ANAMA-nın şübhəli tenderləri və milyonluq maxinasiyaları

8-10-2024, 10:54           
ANAMA-nın şübhəli tenderləri və milyonluq maxinasiyaları
Və yaxud işğaldan azad olunan ərazidə fəaliyyət göstərən tikinti şirkətləri agentlik rəhbərliyindən niyə narazıdır?!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) adı ölkə mətbuatından dəfələrlə şübhəli tender qalmaqallarında hallanıb. Təkcə son bir neçə ay ərzində bu agentliyin on milyonlarla manatlıq bir neçə layihəsi istər mətbuatda, istər də sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Hətta bəzi hallarda tender elan olunmadan agentlik tərəfindən formal olaraq “qalib şirkətin” adı da elan olunub ki, bu da növbəti saxtakarlıq və maliyyə maxinasiyası kimi qəbul olunub.

O da maraqlıdır ki, ANAMA-nın tenderlərinin qalibləri əsasən hansısa məmurlara, bəzi hallarda isə sabiq məmurlara məxsus şirkətlərdən ibarətdir. Məsələn, cari ilin aprel ayında agentlik “İmprotex İndustries” MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzaladı. Həmin vaxt bildirildi ki, sözügedən müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması üçün “İmprotex İndustries” MMC-yə 19 milyon 629 min 520 manat ödəyəcək. Bəs, bu “İmprotex İndustries” MMC kimə məxsusdur?

Mətbuatın apardığı araşdırma nəticəsində aydın oldu ki, “İmprotex İndustries” MMC 1 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur. Əslində isə, agentlikdən təxminən 20 milyon manatlıq sifariş alan şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Sabiq nazir işğaldan azad olunan ərazilərdə yaradılan “Araz Vadisi İqtisadi Zonası”nda xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edən müəssisə açıb. Həmin müəsssiədə mexaniki minatəmizləyənlərin də hazırlandığı bildirilib.

Ən təəccüblüsü isə o idi ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Nəzərə alaq ki, minatəmizləmə texnikasının satın alınması məxfi məlumat hesab oluna bilməz. Hətta ötən ilin oktyabr ayında mətbuatda “İmprotex İndustries” MMC-nin ANAMA-ya 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını təhvil verdiyi barədə məlumat yayılmışdı. Bu səbəbdən də, ANAMA-nın satınalma prosesini bu şəkildə keçirməsi başadüşülən deyil.

Növbəti müəmmalı tenderlər

Ötən ayın sonu ANAMA-nın daha bir tenderinin nəticəsi elan olundu. Bu zaman məlum oldu ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti “Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin qalibi “İnşaatçı-Neftçi” MMC olub. Qalib şirkətlə 12 583 453 manat məbləğində müqavilə imzalanıb. Hansı ki, bu şirkətin adı indiyədək bir çox maliyyə maxinasiyalarında çəkilib, hətta onu himayə edən məmurun hesabına dəfələrlə audit yoxlamalarından yayınmağa da nail olub.

Ardınca isə ANAMA-nın keçirdiyi daha bir açıq tender müsabiqəsinin qalibi açıqlandı. Bəlli oldu ki, ANAMA-nın 181 min 17 manat 90 qəpik dəyərindəki tender müsabiqəsini “Universal-RA” MMC (VÖEN - 1301581481) udub.

“Universal-RA” MMC ANAMA-ya 31 min 500 kiloqram quru it yemi satacaq.

Hansl ki, ondan bir həftə öncə ANAMA Xorvatiyanın "Piper d.o.o." şirkətindən 202 min 500 dollar (344 min 250 manat) dəyərində minaaxtaran itlər almaq üçün satınalma müqaviləsi imzalamışdı.

Məlumat üçün bildirək ki, ANAMA-ya it yemi satacaq “Universal-RA” MMC 24 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur. Ən maraqlısı isə odur ki, ANAMA-nın 181 min manatlıq tenderini udan bu “20 manatlıq şirkətin” “Universal-RA” MMC-nin həmin vaxt dövlət büdcəsinə 13 min 50 manat 78 qəpik vergi borcu olub. Bu haqda Dövlət Vergi Xidməti tərəfindən məlumat verilib.

Agentlik üçün 1,1 milyonluq texniki baza

Son olaraq isə agentlik “Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üçün texniki bazanın tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini elan etdi. Məlum oldu ki, bu tenderin qalibi “Şəmkir Tikinti-18” ASC olub. Qalib şirkətlə 1 147 146 manat məbləğində müqavilə imzalanıb.

“Şəmkir Tikinti-18” ASC də ölkəmizdə bir çox iri layihələrin icrasını həyata keçirdiyindən faktiki olaraq “tender kralı” kimi tanınır. Deməli, bu şirkətin arxasında da hansısa məmur dayanır. Əks halda, indiki reallıqda sıradan bir vətəndaşa bu qədər böyük imkanlar tanınması absurd olar.

ANAMA-nın faydalı işləri və “yediyi” milyonlar

Əlbəttə, ANAMA-nın xalqımız üçün çox böyük, faydalı işlər gördüyü danılmazdır. Məhz bu agentliyin əməkdaşlarının səyi nətiəsində bu gün vətəndaşlarımız işğaldan azad olunan ərazilərdə sərbəst şəkildə gəzib-dolaşa bilirlər. Doğrudur, hələ minatəmizləmə işləri tam yekunlaşmayıb. Amma inanırıq ki, qarşıdakı bir neçə il ərzində bütün ərazilərimiz minalardan təmizlənəcək və vətəndaşlarımız Vətənin hər qarışında təhlükəsiz şəkildə addımlaya biləcək.

Şübhəsiz, minatəmizləmə işləri heç də asan başa gələn bir proses deyil. Bunun bəzi hallarda ANAMA əməkdaşlarının həyatını itirməsi ilə nəticələndiyi də bizlərə bəllidir. Amma bütün bunlar onu deməyə əsas vermir ki, agentlik rəhbərliyi dövlətin, xalqın pulunu talan etməlidir.

Əlbəttə, burada yalnız müəmmalı tender maxinasiyalarından söhbət getmir. Son vaxtlar agentliklə müqavilə bağlayan şirkətlər arasında da narazılıq yaranıb. Onlar iddia edirlər ki, görülən işləri vaxtında yerinə yetirsələr də, ANAMA-dan pullarını almaqda çətinlik çəkirlər. Əksər hallarda müqavilədə qeyd olunan vəsait onlara kəsirlə verilir.

Bu baxımdan, müvafiq qurumlar tərəfindən ANAMA-nın fəaliyyətinin dərindən araşdırılmasına ehtiyac olduğunu əminliklə deyə bilərik.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.