"Beynəlxalq Bank" məsələsində bu oliqarxda hədəfdədir - Olimpiadadan sonra istintaqa cəlb olunacaq
19-06-2015, 11:11
Məlum olduğu kimi bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankında aparılan audit yoxlamaları, səhmlərinin 50 faizi dövlətə məxsus olan bu maliyyə nəhəngində xüsusilə iri məbləğlərdə kredit vəsaitlərinin mənimsənilmə hallarını aşkarlamışdı. Bəzi qaynaqlara görə bu ilin aprelin 1-nə qaytarılma vaxtı keçmiş kreditlərin həcmi 674,7 milyon manat göstərilir. Maraqlıdır ki, iddialara görə vaxtı ötmüş kreditlərin təqribən üçdə birinin məhz Xəqani Bəşirovun əlindən keçib. Eyni zamanda da Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və Xəqani Bəşirovun adları bir neçə mənbədə əməkdaşlıqda keçir. Belə ki, ABB Xəqani Bəşirova məxsus bir neçə şirkətin rəsmi partnyorudur. Bundan başqa, Hacıyev və Bəşirov eyni illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışıblar. Həmin dövrdə onlarla birgə XİƏN-də işləmiş, Xaqani Bəşirova məxsus General Construction MMC-nin direktoru, «Vneşekspertservis» şirkətinin əməkdaşı Dünyamin Xəlilov 2005-ci ildə ABB-nın səhmdarı olub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmuş D.Xəlilovun X.Bəşirovla birgə işlədiyi «General Construction» Məhdud Məsuliyyətli Cəmiyyəti də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir. Bu yaxınlarda isə ölkənin bəzi informasiya vasitələri Dünyamin Xəlilovun da həbs olunmasına dair məlumatlar yaymışdılar: “Bir neçə gündür Azərbaycanda “maliyyə xəyanətlərinə” görə həbs olunan oliqarxlar sırasına daha biri qoşulub. Həbs olunan iş adamlarından biri də keçmiş millət vəkili, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. Saytın əldə etdiyi məlumata görə, bir neçə həftədir ki, Plazada ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib.” Lakin sonradan bu məlumatlar öz təsdiqini tapmadı. Belə ki, keçmiş millət vəkili nə həbs olunmayıb, nə də xaricə qaçmayıb. Onun Beynəlxalq Bankdan aldığı kreditlərin geri ödənilməsinə gəlincə isə, əksər mənbələr bunun üçün Dünyamin Xəlilovun indi də kifayət qədər imkanlara malik olduğunu bildirirlər. Xüsusilə daxil olan məlumatlarda keçmiş millət vəkilinin Ağsu rayonu ərazisində olduqca böyük torpaq sahələrinə sahib çıxdığı bildirilir. Digər tərəfdən isə mənbələr iddia edirlər ki, bu torpaq “istilaları” Ağsu sakinlərinin bir çoxlarının pay torpaqlarından məhrum olmaları hesabına baş vermişdir. Açıqlamalara görə, Dünyamin Xəlilovun Ağsuda aldığı ərazilər əsasən keçmiş millət vəkilinə məxsus “Pərvanə” MMC şirkətinin adına qeydiyyata salınmışdır. Bu irimiqyaslı maxinasiyaların həyata keçirilməsində isə, Dünyamin Xəlilova 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkili, Mərkəzi Univermağın (MUM) rəhbəri Ərəstun Cavadovun köməklik göstərdiyi açıqlamalarda xüsusilə vurğulanır. Bildirilir ki, Ərəstun Cavadov artıq uzun müddətdir ki, adları bilinən və bilinməyən bir neçə şirkət və layihədə Dünyamin Xəlilovla ortaqlıq münasibətindədir. Lakin son hadisələrin fonunda “Globus Plaza”nın sahibi artıq Ərəstun Cavadov üçün arzuolunmaz bir tərəfdaşa çevrilmişdir. Digər tərəfdən isə, Ağsuda törədilmiş torpaq maxinasiyaları ilə bağlı açıqlamaların məhz indi mətbuata təqdim olunması, bəzi qüvvələrin Cavadov-Xəlilov tərəfdaşlığının məhz indi vurğulanmasında xüsusilə maraqlı olduqlarına dair şübhələr yaradır. Təbii ki, bunda məqsədlər də müxtəlif ola bilər. Ola bilsin ki, kimlərsə Ərəstun Cavadovu Dünyamin Xəlilovun ödəməli olacağı məbləğə şərik etməyə cəhd göstərsin. Digər tərəfdən isə, millət vəkilinin adının şübhəli qalmaqallarda hallandırılması, sadəcə olaraq onun nüfuzuna hesablanmış daha bir zərbə də ola bilər...