İmişlidə polis rəis müavini vətəndaşı şərlədi - RƏZALƏT
7-04-2017, 08:05

“Təxminən gecə saat 2 radələrində İmişli rayon polis rəisini I müavini İlqar Süleymanov üç nəfərlə birlikdə Kompleksə gəldilər. İlqar Süleymanov və onunla gələnlər sərxoş idilər. Onlardan biri oğlan, ikisi isə yüngül əxlaqlı qadınlar idi. Rəisin I müavini məndən həmin qadınlarla əylənmək üçün iki otaq istədi. Mən buna icazəm olmadığını dedim.”
Bir neçə gün öncə mətbuat İmişli şəhər Bül-bül prospekti ev 2-də yaşayan, 1996-cı il təvəllüdlü Məmmədzadə Fərid Adəm oğlunun müraciətini dərc etmişdi. F.Məmmədzadə müraciətində bildirirdi ki, o, İmişli rayon icra şöbəsində ictimai əsaslarla icra məmurunun köməkçisi vəzifəsində çalışır. “25.02.2017-ci il tarixdə işdən gec saatlarda, təxminən saat 11.00-da çıxdım. Tanışım Qazaxlı Saday Rafiq oğlu ilə birlikdə görüşüb, çayxanalarının birində çay içdikdən sonra evə gəlirdim. Bu zaman bir az aralıda saxlayan polis maşınından düşən polis əməkdaşları məni yanlarına çağırdılar. Onlara tərəf getmək istərkən qəflətən ayağım sürüşdü və yerə yıxıldım. Ayağa qalxıb üstümü təmizləyə - təmizləyə “məni xeyirli iş tapmaz” - deyərək polislərə yaxınlaşdım. Sözlərim onların xoşuna gəlmədi. Polis əməkdaşları məni İmişli rayon polis idarəsinə gətirdilər. Şöbədə polis tədqiqatçısı Nicat Vəliyev mənə kəmərimi çıxartmağımı və telefonu ona verməyimi tələb etdi. Mən haqsız saxlanıldığımla bağlı 102-yə zəng etmək istərkən, Nicat Vəliyev əlimdən vuraraq telefonumu yerə saldı. Bundan sonra haqqımda AR İXM-nin 510-cu maddəsi ilə cinayət işi açıldı.”
Bu gün zərəçəkmişlə telefon əlaqəsi saxlayan BakuNews.az-ın əməkdaşı hadisənin sonrakı mərhələsini öyrənmək üçün Fərid Məmmədzadədən müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik:
- 11 saat yarım polis idarəsində saxlanıldıqdan sonra hakim qarşısına çıxarıldım. İş üzrə şahid qismində çıxış edən polis nəfəri Həbibli Sahil Məhəmməd oğlu bildirdi ki, guya o xidmət apardığı zaman mən şəhərin H.Əliyev prospektində ucadan ünvansız söyüşlər söyürmüşəm. Hakim Ülvi Qənbərovun sədrliyi ilə keçən məhkəmə prosesində İmişli rayon polis idarəsinin əməkdaşının iddiası təmin edilmədiyi üçün mən məhkəmə zalından azad edildim. Lakin İmişli rayon polis idarəsi rayon məhkəməsinin qərarı ilə razılaşmayaraq məhkəmə qərarının ləğv edilməsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdi. Bu gün (06.04.2017-ci il - BakuNews.az) Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində də hakim bir daha günahsız olduğumu təsdiq etdi. Lakin rayon polisi hələ də məni rahat buraxmaq fikirində deyil”.
- Nədən rayon polisi səninlə bu qədər qərəzli davranır?
- Mən polis idarəsinə gətirilərkən günahsız həbs edildiyim üçün şikayət edəcəyimi deyərkən, tədqiqatçı Nicat Vəliyev mənimlə polisə yaraşmayan tərzdə “hara istəyirsən gedib təkbə-tək də danışa bilərik, o zaman sənin boğazını üzərəm” – deyə mənə hədə - qorxu gəlirdi. Mənə qarşı bu cür münasibətin əsas səbəbkarı isə İmişli rayon polis rəisinin I müavini İlqar Süleymanovdur.
- Niyə?
- 6-7 ay öncə İmişli rayon Olimpiya Kompleksində resepşn vəzifəsində işləyirdim. Bir gün təxminən gecə saat 2 radələrində İmişli rayon polis rəisini I müavini İlqar Süleymanov üç nəfərlə birlikdə Kompleksə gəldilər. İlqar Süleymanov və onunla gələnlər sərxoş idilər. Onlardan biri oğlan, ikisi isə yüngül əxlaqlı qadınlar idi. Rəisin I müavini məndən həmin qadınlarla əylənmək üçün iki otaq istədi. Mənim buna icazəm olmadığını dedim. Sərxoş vəziyyətdə olan İlqar Süleymanovun təzyiqlərindən sonra Kompleksin direktoru Telman Hüseynova zəng edib məsələ haqqında məlumat verdim. Direktor Kompleksin dövlət obyekti olduğunu bildirdi və mənə polis rəisinin I müavinini onunla gələn yüngül əxlaqlı qadınlarla birlikdə ərazidən uzaqlaşdırmağımı tapşırdı. Mən direktorun dediklərini olduğu kimi İlqar Süleymanova söylədim. O əsəbi şəkildə əlini stola çırparaq özünü söydü və dedi ki, məndə bu qisası qoymayacaq. Ən qısa zamanda məni həbs etdirəcək. Həmin hadisədən təxminən 6 ay sonra yuxarıda qeyd etdiyim hadisə ilə üzləşməli oldum.
Xatırladaq ki, Fərid Məmmədzadənin atası Adəm Məmmədov təqaüddə olan polis mayorudur. A.Məmmədov hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-ə və Prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.
P.S. Yaxın günlərdə Fərid Adəm oğlu Məmmədzadənin audio – müsahibəsini oxuculara təqdim edəcəyik.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.
BakuNews.az