ARDNŞ-nin "Neftqaztikinti" trestində böyük talan özünün MMC-ləri varmış

24-07-2015, 12:39           
ARDNŞ-nin "Neftqaztikinti" trestində böyük talan özünün MMC-ləri varmış
"Neftqaztikinti" trestinin müdiri və təchizat üzrə müavini Rza Qibləliyev nisyə götürdükləri malların pulunu qaytarmırlar. Müəssisəyə ayrılan vəsaitlərin böyük hissəsi göyə sovrulur. Prezident İlham Əliyev bir neçə gün öncə Nazirlər Kabinetinin iclası zamanı bəzi məmurların fəaliyyətini sərt şəkildə tənqid etdi. Ölkə başçısı vergi ilə bağlı məsələlərə xüsusi toxunaraq bildirdi ki, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb: "Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur.

Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir". Prezidentin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətini tərifləməsi əbəs yerə deyildi. Çünki bu gün şirkətdə həqiqətən də, çox böyük işlər görülür və şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılır. Lakin Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən bəzi idarə və müəssisələrdə vəziyyət o qədər də ürəkaçan deyil. Məsələn, "Neftqaztikinti" trestində müxtəlif nöqsanlar mövcuddur. Trestin müdiri Mirkazım Abbasov, eləcə də trestin təchizat üzrə müdir müavini Rza Qibləliyevlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Mətləbə keçid almamışdan öncə qeyd etmək istəyirik ki, sözügedən trest Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış "Azərdənizneftinşaat" və 07 may 1979-cu ildə yaradılmış "Xəzərdənizneftqaztikinti" trestlərinin bazasında yaradılıb. Hazırda trest ölkəmizin bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı bir sıra xidmətləri yerinə yetirir.

Trest neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir.

Əldə etdiyimiz məlumatlara görə, trestin müdiri, habelə rəhbərlikdə təmsil olunan bəzi şəxslər Neft Şirkətinin prezidenti tərəfindən onlara tapşırılan işləri layiqincə yerinə yetirə bilmirlər: "Mirkazım Abbasovun, onun müavini Hənif Qurbanovun başı özlərinin MMC-lərinə qarışıb. Trestdə elan edilən tenderlərin əksəriyyətində müdirin və müavininin şirkətləri qalib gəlir. Həmin şirkətlərin vasitəsilə külli miqdarda büdcə vəsaiti göyə sovrulur. Neft Şirkətinin illik gəliri milyardlarla ölçülür. Buna baxmayaraq, "Neftqaztikinti" trestinin müdiri və təchizat işlərinə nəzarət edən Rza Qibləliyev özbaşına əməllərə imza atırlar. Belə ki, bu şəxslər indiyə qədər paytaxtda boya, motor yağları və digər avadanlıqların satışı ilə məşğul olan şəxslərdən külli miqdarda mal alıblar. Amma həmin malların pulunu indiyə qədər qaytarmırlar. Dövlət Neft Şirkətinin əsas trestlərindən birində bu cür özbaşınalıqların cərəyan etməsi ağlasığmazdır. Məgər, trestin büdcəsində pul yoxdur ki, Mirkazım Abbasov və Rza Qibləliyev nisyə mal alırlar? Cənab prezident bir neçə gün öncə Dövlət Neft Şirkətinin fəaliyyətini yüksək qiymətləndirdi. "Neftqaztikinti" trestində cərəyan edən xoşagəlməz hadisələr isə şirkətin cəmiyyətdəki nüfuzuna xələl gətirir.

Çox güman ki, şirkətin prezidenti Rövnəq Abdullayevin trest müdirinin törətdiyi qanunsuzluqlardan xəbəri yoxdur". Məlumatlı mənbə deyir ki, müxtəlif şəxslərdən nisyə mal alan Mirkazım Abbasov və Rza Qibləliyev həmin adamların pulunu qaytarmamaqla onları çox pis vəziyyətdə qoyub: "Trestə mal satan şəxslər nə edəcəklərini bilmirlər. Onlar da malları kimlərdənsə borc pul, yaxud banklardan kredit götürüb alıblar. İndi satdıqları malın pulunu ala bilmirlər". Başqa bir məlumatda isə "Neftqaztikinti" trestindəki qohumpərəstlikdən söhbət açılır: "Neftqaztikinti" trestinin iqtisadiyyat departamenti deyilən bir qurumu var, işçilərinin sayı az qala bütün idarələrdə çalışan fəhlələrin sayına bərabərdir və əksəriyyəti həmin departamentin rəisinin qohumlarından ibarətdir. Hələ bu yaxınlarda yeni şöbələrin yaradılması və idarələrdə işini itirmək ehtimalı olan qohumların həmin şöbələrdə yerləşdirilməsi nəzərdə tutulur. Trestdə rəhbər vəzifələri tutan şəxslər bura tabe olan idarə və departamentlərə ancaq öz adamlarını yerləşdiriblər. Adamı olmayan fəhlələr isə ixtisar adı altında işdən kənarlaşdırılır". Deyilənə görə, Mirkazım Abbasov müxtəlif qanundankənar işlərə imza ataraq özünə böyük sərvət toplayıb. Gələn saylarımızda trest müdirinin nəzarətindəki biznes obyektləri, bahalı mülkləri və həyətində saxladığı yüz minlik maşınlarla bağlı şok faktları açıqlayacağıq. Həmçinin trest müdirinin Neft Şirkətində kimin postuna göz dikməsindən də danışacağıq. Sonda ARDNŞ prezidenti hörmətli Rövnəq Abdullayevdən xahiş edirik ki, başqa-başqa şəxslərdən nisyə mal götürərək şirkətin adını biabır edən trest müdirinin barəsində tezliklə tədbir görsün. Əks halda, Mirkazım Abbasov və ətrafındakı insanlar dövlətin büdcəsinə hələ çox ziyan vuracaqlar.

Yazıda adı çəkilən bütün şəxslərin münasibət bildirmək hüququ var.

(Davamı mütləq olacaq) \Gundelik-Baku\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.