“Apteklərimizdə "qara camaat" üçün satılan ikinci dərəcəli DƏRMANLAR

24-07-2015, 21:37           
“Apteklərimizdə "qara camaat" üçün satılan ikinci dərəcəli DƏRMANLAR
Dünən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev kollegiya iclasında çıxış edərək, dərman preparatlarının qiymətinə yenidən baxılacağını dedi. Nazir də ölkə başçısının bir müddət əvvəl verdiyi göstərişləri xatırlayaraq, bu mühüm sosial məsələyə prezidentin xüsusi diqqət göstərdiyini bəyan etdi. Nazir vətəndaşları əmin edib ki, dərman vasitələrinin qiymətləri tənzimlənəcək. Həmçinin nazir deyib ki, keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək.

Hafta.az-ın əməkdaşı da bu məqsədlə aptekləri dolaşaraq hazırda bu dərman satış məntəqələrindəki dərman preparatların qiymətini öyrənməyə çalışıb.

İlk olaraq yolumuzu paytaxtın Badamdar qəsəbəsində yerləşən apteklərdən, iri dərman satış məntəqələrindən saldıq. Apteklərə daxil olub qiymətlərlə maraqlandıq. Farmakoloq Suada Adıgözəlova Hafta.az-a açıqlamasında bildirdi ki, son vaxtlar qiymətlərdə müəyyən qədər eniş müşahidə olunur:

“Biz özümüzdən qiymət qoymuruq. Dərmanları hansı ölkədən alırıqsa, 15–30 faiz arası qiymətlərin üstünə qoyulur. Bu dərmandan və onun maya dəyərindən asılı olur. İndi adətən mövsümi dərmanlar satılır. Ağrıkəsicilərin, zəhərlənməyə qarşı dərmanların alıcıları çoxluq təşkil edir. Bu da yayla əlaqədardır”.

Satıcı farmakoloqun sözlərinə görə, işlədiyi aptekdə dərmanların qiymətindəki eniş 30 faizə qədərdir:

“Əsasən başağrısı – “Stramon”, qarın ağrısı kimi dərmanlarda bu faizi müşahidə etmək olur. Həmin dərmanlar əsasən 15 qəpikdən satılır. Müəyyən idmançıların istifadə etdiyi preparatlar isə İtaliya və Çindən gətirildiyi üçün qiymətlərdə müəyyən qədər artım var. Məsələn, əvvəllər 35 manata satılan “S-Solaris” preparatı, həblər, “tabletkalar”ın qiymətləri indi 45–50 manat arasında dəyişir”.

Digər bir aptekdə isə satıcı işləyən Ceyhun Priyev isə vurğuladı ki, elə dərmanlar var ki, satıldığı ölkələrdə baha olmasına baxmayaraq, Azərbaycanda qat–qat aşağı qiymətə satılır:

“Məsələn, götürək elə “noşpa” ağrıkəsicilərini, Polşada, Çexiyada bu dərmanların qiyməti olduqca bahadır. Bizim pulla təxminən 50–60 manatdır. Amma ölkəmizdə bu dərmanlar çox ucuzdur. Onlar əsasən ikinci dərəcəli ölkələr üçün “noşpalarını” bu variantda hazırlayıb, satışa çıxarırlar. Bizə də buna görə ucuz başa gəlir”.

Aptek işçisi bunun səbəblərini də açıqladı:

“Həmin dərmanlara bizdə təlabat çoxdur. İnsanlarımızın isə buna maddi imkanı çatmayacaq. Ona görə də Qərbdəki həmin dərman şirkətləri onun tərkibini məhdudlaşdıraraq ikinci dərəcəli ölkələrə ucuz satırlar. Onların malı satılır. Amma düşünmək lazımdır ki, həmin dərmanlar da cana ziyan olduğu qədər həm də keyfiyyətli olmur”.

Yay mövsümü olduğu üçün optik apteklərə də baş çəkdik. Göz dərmanlarının, eləcə də satılan tibbi eynəklərin qiymətləri ilə maraqlandıq. Adının açıqlanmasını istəməyən satıcı bildirdi ki, hazırda Türkiyədən gətirilən eynəklər İtaliya və Çindən gətirilən eynəklərdən nisbətən ucuz satılır:

“Keyfiyyətli şüşələr olsa da, insanlar daha çox ucuz eynəklərə üstünlük verirlər. Eynəklərin və göz dərmanlarının qiymətlərində nisbətən ucuzlaşma var. Gündəlik alverimiz mövsüm olmasına baxmayaraq, olduqca aşağıdır. Demək olar ki, 100 manat gün ərzində alverimiz olur. Bu isə 2-3 eynəyin və ya 1–2 dərman preparatının satışı deməkdir”.

Satıcının alver qiymətinə baxanda da görmək olar ki, 100 manatlıq 1-2 dərman satışı o deməkdir ki, dərmanın biri 50 manata satılır. Bu isə Azərbaycan insanının büdcəsi üçün kifayət qədər baha qiymətlərdir. Elə eynəklər də həmçinin. Deməli, eynəklər də 30–35 manata başa gəlir.

Satıcı dedi ki, müxtəlif qiymətlərə gözlük şüşələri satılır:

“Qəliblər ucuz olur. Əsasən şüşələrin özləri baha satılır. Keyfiyyətinə görə on manatdan 50-100 manata qədər şüşələr mövcuddur. Burada şüşənin hansı firmaya məxsusluğu da əsas rol oynayır. Kasıblar üçün ayrı, varlılar üçün də başqa qiymətə şüşələr, eləcə də dərmanlarımız olur”.

İnanırıq ki, insanlarımız prezidentin bu məsələyə qarışmasında sonra Qərbin “qara camaat” üçün istehsal etdiyi dərmanlardan qurtaracaq. Eləcə də keyfiyyəti aşağı olan, mənşəyi məlum olmayan dərmanlar da Azərbaycan apteklərindən birdəfəlik götürüləcək.

Bundan əvvəl isə Tanrı heç kimin yönünü bu “yaşıl qapılara” salmasın deyirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.