“Elite Travel”-ə qarşı 600 minlik məhkəmə iddiası

17-06-2015, 12:51           
“Elite Travel”-ə qarşı 600 minlik məhkəmə iddiası
Bakı Ağır Cinayətlər Məhkəməsində “Elite Travel” MMC- nin 600 min manatlıq qanunsuz kredit iddiası ilə bağlı məhkəmə prosesi gedir. “Elite Travel” MMC-nin təsisçisi Xaliq, direktoru Fariz Sadıxov qardaşları və baş mühasib Sevda Nuriyeva Cinayət məcələsinin 178.3.2 (küllü miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 32.5, maddələri ilə ittiham olunurlar.
Təqsirləndirilən şəxslər qeyri-qanuni yolla 2012-ci ildə Bakı şəhər, Bakıxanov qəsəbəsində yerləşən Faiq Məlikova məxsus qeyri-yaşayış sahəsini “Azər-Türk Bank” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ipoteka ilə yükləyərək 190 min manat kredit götürüblər. Daha sonra təqsirləndirilən şəxslər Bakı şəhər sakinləri Əziz Novruzov , Ağa Üseynov, Sumqayıt şəhər sakini Filman İsmayılovun evlərini və qeyri-yaşayış sahələrini də “Azər-Türk Bank” ASC ilə ipoteka ilə yükləyərək 410 min manat kredit götürmüşlər.
Məlum məsələ ilə bağlı iyunun 10-da keçirilən növbəti məhkəmə iclasında Bakıxanov qəsəbəsində yerləşən “FS” şirkətinə məxsus qənd sexinin sahibi Faiq Məlikov izahat verib. O bildirib ki, qənd sexini 2012-ci ilin iyun ayında Namiq Əliyevə 190 min manata satıb və ondan 100 min manat nəğd pul alıb. Namiq Əliyev qalan məbləğin 75 min manatını Faiq Məlikovun borclu olduğu digər şəxslərə verib. Hal-hazırda F. Məlikovun N. Əliyevə 17 min borcu qalıb. Ancaq buna baxmayaraq Namiq Əliyev bildirib ki, onların aralarında heç bir problem yoxdur.
Daha sonra Faiq Məlikov və Namiq Əliyev hakimin suallarına cavab veriblər.
Bundan sonra hakim Namiq Əliyevin cavablarına replika ilə münasibət bildirərək qeyd edib ki, araşdırılan işdə hamıdan çox sənin adın hallandığı üçün bu cinayət işinin təşkilatçısı kimi də elə səndən şübhələnirəm.
Daha sonra “Azər-Türk Bank” ASC-nin hüquq departamentinin nümayəndəsi izahat verib. 2012-ci ilin iyun-iyul aylarında “Elite Travel” MMC-yə ipoteka ilə yüklü 700 min manat kredit verildiyini qeyd edən departament nümayəndəsi daha sonra hakimin və dövlət ittihamçısının bəzi suallarını cavablandırıb.
Bununla da, məhkəmə prosesi başa çatıb.
Növbəti məhkəmə prosesi isə iyun ayının 24-nə təyin edilib.

Aim.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.