Həkim uşağa qadağan olunmuş 275 manatlıq dərman verib? - Araşdırma başladı
Dünən, 22:03
Ağcabədi sakini doqquz yaşlı övladının həkimin yazdığı dərmandan zəhərləndiyini iddia edib.
Bununla bağlı Oxu.az-a şikayət daxil olub.
Vətəndaşın sözlərinə görə, Ağcabədidə fəaliyyət göstərən "Medical City Emil" klinikasından zəng edərək, ona Bakıdan gələn həkimin övladını müayinə edəcəyi barədə məlumat veriblər.
"Mən də uşağı dekabrın 7-si (2024-cü il - red.) götürüb apardım. Növbə götürüb həkimin qəbuluna düşdük. 30 manat da pul ödəmişik qəbulda. Səbəb uşaqda iştahasızlıq və ağız qoxusunun olması idi. Cəmalə həkim bizə resept yazmadı. Dedi ki, imkanınız çatırsa, dərmanı mən gətirim. Qiyməti 275 manatdır. 10 gün içəcək, 15 gündən sonra gəlib özüm yoxlayacağam. Əgər hər hansı problem olsa, pulunuzu qaytaracağam. Nəticədə uşaq dərmandan zəhərləndi. Bədənində səpgilər yarandı", - deyə uşağın anası qeyd edib.
Valideyn bildirib ki, uşağın vəziyyəti yaxşı olmadığı üçün onu yenidən Bakıda başqa həkimə aparmalı olublar:
"Həmin həkim bildirdi ki, bu dərmanı uşağa vermək olmaz, o hətta uşağı öldürə də bilər.
Neçə dəfə Cəmalə həkimə yazmışıq, zəng etmişik, heç bir cavab vermir. Ya da yazır ki, özüm zəng edəcəyəm. Amma nə zəng edir, nə də zəngə cavab verir. Həkimin Bakıda hansı xəstəxanada işlədiyi haqqında da mənə məlumat verən yoxdur ki, gedim işlədiyi yerə".
Məsələ ilə bağlı sözügedən həkim Cəmalə Teyyubova ilə əlaqə saxladıq. O, sayta a açıqlamasında xəstəni qəbul etməsi faktını təsdiqləsə də, iddiaları rədd etdi.
"Bəli, həmin xəstəni qəbul etmişəm. Əvvəlcə qeyd edim ki, etdikləri ödənişi bir az əvvəl xəstənin kartına geri köçürmüşəm.
Heç yerdə gizlənməmişəm, "20 Yanvar"da, Şərq Təbabəti Klinikasında çalışıram.
Əminliklə deyirəm ki, yazılan dərman heç bir halda uşağa zəhərlənmə verə bilməz. İnanmırlarsa, dərmandan bir nümunəni aparıb versinlər ekspertizaya, əgər 1% belə əks-təsir olsa, başımla cavabdehəm. Hətta bu qədər böyük danışıram", - deyə həkim bildirib.
Dərmanın reseptsiz yazılmasına gəlincə isə həkim bildirib ki, bunun üçün reseptə ehtiyac yoxdur.
"Mən onlara izah etdim, məlumat verdim ki, birinci mərhələdə biz onları müayinə edirik, yoxlayırıq, konsultasiya edirik, müəyyən yoxlamalar aparılır və bütün nəticələr kompüterdə xüsusi proqrama vurulur və o dərmanlar da kompüterdə çıxır. Sonra sifariş edirik, Bakıdan göndərilir. Uşağa kimyəvi dərman yazılmayıb, hansısa psixotrop dərman yazılmayıb, bitki mənşəli dərmandır. Bunun üçün reseptə ehtiyac yoxdur.
İkinci mərhələdə artıq diaqnozun nəticələrini təqdim edirik. Onlar isə ikinci mərhələyə gəlməyiblər. Məsələ budur", - deyə həkim bildirib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı işçi qrupu yaradılıb.
"Fakt detallı araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.