Övladlarınızı bu fırıldaqçıların əlinə verməyin... - Mikayıl Cabbarovun müdaxiləsi zəruridir...
19-06-2015, 21:17
Ölkə rəhbərliyi tələbələrin xaricdə təhsil almasına xüsusi önəm verir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirakını təmin etmək məqsədilə prezident tərəfindən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" qəbul olunub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" isə istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.
Dövlət Proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisası istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF), (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunurlar. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Sirr deyil ki nazirliklə yanaşı, bəzi özəl şirkətlər də tələbələrin xaricdə təhsil almasını təşkil edirlər. Son illər bu sahədə fəaliyyət göstərən fırıldaqçı şirkətlərin sayı xeyli artıb. Bunu nəzərə alan Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımadığını açıqlayıb. Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmayan bəzi şirkətlər imtahansız-filansız, daha dəqiq desək təkcə attestatla tələbələrin xaricdə təhsil almasını həyata keçirirlər. Əvvəllər Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və digər Avropa ölkələri universitetlərinə daha çox qəbul aparılırdısa, indi üstünlük Ukrayna və Türkiyəyə məxsusdur. Sonrakı yerlərdə isə Gürcüstan və Rusiyanın ali məktəbləri dayanır. Hazırda xaricdə imtahansız təhsil təklif edən onlarla şirkət fəaliyyət göstərir ki, onlardan biri də "AKİ İnter" təhsil mərkəzidir. Məlumat üçün deyək ki, "AKİ İnter" 1998-ci ildən fəaliyyət göstərir. Mərkəzin yaradıcısı Azər Cəlilovdur. "AKİ" sözünün açması isə onun digər qardaşlarının adı ilə bağlıdır. Araşdırmalar göstərir ki, Azər Cəlilov Təhsil Nazirliyinə və ABŞ-ın ölkəmizdəki səfirliyinə Birləşmiş Ştatlarda ailədə yaşamağı təmin etmək şərti ilə bir, iki və ya daha çox illik müddət üzrə orta məktəb və ya universitetlərdə təhsil, ABŞ Mədəniyyəti və təhsil sisteminin inteqrasiyasına başlaması üçün tələbə mübadiləsinə start verilməsini təklif edib. Bu təklif Təhsil Nazirliyi tərəfindən müsbət qarşılanıb və bu proqram üzrə onun agentlik, təsisçi kimi fəaliyyətə başlamasına icazə verilib. Bu proqram "Youth For Understanding-Azerbaijan" adlandırılıb. Araşdırmalar nəticəsində məlum oldu ki, ABŞ, Böyük Britaniya, Almaniya, İsveç, İtaliya, Fransa, İspaniya, Hollandiya və Ukrayna kimi ölkələrdə təhsil təklif edən "AKİ İnter"in fəaliyyəti heç də reklam lövhələrində qeyd olunduğu kimi şəffaf deyil: "Şirkətin təklif etdiyi ölkələrdəki universitetlər, hətta fakültələr eyni olduğu halda, əlavə xərclər və təhsil haqları fərqlidir. Yəni şirkət qiymətləri öz maraqları çərçivəsində müəyyənləşdirib. Gənclər müxtəlif televiziya vasitələrindəki reklam çarxlarına aldanaraq "AKİ İnter"ə müraciət edirlər. Valideynlərin məsuliyyətsizliyi sonda onların aldanması ilə nəticələnir. Azərbaycanda qəbul imtahanlarından aşağı bal toplayan abituriyentlər bu şirkətin xətti ilə xaricdəki ali məktəblərə qəbul edilirlər. Təbii ki, böyük miqdarda pulların müqabilində. Bəzən "AKİ İnter" tərəfindən xaricdə təhsili təşkil edilən gənclərin valideynləri 30-40 min manat civarında xərc çəkməli olurlar. Bura uşaqların illik təhsil haqları və gündəlik xərcləri daxil deyil. Gənclərin tədris mərkəzinin qurbanına çevrilmələrinin əsas səbəbi diplomdur. Onlar alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla təhsil alıb geri qayıdanların diplomunu rəsmən tanımır. Əgər tələbə qanuni yolla imtahandan keçib xarici ölkə universitetinə qəbul olunubsa, onun diplomunun tanınması Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilir. Bunun üçün Dövlət Proqramı da var. Proqrama əsasən, ölkələr arasında saziş imzalanır. Amma "AKİ İnter" təhsil mərkəzinin rəhbərliyi işlərini qanunların tələb etdiyi formada qurmayıb". Düzdür, "AKİ İnter" fəaliyyətdə olduğu illər ərzində azərbaycanlı gənclərin xaricdə təhsil almaları istiqamətində bəzi uğurlara imza atıb. Lakin təcrübə göstərir ki, bu şirkətin fəaliyyətində müəyyən nöqsanlar da var. Məsələn, Şəki şəhər sakini Şərafət Abdurahmanova bir müddət əvvəl mətbuata üz tutaraq haqsızlıqla qarşılaşdığını bildirib: "Mən oğlum Abdurahmanlı Semral Arif oğlunun Ukraynada ali təhsil alması üçün 10 sentyabr 2012-ci il tarixində "AKİ İnter" təhsil mərkəzinin Bakı şəhərində yerləşən ofisinə müraciət etdim. Ofisin meneceri Tərlan Adıgözəlov bildirdi ki, 2500 manat ödəniş etməliyik. Mən də həmin məbləği ödədim. Bu ödənişə əsasən vəd olundu ki, oğlum orada müəyyən olunmuş şəxslər tərəfindən qarşılanacaq, lazımi yataqxana şəraiti ilə təmin olunacaq və seçdiyimiz ixtisas üzrə yerləşdiriləcək. Lakin məqam gəlib çatanda oğlum vəd olunanların heç biri ilə təmin olunmadı. Hətta seçdiyimiz ixtisas üzrə belə təyinat verilmədi. Bu cür məsuliyyətsizliklərin ucbatından məcbur olub oğlumu atasının yanına, Rusiya Federasiyasının Novosibirsk şəhərinə oxumağa göndərdim. Ofisə ödədiyim 2500 manat pulun yalnız 260 manatı Bakı-Kiyev reysi üçün xərcləndi. Qalan 2240 manat üçün dəfələrlə AKİ İnterin ofisinə müraciət edib pulu geri istədikdə isə, menecer Tərlan Adıgözəlov hər dəfə pulu qaytarmayacağını bildirir". Deyilənə görə, "AKİ İnter"də çoxsaylı qanun pozuntularına yol verən Cəlilov qardaşları bununla maliyyə vəziyyətlərini yüksək səviyyəyə çatdırıblar. Bizə çatan məlumatlara əsasən, mərkəzin rəhbəri Azər Cəlilovun qardaşı Kənan Cəlilovun Londonda və Bakıda mülkləri, bahalı avtomobilləri və daha nələri var. Gələn saylarımızda qardaşların bu qədər var-dövləti hansı yollarla əldə etməsinə, həmçinin vergi ilə bağlı yaranan müəmmalı duruma aydınlıq gətirməyə çalışacağıq.
«Gündəlik Bakı»