-gəliş daxil 1000 manata qalxıb. Bundan başqa, Bakı-Tbilisi uçuşlarında da artım pik həddə çatıb. AZAL-ın rəsmi saytında gediş-gəliş qiyməti ekonom klass üçün 700 manata qədər yüksəlib.
Qeyd edək ki, yay mövzsümü ilə əlaqədar Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə təşkil olunan uçuşlar üzrə bahalaşmanı AZAL təlabatın çox olması ilə əlaqələndirir. Halbuki şirkətin belə bir bəhanə gətirməsi məntiqsizdir. Çünki təlabat artdığı təqdirdə, şirkətin bilavasitə vəzifəsidir ki, uçuş saylarını artırsın.
Digər tərəfdən, şirkət Azərbaycanda inhisarçıdır və təkbaşına istənilən qiyməti qoymaqla, sərnişinləri çıxılmaz vəziyyətə salır. Rəsmi qurumlar isə uzun illərdir bu qiymət siyasətinə qarşı hər hansı tədbir görmürlər. Yalnız bir neçə deputat etiraz edərək, qiymətlərin baha olmasından şikayətləniblər ki, bu da yetərli deyil. Sosial şəbəkələrdə bu mövzu ətrafında xeyli tənqidi müzakirələr də aparılır. Böyük əksəriyyət AZAL-ın fürsətdən istifadə edərək, əhalinin cibinə girdiyini bildirirlər. Onlar deyirlər ki, hazırda tətbiq olunan qiymətlə Avropanın əksər şəhərinə uçaraq, bir neçə gün qalmaq belə mümkündür. Hazırda Avropa ölkələrində uçuşların qiymətləri Azərbaycandan çox-çox aşağıdır. Məsələn, hazırda 3 saat 20 dəqiqəlik Eindhovendən Mərakeş, 3 saatlıq Mərakeşdən Romaya uçuşlar toplam 25 avrodur. Belə ki, Eyndhoven-Mərakeş 10 avro, Mərakeş-Roma bileti isə 15 avro təşkil edir.
Araşdırma zamanı o da məlum olub ki, AZAL-ın təkcə Antaliya üçün müəyyən etdiyi qiymətə 100 manat da əlavə edərək, Bakıdan Nyu Yorka uşmaq olar.
Ekspertlər isə bildirirlər ki, AZAL-ın “təlabat çoxdur” yanaşması əsassızdır. Onlar hesab edirlər ki, şirkət mövsümlə əlaqədar strategiyaya malik olmalı, hələ qışdan hazırlıq işləri görməliydi. Qiymətlərin sabit qalması üçün uçuş saylarını artırmaq imkanı varkən, bu taktikanı seçməli, əks halda, kənar şirkətləri prosesə cəlb etməliydi.
Onların rəyinə görə, əgər Azərbaycan bazarlarında “Ryanair”, “WizzAir” kimi şirkətlər fəaliyyət göstərsydi, o zaman AZAL indiki şəkildə davrana, istədiyi qiyməti tətbiq edə bilməzdi.
AZAL prezidenti Samir Rzayev APA-ya müsahibəsində uçuş saylarını artırdığını, bir sıra yeniliklər etdiyini bildirib. Bununla bərabər, bir sıra rəqəmlər də açıqlayıb ki, onların arasında biletlərin guya ucuz olması var.
Məsələn, iyulun sonları, avqustun əvvəllərinə Antalyaya indidən bilet almaq istəyən şəxs ən azı gediş-gəliş üçün 700 manat xərcləməlidir. Əgər 4 nəfərlik ailə bu istəyini həyata keçirmək istəsə, o zaman həmin rəqəm 2800 manat xərcləmək məcburiyyətindədir. Yayın isti aylarına doğru getdikcə, yəni daha qısa müddət üçün bilet alınması isə ayrıca müsibətdir. Çünki təkcə birtərəfli uçuş biletinin qiyməti 800 manatdan aşağı deyil.
Analoji vəziyyət cəmi 55 dəqiqə uçuş məsafəsində olan Tiflis üçün də keçərlidir. Çünki Bakıdan Tiflisə və geriyə uçmaq üçün biletin qiyməti bir nəfər üçün ən yaxşı halda 350 avro təşkil edir.
Məsələn, Təbrizdən İstanbula uçuş məsafəsi 1704 km olduğu halda “İran Air” şirkəti 10 kq əl baqajı və 20 kq baqajla birlikdə bir nəfər üçün bileti 100 manata təqdim edir. “Turkish Airlines” şirkəti isə eyni şərtlər çərçivəsində biletin qiymətini 120 manat müyəənləşdirib. Halbuki Təbrizdən İstanbula uçuş məsafəsi ilə Bakıdan İstanbula uçuş məasfəsi eynidir, arada 1 km-lik fərq var. O zaman sual olunur ki, eyni məsafə üzrə uçuşun qiymətlərindəki bu qədər kəskin fərq nəylə bağlıdır? Və ya bu qədər fərq niyə olmalıdır?
Gürcüstandan Türkiyə şəhərlərinə uçuşların qiymətini isə AZAL-la müqayisə etməyə dəyməz. Təsəvvür edin ki, İstanbula uçuş qiyməti 37 avrodan və ya 74 manatdan başlayır. Kutaisi limanından isə bu qiymət bir qədər də aşağıdır. Biz hələ Avropaya uçuşlar barədə danışmırıq, çünki müqayisəli rəqəmlər biabırçılıqdır.
İndi Samir Rzayevə sual edirik: Hörmətli AZAL prezidenti əgər həqiqətən də şirkətiniz biletlərin qiymətini 18 faiz aşağı endiribsə, niyə bu qədər bahadır? Sual ritorikdir...
Anaxeber.info
Azər Talıbov