Neftçala bələdiyyəsi sahibkarlara qarşı - NARAZILIQ VAR...
18-10-2016, 16:07
Bu günlərdə redaksiyamıza daxil olan məlumatlarda Neftçala şəhər bələdiyyəsinin sədri Aydın Aslanovun yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmışdır. Maraqlıdır ki, bir çox digər bölgələrdə fəaliyyət göstərən iş adamları öz şikayətlərində daha çox icra strukturlarının onların işlərinə əngəl törətmələrindən bəhs edirlərsə, Neftçaladan daxil olan məlumatlarda bu rayonda sahibkarlara qarşı qeyri-adekvat mövqeylərdən çıxış edən məmur kimi məhz Aydın Aslanovun adı daha tez-tez hallandırılır. Eyni zamanda da bələdiyyə sədrinin özünün də rayon rəhbərliyi ilə yaranmış münasibətləri heç də birmənalı qiymətləndirilmir. Lakin bu barədə bir qədər sonra bəzi fikirlərimizlə bölüşərik. Hələlik isə, bələdiyyə sədrinin yerli ictimaiyyət tərəfindən tam olaraq birmənalı qiymətləndirilən əməllərindən bir qədər bəhs edək. Məsələn, aşağıda təqdim olunan açıqlamada Aydın Aslanovun həyata keçirdiyi torpaq maxinasiyalarından və bu maxinasiyalardan hətta Qarabağ əlillərinin də ziyan çəkdiyindən xəbər verilir: “Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov öz maddi maraqları naminə sadə vətəndaşların, hətta Qarabağ əlillərinin belə hüquqlarını asanlıqla pozur. Belə ki, bir müddət əvvəl dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədrinin maxinasiyaları nəticəsində bu torpaq sahələri kənar şəxslərin əlinə keçib. Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi rayonda fəaliyyət göstərən sahibkarları da hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiqlər etməyə başlayıb. Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Bələdiyyə sədri təyin olunandan Aydın Aslanov Neftçala rayonununda zəbt etdiyi onlarla obyekt və ev üçün nəzərdə tutulan torpaq sahələrini yaxın qohumlarının adına keçirib...”
Göründüyü kimi, Aydın Aslanovun fəaliyyəti demək olar ki, bütün istiqamətlərdə müxtəlif narazılıqlar doğurmaqla diqqəti cəlb edir. Digər tərəfdən də, son vaxtlar ölkə mətbuatında yayımlanan məlumatlarda bu məmurun hətta icra strukturları ilıə münasibətlərində də çoxsayl problemlərin yaşandığı vurğulanır. Məsələn bir müddət əvvəl, Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə quraşdırılmış zəncir səddin sökülməsinə görə baş vermiş əlbəyaxanın polisdə araşdırılması barədə məlumat yayılmışdı. Hətta bildirilirdi ki, bundan sonra hər iki məmur xəstəxanada müalicə almalı olublar. Bundan sonra, Aydın Aslanov törətdiyi bu və bir çox əməllərə görə Yeni Azərbaycan Partiyası sıralarından da qovulub. YAP Neftçala Rayon Təşkilatından mətbuata verilən məlumata görə, Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə heyətinə daxil olmuş müraciətlər müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub.
Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin ictimai sosial-məişət problemlərinin həllini həyata keçirmək üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. Digər tərəfdən isə, bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Neftçala bələdiyyəsinin misalında da, biz bir daha bu deyilənlərin təsdiqini görmüş oluruq.
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.