Yeni TƏHLÜKƏ MƏNBƏYİ: Bakı liftləri... - Büdcədən ayrılan milyonlar BƏS NƏ OLDU?..

27-06-2024, 12:28           
Yeni TƏHLÜKƏ MƏNBƏYİ: Bakı liftləri... -
Lift qəzaları, təəssüf ki, azalmır. Fövqəladə Hallar Nazirliyinin vaxtaşırı hansısa ünvanda liftdə köməksiz vəziyyətdə qalmış insanları xilas etdiyi barədə məlumatlar verilir. Daha ağır qəzalar da baş verir. Lift problemi isə həllini tapmır. Sovet illərində tikilmiş çoxmənzilli, çoxmərtəbəli binalardakı liftlər istismar müddətini çoxdan başa vurub artıq. Bir çox binaların liftləri, ümumiyyətlə, işlək vəziyyətdə deyil. Adı var, özü yox. Bir neçə gün ərzində 2 yaşayış binasında lift qəzası baş verib. Global.info-nun yazdığına görə, hadisələrdən biri Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada, digəri isə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında. Birinci hadisə zamanı 7 nəfər, ikincidə 5 nəfər xəsarət alıb. Baş verən hadisə ilə bağlı heç kim özünü günahkar hesab etmir. İlk hadisədən sonra Şərurlu İsfəndiyar kimi tanınan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov açıqlama verərək bildirib ki, liftə icazə verildiyindən daha çox insan minib. Liftin yükgötürmə qabiliyyəti dözməyib, nəticədə qəza baş verib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dövlət balansında olan yaşayış binalarındakı liftlərə Bakı Lift İdarəsi cavabdehdir. MTK-ların inşa etdiyi binalarda isə liftləri inşaatçı şirkət quraşdırır. Lift istehsalçısı şirkətlərlə, firmalarla bağlanan müqavilə əsasında liftlər quraşdırılır, onların təhlükəsizliyinə də həmin MTK-lar, şirkətlər cavabdehdir:
" Təəssüf ki, sərnişin liftləri təhlükə potensialı sırasındadır. Lift harada quraşdırılırsa, onun təhlükəsiz istismarına cavabdeh şəxs də olmaldıır. Yaşayış binası inşa edən şirkət, MTK və sair, liftin quraşdırılması üçün lisenziyası olan, ixtisaslaşmış müəssisə, firma ilə müqavilə bağlamalı, müqavilə əsasında liftin təmiri, mütəmadi yoxlanması həyata keçirilməlidir. Lift xarab olduqda firmanın mütəxəssisləri dəvət edilməli, təmir işləri görülməli, əgər istismara yararsız hala düşübsə, dəyişdirilməlidir. Liftlər mütəmadi texniki baxışdan keçirilməlidir, qurğular, detallar yoxlanmalıdır. Qurğular, avadanlıqlar sertifikatlı, keyfiyyətə zəmanətli materiallar olmalıdır. İstehsalçı tərəfindən məhsula istismar müddəti qoyulur, bu, bilinməlidir ki, liftin istismar müddəti nə qədərdir. Ona uyğun istismar edilməlidir ki, qəza hadisəsi başvermə təhlükəsi olmasın. İstismar müddəti istehsalçı firmadan asılıdır. Bunu firma müəyyənləşdirir. Liftin istismarına dair xüsusi jurnallar var. Liftin dəyişən detalları, istismarı barədə məlumat verilir. İstifadəçilər də bunlarla maraqlanmalı, bilməlidir. Liftdə qəza nə zaman baş verə bilər, ya tros sisteminin qırılması, ya elektrik kəsintisi, ya da əyləc sisteminin işləməməsi zamanı. Elektrik kəsintisindən sığortalanmaq üçün mütləq ehtiyat generatorlar olmalıdır, elektrik kəsildisə, generatorlar dərhal işə salınmalıdır. Trosa gəlincə, liftlərdə həm əsas, həm də ehtiyat troslar olur. Trosun qırılması adətən nadir hallarda baş verir. Gərək lift nə qədər əlavə yüklənsin ki, tros qırılsın. Bu, çox nadir hallarda olur. Lift kabinəsinin ehtiyat əyləc sistemi də olmalldır. Əsas sistem işləmədisə, ehtiyat sistem dərhal işə düşməlidir. Bir dəfə yüklənməklə tros qırıla bilməz, əyləc xarab ola bilməz. Dəfələrlə yüklənmə olmalıdır ki, bu sistem xarab olsun. Liftlərin yükgötürmə qabiliyyəti müxtəlifdir. Amma müasir liftlərdə əlavə yüklənmənin qarşısının alınması məqsədilə işlək sistem var. Lift yükgötürmə qabiliyyətindən artıq yükləndikdə qapılar bağlanmır. Əlavə yükdən azad olmayanadək qapılar açıq qalır, lift hərəkətə gəlmir. Artıq tonnaj ləğv edildikdən sonra qapı bağlanır. Bunun üçün də liftlərə sensor dedektorları qoyulmalıdır ki, tonnajdan artıq yük varsa, lift hərəkətə gəlməsin. Bu, qəzaların qarşısını alacaq".
E.Nurəliyev qeyd etdi ki, sakinlər də liftlərdən ehtiyatla isfifadə etməli, liftin istismar müddətini vaxtından əvvəl başa vurmasına səbəb olacaq hərəkətlərə yol verməməlidirlər:
" Yaxşı olar ki, liftlərlə bağlı maarifləndirici, xəbərdarlıq xarakterli məlumatlar vurulsun. Sakinlər də gərək binanın avadanlığına qayğı ilə yanaşsın. Yeni tikilmiş binalarda təmir zamanı fəhlələr daş-qum, sementi liftlə qaldırırlar yuxarı. Tez-tez aşağı düşüb qalxmasınlar deyə lifti daha çox yükləyirlər. Bu da istismar müddətinə təsir edir. Bir tərəfdən fəhlələri, ustaları da qınamaq olmur. Çünki mənzillər təmirsiz, “pod mayak” təhvil verilir. Sakin məcburdur təmir işləri gördürməyə. Çoxmərtəbəli binalarda isə qalxıb-enmək problemdir. Yenə də liftləri ağır yükləməkdən çəkinməlidirlər. Çünki qəzalar baş verə bilər, liftlərin istismar müddəti vaxtından tez başa çatacaq. Binanın komendantı, sakinlər də diqqət etməlidirlər. Mütəmadi olaraq liftlər yoxlanmalıdır. O binalarda liftlərin istismar müddəti qısalır, harda ki, məskunlaşma çoxdur, hərəkət intensivliyi var. Lift davamlı hərəkətdədirsə, daha tez-tez yoxlamalar keçirilməlidir. Nasazlıq ehtimalı varsa, öncədən qarşısı alınmalıdır. Sakinlər də bilməlidir ki, lifti yükgötürmə qabiliyyətindən artıq yükləmək, eyni vaxtda bir neçə düyməni sıxmaq, qapıların hərəkətinə mane olmaq, döşəməyə toxunmaq olmaz. Təhlükəsizlik qaydalarına hamı riayət etməlidir. Lift mərtəbəyə çatmamış, insan öz əksini güzgüdə görməmiş liftə ayaq basmamalıdır. Liftlərə güzgü ona görə vurulur ki, sərnişin qapı açılanda özünü görsün. Bu o deməkdir ki, lift “çağırıldığı” mərtəbədə tam dayanıb. Qapılar bloka açılıb. Güzgüdə özünü görməmiş liftə ayaq basan adamın şaxtaya düşmək ehtimalı var. Bəzən liftlər mərtəbəyə çatmamış, yarımçıq halda qapılar açılır. Belə olan halda insanın ayağı boşluğa düşə bilər. Sakin əmin olmalıdır ki, lift tam dayanıb, qapılar tam açılıb, arada heç bir boşluq yoxdur, sonra liftə minməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.