"Samsung" 3000 dollarlıq ağıllı soyuducularında reklam yerləşdirdi - Söndürmək mümkün deyil
Bu gün, 15:44

"Samsung" şirkəti premium sinif soyuducularında reklam göstərməyə başladıqdan sonra qalmaqalın mərkəzinə düşüb. İstifadəçilərin narazılığına səbəb olan əsas məqam isə bu reklam bloklarını nə söndürmək, nə də tamamilə silmək mümkün olmasıdır.
Qaynarinfo xəbər verir ki, "Reddit" platformasında bir istifadəçi bu yeniliyi son proqram təminatı dəyişikliyi barədə qeydlərdə aşkar edib. Hadisə sürətlə sosial şəbəkələrdə yayılıb və şirkət açıqlama verməyə məcbur olub. Lakin "Samsung" məsələni inkar etməyib.
"Android Authority" nəşrinə şərhində şirkət təsdiqləyib ki, reklamlar "Samsung Family Hub" sensor ekranlı soyuducu modellərində tətbiq olunacaq. Şirkət açıqlamasında bunun gələcəkdə "xidmət keyfiyyətini artırmaq" üçün nəzərdə tutulduğunu və reklamların diqqətlə seçiləcəyini bildirib.
Şərtlərə görə, reklamlar ekran aktiv olmadıqda, yəni gözləmə rejimində nümayiş olunacaq. Ekranın fərdiləşdirilməsi zamanı, məsələn, foto albomdan şəkillər göstərilirsə, reklam deaktiv olacaq.
İlkin mərhələdə reklam yalnız ABŞ-da, test rejimində tətbiq ediləcək və hətta 3000 dollardan baha olan üst səviyyəli modelləri də əhatə edəcək. Qeyd edək ki, "Samsung"un xarici ekranlı ən ucuz soyuducusu belə 1800 dollara başa gəlir.