Özəl, yox-yox... - ÖZBAŞINA BAĞÇALAR

21-10-2016, 16:25           
Özəl, yox-yox... - ÖZBAŞINA BAĞÇALAR
Azərbaycanda ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edib. O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbəqədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.

Komitə sədri maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib: “Amma bu bizim düşündüyümüz variantdır. Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.

Bəzi məlumatlara görə, bu xəbərdən sonra bəzi özəl bağçalar qiymət cədvəlinə yenidən baxmaq qərarına gəliblər. Bütün bağçaların özəlləşdiriləcəyi və yüksəködənişli olacağı artıq rəqabətə start vermiş olub.

Hazırkı qiymətlərin nə yerdə olduğunu öyrənmək üçün bir neçə özəl bağçanın ödəniş qiymətləri ilə maraqlandıq.

“Baby plaza” uşaq bağçasında aylıq qiymət 650 manatdır. Servis bu qiymətə daxil deyil. Bağçadan bildirildi ki, servisin olmamasına səbəb valideynlər arasında razılığın əldə edilməməsidir. Qeyd edək ki, servis deyiləndə balacaların bağçaya aparılıb-gətirilməsi xidməti nəzərdə tutulur.

“Dəniz” uşaq bağçasında qiymət 400 manatdır. Ödənişə servis daxil deyil.

“Free baby” uşaq bağçasında aylıq ödəniş 350 manatdır: “Servis xidmətimiz var, amma qiymət aylıq ödənişə daxil deyil. Məsafədən asılı olaraq servisə pul ödənməlidir”.

“Playorena” uşaq bağçasında aylıq ödəniş 400 manatdır. Bağçaya 1 yaş yarımlıq uşaqlar qəbul olunur. Bağçanın servisi var, amma onun üçün əlavə pul ödənilir: “Məsələn, bağça ilə yaşayış evinin arası yaxındırsa, servis üçün 60 manat pul ödəməli olursunuz”.

“Magic Land” uşaq bağçasından da bildirildi ki, qiymət barədə məlumat yalnız bağçada verilir: “Uşaqlar 3 yaşdan bağçaya qəbul olunur. Azərbaycan, rus və ingilis dilli qruplarımız var. Valideyn hansı qrup istəsə, onu seçə bilər”.

“Leylək” uşaq bağçasında qiymət 400 manatdan başlayır: “Servis haqqı uzaq məsafələr üçün deyil. Yaxın məsafəyə isə 60-70 manat arası təşkil edir. Bizdə məktəblilərin hazırlığı da həyata keçirilir. Günortadan axşam saat 18:30-a qədər. Bu xidmətin qiyməti aylıq 200 manatdır”.

“Bu sahədə proseslər mürəkkəbdir”

Maraqlıdır, bəs bu qiymətlər nəyə əsasən tərtib olunur. Yəni qiymətlər tərtib olunarkən hansı qaydalar əsas götürülür, əhalinin sosial durumu nəzərə alınırmı?

Sualla yuxarıda adıçəkilən bağçalara müraciət etsək də, dəqiq cavab ala bilmədik. Bəziləri qiymət tərtibatını müşahidələrə əsasən, bəziləri isə bağçanın yerləşdiyi əraziyə, uşaqların sayına görə müəyyənləşdirdiklərini dedilər.

Ölkədəki bir neçə uşaq bağçasının gün rejimini tərtib edən marketoloq Ruslan Emrahlı deyir ki, özəl bağçalarda qiymətlər real qazanca uyğun deyil. Ekspert o məbləği ödəyəcək adamların çox az olduğu qənaətindədir: “Əslində müəssisə rəhbərinə çox uşaq cəlb etmək heç sərf eləmir. Çünki aylıq kifayət qədər yüksək ödəniş qoyduğu üçün az sayda uşaqla gəlir əldə edə bilir”.

3 yüz manatdan 3 min manata qədər...

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə özəl bağçalar fəaliyyət göstərmir. Həmin ölkələrdə məktəbəqədər müəssisələrdə xərcləri dövlət ödəyir, onu valideynin üzərinə qoymur.

Müshibimiz deyir ki, özəl bağçalar işə başlayan zaman qiymətləri yüksək qoyur. Startda yüksək tariflər bu sonrakı fəaliyyətdə müxtəlif problemlər yaradır. “Problemlərdən biri də ərazi məsələsidir. İndi insanlar öz evlərinə yaxın ərazidə dövlət bağçası tapmağa çətinlik çəkir. Bu bağçaların özəlləşdirilməsindən sonra baş verdi. Valideyn məcbur olur ki, yaxınlıqda özəl bağça tapsın. Özəl bağçaların ödəniş haqları isə dövlət tərəfindən tənzimlənmir”.

Yeri gəlmişkən, xaricdə, xüsusən Avropa və digər inkişaf etmiş ölkələrdə uşaq müəssisələri ən ciddi nəzarət olunan qurum sayılır. Yəni aidiyyatı dövlət qurumları tərəfindən bağçaların təlim proqramından tutmuş, dərs vəsaitinə, qidalanmasına qədər bütün zəruri xidmətlər monitorinq edilir. Azərbaycanda isə belə monitorinqlər aparılmır.

Bundan başqa, bağçalar profilinə, qrupa, xidmətə görə ayrılır. Məsələn, Rusiyada ixtisalaşdırılmış bağçalar var. Yəni ancaq təlim-tərbiyə verən, təhsil verən və ünsiyyət qurmağa yardımçı olan bağçalar xidmət göstərir.

Türkiyədə də oxşar modeldir. Burada zehni baxımdan geri qalan uşaqlar üçün ayrıca qruplar da fəaliyyət göstərir və xərclər buna görə müəyyənləşdirilir. Yəni özəl bağçada sırf tibbi, psixoloji xidmətin olması qiyməti artırır. Hər iki qonşu ölkədə özəl bağçaların aylıq maksimum qiyməti 500 manat ekvivalentindədir.

Azərbaycanda isə aylığı 3 yüz manatdan 3 min manata qədər olan özəl uşaq bağçaları var.

Bağçalı, bağçasız rayonlar...

Qiymətlər və xidmətlər haqqında bu qədər. Ölkədəki uşaq bağçalarının sayına gəldikdə isə bildirək ki, Dövlət Statistika Komitəsinin 2014-cu ildə verdiyi məlumata görə, Azərbaycanda 1680 məktəbəqədər təhsil müəssisələri (bağça) var ki, bunlardan 385-i Bakı şəhərinin payına düşür: “Məktəbəqədər təhsil müəssisələrinin 1639-u dövlət, 41-i qeyri-dövlət təhsil müəssisəsidir. Paytaxtda özəl bağçalar əsasən Nərimanov rayonu ərazisində yerləşir. Rayon ərazisində 11 özəl bağça var. Binəqədidə 4 , Xəzərdə 1, Səbaildə 4, Sabunçuda 4, Nəsimidə 5, Nizamidə 2, Yasamalda 8 özəl bağça var”.

Bakı şəhəri üzrə Qaradağ, Pirallahı, Suraxanı, Xətai rayonu ərazisində özəl bağça yoxdur.

Təhsil Nazirliyindən bildirilib ki, 2014-2015-ci tədris ilində 17 məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.