Sürücü baş həkimlə bağlı şok faktlar açıqladı - QALMAQAL
18-06-2015, 15:45
Ötən gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın sözügedən qurumun Ginekologiya şöbəsinin sürücüsü Anar Məmmədov tərəfindən məhkəməyə veriləcəyi ilə bağlı xəbər vermişdik.
Bu gün Anar Məmmədov baş həkimlə bağlı Arqument.Az-a yeni açıqlama verib.
O, Seydiəliyevanı rüşvətxorluqda ittiham edərək, xəstəxanada isə korrupsiya faktlarının olduğunu deyib: "Zaqatalanın baş həkimi Leyla Seydəliyeva məni (Anar Məmmədov.red) məzuniyyət bəhanəsi ilə işdən çıxartmaq işləyir. Halbuki xəstəxananın bəzi həkimləri (hələ ki adlarını çəkmək istəmirəm.A.M) məzuniyyətdə ola-ola cərahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirlər. Misal kimi həkim Əlixanov Hacını deyə bilərəm. Məzuniyyətdə ola-ola xəstəxanada əməliyyatlar aparır. Özünün də yaşı 69-dur".
Şikayətçi xəstəxanada baş verən, alkin gizlədilən bəzi faktlara da toxunub: "Balakən rayonun Katex kənd sakini Yaqubova İnci (2015-ci il təvəlludlü 2 aylıq uşaq) əməliyyat zamanı stolda ölüb. Xəstəlik tarixinin №1373899. Daxil olub may ayının 23-də(23.05.2015), mayın 26-da da ölüb (26.05.2015). Amma hansısa səbəbdən iş araşdırılmayıb, ört-basdır edilib. 2014-cü ildə hər ay demək olar ki, 30-40-50 qeysəriyyə əməliyyatı olub. Misal üçün 2014-cü ilin avqust ayında cərrahiyyə şöbəsinin qeydiyyat jurnalında 50-dən qadının qeysəriyyə əməliyyatı olduğu əks olunub. Halbuki Səhiyə Nazirliyinin və Milli Məclisin qərarı var ki, qeysəriyyə əməliyyatları araşdırılmadan və məcbur qalmadıqda aparılmamalıdır. Amma burada aparılıb. İnanmırsınıza, gedib yoxlayın".
A. Məmmədov bildirib ki, baş həkim xəstəxananı talamaqla məşğuldur: "Baş həkim Seydəliyeva Zaqatalada işlədiyi 6 ay ərzində dəyəri 70.000 AZN-dən artıq olan ev alıb. Üstəlik, bu azmış kimi həmin evin təmiri zamanı xəstəxananın fəhlələri işlədilib. Baş həkimin aylıq məvacibi 350 AZN-dir. Mən 30 il dir, Zaqatalada yaşayıram və hələ də kirayədə qalıram. 350 manatla bu qədər sərvəti necə toplamaq olar? Deməli, hamısı qanunsuzluqla qazanılıb".
Məsələ ilə bağlı xəstəxananın baş həkimi Leyla Seyidəliyeva ilə əlaqə saxladıq. O, Arqument.Az-a açıqlamasında deyilənləri təkzib etdi və Anar Məmmədovun işdən çıxarılmasını qanun çərçivəsində həyata keçirildiyini dedi: "Birincisi, o, sürücü deyil, texniki işçidir. 5 gün işə gəlməyib. Ona dediblər ki, niyə işə gəlmirsən, işə məsuliyyətsiz yanaşırsan? Heç kəsi dinləməyib. Ona görə də "Əmək Məcəlləsinin 72-ci maddəsinin A bəndi ilə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) işdən çıxarılıb. O da deyib ki, mən məsələni mediaya çıxaracam. Onun əmək kitabçası məndədir. Əvvəllər rayonda polis işləyib və polisin nüfuzuna xələl gətirdiyi üçün işdən çıxarılıb".