Başçının müflis etdiyi sahibkar girovluqda - Füzuli

19-06-2015, 15:53           
Başçının müflis etdiyi sahibkar girovluqda - Füzuli
Füzulinin icra başçısı Nəriman adlı sahibkara borcunu qaytarmır. Rayonun rəhbəri olan Alı Alıyev iş adamına hotel tikməyi tapşırdıqdan sonra onu müflis edib.

Jam.Az xəbər verir ki, tia.az bu barədə yazdıqdan sonra da iş adamı kredit ödəməkdə davam edir. Ona verilən söz yerinə yetirilməyib. Füzuli rayonu rəhbəri sahibkara hotelin açılışında ölkə rəhbərliyinin iştirak edəcəyini vəd edib.

Amma işğal olunmuş rayonda hotel açılmasının nə dərəcədə perspektivi olduğunu düşünmədən sahibkar bankdan kredit götürüb və tikintiyə başlayıb. Bir müddət sonra məlum olub ki, nə icra başçısından dəstək var, nə açılışda iştirak planı, nə də bu hotelə ehtiyac. Sahibkar intihar həddinə çatıb və kredit borclarını ödəyə bilmir. Onun bütün varidatının girov olma təhlükəsi var. İcra başçısı isə iş adamını çıxılmaz vəziyyətdə qoyub. Mənbə qeyd edir ki, A.Alyev sahibkarla görüşməkdən imtina edib. Ona ismarıc göndərib ki, başının çarəsinə baxsın. Nəriman isə bütün əmlakını satışa qoymaq məcburiyyətində qalıb. Onun gözlənilmədən borc-xərcə düşməsində isə birbaşa icra başçısını günahkar bilir.

Daxil olan məlumatda bildirilir ki, Füzulidə iş adamları, sahibkarlar A.Alıyevin zülmündən cana doyub. İcra başçısı onların üzərinə “haqq” qoyub və manatın devalvasiyasından sonra biznesmenlərin maliyyə imkanları ağırlaşıb. İcra başçısının müdaxilələri hər zaman olsa da bir müddət əvvələ qədər buna dözmək olurdu, amma indi təzyiqin və müdaxilənin artması rayonda gərgin vəziyyət yaradıb. Bir qrup sahibkar baş verənlərlə bağlı ölkə prezidenti İlham Əliyevi məlumatlandırmaq qərarına gəlib. Hansısa yolla bundan xəbər tutan icra başçısı isə müxtəlif üsullarla onları fikrindən yayındırmağa çalışır. Bəzilərini hədələyir, bəzilərinə şirin vədlər verir, amma artıq Alı Alıyevin bu variantları keçmir. Məlumat üçün bildirək ki, bu günlərdə Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəxtiyar Babayev ona olan müdaxilələr və birbaşa icra başçısının təzyiqləri haqda ölkə mətbuatına açıqlama verib.

Onun sözlərinə görə, icra başçısı Alı Alıyev sahibkarın 50 hektar qanuni torpağını başqasına satmaq fikrinə düşüb. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (komitə artıq ləğv olunub) Füzuli rayon şöbəsinin 03 fevral 2012-ci il tarixli 08/Rİ №-li rəyi və yerquruluşu planı nəzərə alınmaqla, Füzuli rayon İcra Hakimiyyəti başçısının 19 dekabr 2012-ci il tarixli 167 saylı sərəncamına əsasən vətəndaşa 15 illik müqavilə əsasında ayrılmış 50 hektarlıq torpaq sahəsinə qarşı yeni "plan " qurulub. İcra başçısı Alı Alıyev qanunsuz olaraq sahibkarı sıxışdırmağa başlayıb. Bu məkrli istəyinə nail olmaq istəyən icra başçısı Füzuli rayonunun polisi, Bələdiyyəsi və rayon Prokurorluğundan istifadə edərək sahibkar Bəxtiyar Babayevə hədə-qorxular gəlməkdən belə çəkinməyib. Qeyd edək ki, A.Alıyevdən ölkə rəhbərliyinə şikayətlər çoxalmaqdadır. Avropa Oyunları günlərində prezidentə qarşı təxribatçı siyasəti ilə sahibkarları dövlətin üstünə qaldıran icra başçısı bunun təhlükələrini hesablamır. Dövlət tərəfindən sahibkarlara diqqət və yardım olduğu halda icra başçıs Füzulidə iş adamlarına qan uddurur. Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.