Komitə sədrinin yaxın adamının adı uşaq oğurluğunda hallanır - FOTO
30-06-2017, 01:05

Dubayda yaşayan Qırğızıstan vətəndaşı Merim Beyşekeyevanın azyaşlı övladı Ceyla Bağırovanın Azərbaycan vətəndaşı olan atası Davud Bağırov tərəfindən qeyri-qanuni şəkildə Bakıya gətirilməsi və bununla bağlı aparılan məhkəmə prosesləri barədə sensasion faktlar üzə çıxıb.
BakuPost.az-a daxil olan məlumata, qırğız qadının keçmiş əri, azərbaycanlı Davud Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Uşaq problemləri şöbəsinin müdiri olan Cəmilə Bağırovanın qardaşıdır. D.Bağırovun uşağı ölkəyə oğurlayaraq gətirməsi, burada isə müəyyən hüquqi prosedurları öz xeyrinə həll etməsində məhz bu yaxın qohumluq əlaqəsinin böyük rolu olub.
Əvvəlcə o barədə məlumat verək ki, Merim Beyşekeyeva ilə Davud Bağırov 2011-ci ildə Dubay məhkəməsinin qərarı ilə boşanıblar. Ceyla isə 2012-ci il noyabrın 2-də ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanaların birində dünyaya gəlib. O, Amerika vətəndaşıdır.
Ancaq cütlüyün boşanmasından sonra uşağın valideynlərdən hansında qalması ilə bağlı mübahisə başlayıb. Dubay məhkəməsi Ceylanın anası Merimdə qalması barədə qərar çıxarıb.
Ancaq uşağın atası Davud maddi imkanları ilə yanaşı komitədə işləyən bacısı C.Bağırovanın səlahiyyətlərindən istifadə edərək, Ceylanı qanunsuz şəkildə Dubaydan Bakıya qaçırıb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hakim Nürəddin Bağırov Ceylanın atasında qalması ilə bağlı qərardad çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Yəni Dubay Məhkəməsinin qərarına məhəl qoyulmayıb.
Səbail Rayon Məhkəməsinin hakimi Nürəddin Bağırovun ötən ilin 28 aprel tarixində çıxardığı qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya məhkəməsinin 15 mart 2017-ci il tarixində çıxarılmış qərardadından kassasiya şikayəti verilib. Ali Məhkəmənin iclası 30 iyuna təyin edilib.