Naxçıvan diplomatiyası başsız qaldı: Oliqarx-məmurların vurulmasına kiçik torpaqdan start verildi

13-07-2017, 09:02           
Naxçıvan diplomatiyası başsız qaldı: Oliqarx-məmurların vurulmasına kiçik torpaqdan start verildi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəisi Əsgər İsmayılov bu gün rəsmən tutduğu vəzifədən azad edilib.

Ovqat.com-a bu məlumatı verən mənbənin bildirdiyinə görə, əslində Əsgər İsmayılovun “kitabı bir müddət əvvəl bağlanmışdı”. Sadəcə, Muxtar Respublika rəhbərliyi onun rəsmən işdən azad edilməsi üçün bir qədər gözləməli olub.

Səbəbinə gəlincə, bu, hüquqi zərurətlə əsaslandırılır; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi Prezident İlham Əliyevin 31 oktyabr 2005-ci il tarixlı fərmanıyla yaradılıb. İdarənin Əsasnaməsində onun rəhbərliyinin 2 mərhələdə müəyyənləşdirilməsi nəzərdə tutulur: qurumun rəhbəri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Göründüyü kimi, Əsasnamədəki bu müddəa Əsgər İsmayılovun birbaşa Muxtar Respublika rəhbərliyi tərəfindən işdən azad edilməsinə imkan vermirdi. Odur ki, Muxtar Respublika rəhbərliyi kadr dəyişkiliyi üçün bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etmişdi.

Saytımız bu barədə məlumatı təqdimat imzalanan gün əldə etmiş və faktı dəqiqləşdirmək üçün Azərbaycan XİN-ylə əlaqə saxlamağa çalışmışdı. Nə yazıq ki, həmin vaxt dəfələrlə nazirliyin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verilməmiş və biz də xəbəri bir tərəfli qaydada yaymalı olmuşduq. (Bu linkdə: http://ovqat.com/manset2/5127-naxcvann-xarici-siyast-idarsinin-rhbri-d-istefaya-gondrilir.html)

Bu gün aldığımız məlumatda isə Xarici İşlər naziri Elmar Məmmədyarovun artıq həmin sərəncama imza atdığı bildirilir. Qeyd edək ki, bu gün nazirin həm də yaslı günü idi. Onun qayınatası Bünyad Sərdarov dünyasını dəyişmiş, rəsmi səfərdə olan nazir dəfndə belə, iştirak edə bilməmişdi. Azərbaycana qayıtdıqdan sonra nazirin ilk addımı yasda iştirakdan əvvəl, Naxçıvan Muxtar Respublikasındakı idarə rəhbərinin işdən azad edlməsi barədə sənədi imzalamaq olub. Bu fakt iqtidarın məsələyə nə dərəcədə həssas yanaşdığını göstərir.

Sual oluna bilər: Əsgər İsmayılovun işdən azad edilməsi niyə bu qədər mühüm məsələ kimi qarşıda dayanırdı?

Mənbəmiz bunu bir neçə amillə izah edir: “Əvvəla, Əsgər İsmayılov yaxşı diplomatdan daha çox, yaxşı biznesmen idi. Maraqlıdır ki, onun bütün investisiyası Naxçıvan və ya Azərbaycanın başqa regionlarına yox, xarici dövlətlərə yatırılmışdı. Bu isə Muxtar Respublikanın faktiki xarici işlər naziri funksiyasını həyata keçirən bir məmurun öz ölkəsinin iqtisadi perspektivinə inanmamasından xəbər verirdi”.

Mənbəmizin bildirdiyinə görə, Əsgər İsmayılovun həm biznesmen, həm də baş diplomat olması beynəlxalq aləmdə də nə Naxçıvan, nə də Azərbaycan barədə yaxşı imic yaratmırdı: “Dünyadakı mövcud ənənəyə görə, dövlət orqanlarına rəhbərlik edən iri məmurun iqtisadi fəaliyyətlə məşğul olması xoş qarşılanmır. Bunun gələcəkdə monopoliya, haqsız rəqabət şəraiti yaradacağından ehtiyat edilir. Azərbaycanda monopoliyalarla ciddi mübarizə aparmağı tələb edən beynəlxalq qurumlar qarşısında ölkə rəhbərliyinin arqumentləri isə getdikcə tükənir. Bu isə ilk növbədə ölkəmizin beynəlxalq maliyyə qurumlardan ölkə iqtisadiyyatının dirçəlməsi üçün lazımi kreditlərin alınmasını əngəlləyir. Azərbaycan hakimiyyəti getdikcə böhrana sürükləndiyimiz indiki dövrdə konkret əməli addımlar atmalı idi. Di gəl ki, artıq ölkənin bütün iqtisadi rıçaqlarını əllərində tutan inhisarçı məmurların işdən uzaqlaşdırılması da asan deyil. Onların fəaliyyətinin məhdudlaşdırılması istər-istəməz arzuolunmaz proseslərə start verə bilər”.

Mənbəmizin fikrincə, sözügedən prosesin Naxçıvandan başlanması isə təsadüfi sayılmamalıdır: “Naxçıvan istər mənfi, istərsə də müsbət islahatların ilk aparıldığı yer kimi tanınır. İstənilən dəyişiklik ilk öncə ordan başlayaraq Azərbaycana yayılır. Bunun başlıca səbəbi isə bu diyarda baş verməsi ehtimal olunan xoşagəlməz hadisələrin asanlıqla neytrallaşdırılması imkanı ilə bağlıdır. Görünür, məhz bu səbəbdən ölkəmizin demokratikləşməsinin ilk addımı da kiçik torpaqdan başlanılır və vəzifədən uzaqlaşdırılan yeganə şəxs Əsgər İsmayılov da deyil”.

Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədovun da onunla eyni vaxtda işdən uzaqlaşdırılmasını məlum kadr islahatları çərçivəsində izah edən mənbəmizin bildirir: “Naxçıvanda istər Əhməd Əhmədov, istərsə də Əsgər İsmayılovun vurulmasından sonra onların rəhbərlik etdiyi idarələrdə ciddi kadr dəyişiklikləri gözlənilir. Hətta bu dəyişiklərin Daxili İşlər orqanlarında artıq getdiyi barədə məlumatlar var. Bildiyimə görə, nazirliyin aparıcı bir çox şəxsləri işdən uzaqlaşdırılıb və bəzilərinin fəaliyyəti ciddi şəkildə araşdırılır. Onlardan bir çoxlarının cinayət məsuliyyətinə cəlb olunacağı da istisna edilmir”.

Eyni prosesin yaxın günlərdə Əsgər İsmayılovun idarəsində də gedəcəyinə inanan mənbəmiz Naxçıvandan sonra oliqarx-nazirlərin vurulmasının Azərbaycana sıçrayacağını bildirir.

Əsgər İsmayılovun “kitabının çoxdan bağlandığı” barədə iddianı Naxçıvana son vaxtlar səfər edən xarici diplomatların Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən təkbaşına qarşılanması da təsdiqləyir. Təsadüfi deyil ki, bu zamana qədər xarici diplomatlarla aparılan söhbətlərə Əsgər İsmayılov mütləq qatılırdısa, ayın 6-da Naxçıvana səfər edən Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsu Vasif Talıbov tək qəbul edib. Bunu həm sözügedən, həm də indiyə qədərki görüşlərdən çəkilən foto-şəkillər də sübut edir. Şəkillər ən yaxşı sübut olduğundan keçirilən müxtəlif görüşlərdəki fərqi əyani surətdə sizlərə göstərmək qərarına gəldik. Buyurun, baxın, görün, şəkillər nə deyir?

İyulun 6-dakı son görüş:




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.